RATİ Birləşmiş Millətlər Təşkilatını və Avropa Birliyini Malta və Azərbaycan hakimiyyətləri arasında korrupsiya əlaqələrindən yazan xanım jurnalistin qətli ilə bağlı müstəqil araşdırmaya başlamağa çağırır

October 18th, 2017

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) maltalı jurnalist Dafne Karuana Qalizianın sifarişli qətlini pisləyir və cinayətin effektiv şəkildə araşdırılmasında maraqlı olan bütün tərəfləri jurnalistin qətli ilə onun Malta və Azərbaycanın siyasi rəhbərlikləri arasındakı korrupsiya əlaqələrini ifşa etdiyi nəşrlər arasında əlaqənin ola biləcəyi ehtimalını diqqətlə nəzərdən keçirməyə çağırır.

RATİ Azərbaycanın korrupsioner siyasi elitasının çirkli pullarının Maltada yuyulması barədə xanım jurnalistin müəllifi olduğu araşdırmaların və korrupsiya əleyhinə nəşrlərin onun qətli üçün dolayı və birbaşa motivi ola biləcəyini hesab edir.

RATİ ölümündən iki həftə əvvəl polisə müraciət edib hüquq-mühafizə orqanlarını aldığı təhdidlər barədə xəbərdar edən jurnalistin həyatını qorumaq imkanını əldən verdiyi üçün Maltanın siyasi rəhbərliyini qınayır. Bu narahatlıq doğuran hal onu göstərir ki, tanınmış jurnalisti qoruya bilməmiş hakimiyyət onun qətlinin hansı şəraitdə baş verməsini də səhlənkar şəkildə araşdıracaq.

“Malta hakimiyyəti tərəfindən istintaqa ABŞ Federal Təhqiqat Bürosunun (FTB) agentlərinin və Hollandiyadan olan kriminalistlərin cəlb olunması hakimiyyətin bu işin sürətli və effektiv araşdırılmasında səmimi olmasını göstərmir. Əksinə, bu addım jurnalistin qətlində bəlkə də yüksək çinli nümayəndələrinin də rolu oynadığı Malta hökumətinə qarşı şübhələri azaltmaq məqsədilə beynəlxalq və yerli ictimaiyyətin gözünə kül üfürmək cəhdi ola bilər,” deyə RATİ-nin icraçı direktoru Emin Hüseynov bildirib.
“Sonuncu dəfə, FTB-nin partlayış üzrə mütəxəssisləri avtomobil partlayışı nəticəsində öldürülən jurnalist Pavel Şeremetin qətlinin araşdırılmasına Ukrayna hüquq-mühafizə orqanları tərəfindən cəlb edildiyi zaman, FTB-nin rolu yalnız partlayışın texniki ekspertizası ilə məhdudlaşmış və Amerika hüquq-mühafizə orqanının əməkdaşları cinayətin sifarişçilərinin və icraçılarının izinə düşməyə kömək edə biləcək cinayətin motivlərinin müəyyən edilməsinə mahiyyətcə əhəmiyyətli təsir göstərməmişdir. Hətta bütün dünyada söz azadlığına düşmən münasibəti ilə tanınan Azərbaycan hakimiyyəti belə tanınmış ictimai tənqidçi və jurnalist Elmar Hüseynovun 2005-ci ildəki böyük rezonans doğuran qətlindən sonra ən azı özünə qarşı yönələn şübhələri bir formada aradan qaldırmaq məqsədilə dərhal istintaqda yardım üçün FTB-ə və türk xüsusi xidmətlərinə müraciət etmişdi. İki aydan sonra Elmar Hüseynovun qətli ətrafındakı gərginlik azaldıqdan sonra ABŞ və Türkiyə xüsusi xidmət əməkdaşlarından ölkəni tərk etmək xahiş olunmuş və onların araşdırmalarının nəticələri ictimaiyyət üçün naməlum qalmışdı. Bir sözlə, xarici kəşfiyyat orqanlarının böyük rezonans doğuran cinayətlərin istintaqına natamam və qeyri-adekvat şəkildə olsa belə cəlb olunması hakimiyyətə qarşı şübhələri aradan qaldırmış və ona qarşı beynəlxalq və yerli tənqidləri azaltmışdı. Xarici mütəxəssislərin getməsindən sonra isə, milli istintaq orqanları adətən məqsədyönlü olaraq istintaqı çıxılmaz vəziyyətə gətirirlər, çünki korrupsioner hakimiyyətlər mahiyyətcə bu cür cinayətlərin həllində maraqlı olmurlar. Hakimiyyətin mütəşəkkil cinayətkarlıq üçün güc qaynağı olduğu ölkələrin acı təcrübəsini nəzərə alaraq, Maltanın hazırkı hakimiyyətinin Dafne Karuana Qalizianın qətlinin sifarişçilərini və icraçılarını tapacağına və cəzalandıracağına inanmaq çətindir,”
deyə Hüseynov fikrini tamamlayıb.

