RATİ ƏVƏZ ZEYNALLININ DƏRHAL AZAD OLUNMASINI VƏ REABİLİTASİYASINI TƏLƏB EDİR

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Azərbaycan hökumətini “Xural” qəzetinin baş redaktoru  Əvəz Zeynallıya qarşı qaldırılmış ittihamları ləğv etməyə və baş redaktoru dərhal azad etməyə çağırır. RATİ Əvəz Zeynallının dövlət səviyyəsində korrupsiya törətmiş bir şəxs olan Gülər Əhmədova tərəfindən qaldırılmış rüşvət ittihamları əsasında həbs olunmasından dərin narahatlıq hissi keçirir.

Keçmiş deputat Gülər Əhmədovanın Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevdən deputat seçilməsi müqabilində 1 milyon dollar rüşvət tələb etdiyi videonun ölkə mediasını zəbt etdiyi bir vaxtda Əvəz Zeynallı Əhmədovadan rüşvət tələb etməsi ittihamı ilə 12 il həbs cəzasına məhkum oluna bilər.
“Əvəz Zeynallının artıq bir ildir ki həbsdə saxlanılması Azərbaycan hakimiyyətinin mətbuat azadlığına açıq hörmətsizliyinin əlamətidir. Artıq biz hamımız bir nəfər kimi Əvəz Zeynallının azad olunmasına, onun tam reabilitasiyasına və ifadə azadlığına qarşı təzyiqlərə son qoyulmasına çalışmalıyıq” deyə RATİ sədri Emin Hüseynov bildirir.
RATİ gələn həftədən Əvəz Zeynallının azad olunmasını və onun tam reabilitasiyasını tələb edən imzatoplama kampaniyasına start verəcək. RATİ Azərbaycan hökumətini Əvəz Zeynallını dərhal azad etməyə, onu dəymiş maddi və mənəvi ziyana görə kompensasiya ilə təmin etməyə çağırır.
Əvəz Zeynallı  G.Əhmədovanın  şikayəti əsasında 2011-ci il oktyabrın 28-də Ə.Zeynallı  Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə həbs edilib. Əhmədova Zeynallının ondan rüşvət tələb etməsi barədə audio yazının olduğunu bildirsə də, belə bir maddi sübut təqsirləndirilən şəxsə hələ indiyə qədər təqdim olunmayıb. Əvəz Zeynallının həbs olunmasından bir ildən az vaxt keçdikdən sonra isə ittihamçı özü korrupsiya əməlinin əsas iştirakçısına çevrilir.
Yuxarıda adı çəkilən video ilə bağlı artıq Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq) maddəsi ilə cinayət işi başlayıb. G.Əhmədova isə hadisədən sonra YAP siyasi şurası üzvlüyündən kənarlaşdırılıb və onun özü deputat mandatından imtina etməsi barədə rəsmi qaydada Milli Məclisə müraciət edib. Onun müraciəti Mərkəzi Seçki Komissiyasına göndərilib. Oktyabrın 3-də Mərkəzi Seçki Komissiyası G.Əhmədovanın deputat mandatına xitam verib.
RATİ  Azərbaycan hökumətini bütün bunları nəzərə alaraq Əvəz Zeynallını dərhal azad etməyə və azad fikri boğmaq mövqeyindən geri çəkilməyə çağırır.  

Previous Post

ANAR MƏMMƏDOVUN “GÜNDƏM XƏBƏR”Ə QARŞI İDDİASI BAXIŞA TƏYİN EDİLDİ

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNDA SEÇKİLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.