RATİ hesab edir ki, bu çirkin sifarişli qətlin zahiri əlamətləri yalnız təkcə tanınmış jurnalisti dayandırmaq deyil, həm də ölkə daxilində və onun hüdudlarından kənarda fəaliyyət göstərən və korrupsiyaya qarşı mübarizə aparan digər araşdırmaçı jurnalistləri qorxutmaq məqsədi güdən bu cinayətin nümayişkaranə xarakterindən xəbər verir.

RATİ Avropa Birliyini Dafne Karuana Qalizianın qətlini yaxından araşdırmağa və öz tamhüquqlu üzvü olan və yaxınlarda Avropa İttifaqı Şurasına sədrlik etmiş bir ölkənin yüksək səviyyədə korrupsiyanın və transmilli mütəşəkkil cinayətkarlığın tənqidçilərinin rahatlıqla və asan şəkildə hədəfə çevrildiyi bir cəzasızlıq poliqonuna çevrilməsinin qarşısını almağa çağırır.

RATİ Avropa Parlamentini öz səlahiyyətlərindən maksimum istifadə edərək Dafne Karuana Qalizianın qətlinin araşdırılmasına nəzarət etmək məqsədilə parlament mexanizmi yaratmağa və bütün Avropa Birliyi ölkələrini bu cinayətin araşdırılmasına yardım göstərməyə və digərlər şəxslərin gələcəkdə mümkün qurbana çevrilməsinin qarşısını almağa səsləyən sərt qətnamə qəbul etməyə çağırır.

RATİ həmçinin Avropa Birliyi ölkələrini qanunvericiliyi təkmilləşdirməyə və korrupsiya ilə mübarizə aparanlara qarşı cinayətlərin mahiyyətcə sifarişçisi olan transmilli oliqarx qruplarının çirkli pullarının yuyulması üçün Avropa Birliyinin iqtisadi infrastrukturdan, xüsusilə də bank və maliyyə sistemindən hər hansı formada istifadə imkanlarını qadağan etməyə çağırır.

Jurnalistin qətlinin onun Malta və Azərbaycan hakimiyyət nümayəndələrinin çirkli pulların yuyulması ilə əlaqəli olan qanunsuz əməlləri üzrə araşdırması ilə bağlı olduğunu və bu araşdırmanın Avropa Polis Təşkilatının (“Avropol”) səlahiyyət dairəsinə aid olduğunu nəzərə alaraq, RATİ “Avropol”u dərhal jurnalistin qətlinə və onun öz materiallarında barəsində yazdığı cinayət əməllərinə dair müstəqil araşdırmaya başlamağa çağırır.

RATİ Birləşmiş Millətlər Təşkilatının Baş Katibini və Təhlükəsizlik Şurasını Pakistanın keçmiş baş naziri Benazir Bhutto və Livanın keçmiş baş naziri Rafiq Haririnin qətlinin xüsusi müstəqil beynəlxalq komissiyalar tərəfindən araşdırıldığı oxşar işlərdə olduğu kimi Dafne Karuana Qalizianın qətlinin şəraitini araşdırmaq üçün müstəqil komissiya yaradılmasına təşəbbüs göstərməyə çağırır.

RATİ Azərbaycanın Baş Prokurorunu korrupsiyaya qarşı mübarizə aparan blogger Dafne Karuana Qalizianın öz nəşrlərində Azərbaycan nümayəndələrinin Maltada cinayətkar maraqlarının olmasını dəfələrlə qeyd etməsini nəzərə alaraq, bloggerin sifarişli qətli ilə bağlı Azərbaycan nümayəndələrinin malik ola biləcəyi hər hansı mümkün motivlərə dair istintaqın başlanmasına çağırır.

RATİ həmçinin beynəlxalq jurnalist ictimaiyyətini jurnalist Pavel Şeremetin qətli zamanı aparıldığı kimi Dafne Karuana Qalizianın da qətli ilə bağlı alternativ jurnalist araşdırmasının aparılmasına çağırır.