Azərbaycanın müstəqil mətbuatına qarşı təzyiqlər hakimiyyətin İnternet üzərində nəzarətinin gücləndirilməsi ilə müşayiət olunur

December 21st, 2017

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Azərbaycanın aparıcı onlayn tənqidçilərinə – tanınmış anti-korrupsiya bloggeri Mehman Hüseynova və Kanal13 internet televiziyasının rəhbəri Əziz Orucova qarşı çıxarılmış siyasi motivli hökmlərə görə Azərbaycan hakimiyyətini qınayır. Təşkilat Hüseynov və Orucovun dərhal azad edilməsini tələb edir.

2017-ci il mayın 2-dən siyasi motivli vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə həbsdə olan jurnalist Əziz Orucov 2017-ci il dekabrın 15-də altı il həbs cəzasına məhkum edilib. Eyni gündə Apelyasiya Məhkəməsi RATİ İdarə Heyətinin sədri Mehman Hüseynova qarşı birinci instansiya məhkəməsi tərəfindən 2017-ci il martın 3-də diffamasiya ittihamı ilə çıxarılmış iki il həbs cəzasını qüvvədə saxlayıb.

“Tənqidçi onlayn ictimaiyyətin iki ən parlaq nümayəndəsinə qarşı məhkəmələr tərəfindən eyni gündə çıxarılmış nümayişkaranə hökmlər xüsusilə 2018-ci il prezident seçkiləri ərəfəsində hakimiyyətin internet mühitinə təzyiqi artırmaq niyyətindən xəbər verir,” deyə RATİ-nin icraçı direktoru Emin Hüseynov bildirib. “Əvvəlki illərdə müstəqil televiziya və radio yayımını və müstəqil mətbuatı tamamilə sıradan çıxardıqdan sonra, Azərbaycan hakimiyyəti 2017-ci ildə internetdə fərqli düşüncənin məhvini və sıradan çıxarılmasını qərara alıb. Çünki ölkə daxilindəki və xaricindəki azsaylı müstəqil media və tənqidçi internet istifadəçiləri günbəgün intensivləşən repressiyaya baxmayaraq öz ifadə azadlığı hüquqlarını məhz internetdə müdafiə etməyə davam edirlər. Mehman Hüseynov və Əziz Orucovun həbsi yalnız “Sancaq Production” platformasının Facebook və Instagram-dakı fəaliyyətini və Youtube-da uğurla inkişaf edən Kanal13 internet kanalının fəaliyyətini zəiflətmək deyil, həm də Azərbaycanın çox milyonluq internet istifadəçisi auditoriyasını qorxutmaq məqsədi daşıyır,” deyə Hüseynov fikrini yekunlaşdırıb.

RATİ müxalifətin 7 və 28 oktyabr mitinqləri keçirilən zaman mitinqlərin Youtube, Facebook Periscope və Instagram vasitəsilə canlı yayımlanmasının qarşısını almaq məqsədilə paytaxt Bakının mitinq keçirilən ərazisində mobil və kabel internet xidmətlərinin ilk dəfə olaraq tamamilə dayandırılması hallarından narahatlıq keçirir. Son üç ayda Azərbaycan ərazisində internet sürətinin süni şəkildə azaldılması halları da sayca artıb. İnternetə giriş keyfiyyətinin pisləşməsinin aparıcı müxalif qüvvələrin fəallığının artması ilə üst-üstə düşməsi xüsusilə aşkar müşahidə olunub. Şəbəkənin bloklanmasının yeni və köhnə metodları ilə yanaşı, hakimiyyət məşhur Facebook səhifələrinin və Youtube kanallarının moderatorlarının həbsini davam etdirib. Buna nümunə kimi bu ayın əvvəlində saxlanılan onlayn müxalifət fəalı Namiq Sadıqlının inzibati həbsini göstərmək olar.

Hakimiyyət xaricdə yaşayan onlayn tənqidçiləri təqib edə bilmədiyi hallarda, onların yaxın qohumlarını hədəfə alıb. Buna nümunə kimi Youtube-un Azərbaycan seqmentində məşhur olan jurnalist Türkel Əlisoyun bacanağı Emin Şagiyevin bir ay əvvəl qondarma narkotik satışı ittihamı ilə həbsini göstərmək olar.

RATİ-nin müşahidələrinə əsasən, tənqidçi şəxslərə qarşı hücumlar yalnız ölkə daxilində deyil, onun hüdudlarından kənarda da genişlənib. Belə ki, 2017-ci ilin fevralında həbs edilmiş blogger Mehman Qələndərov aprel ayında həbsxanada naməlum şəraitdə vəfat edib. İlin əvvəlindən etibarən həm yerli, həm də beynəlxalq müstəqil KİV-lərin saytları məhkəmə hökmü olmadan bloklanıb, Azərbaycanda və ya məcburi mühacirətdə yaşayan onlarla onlayn media işçisi siyasi motivli və əsassız hüquqi təqiblərə məruz qalıb, müstəqil xəbər istehsal edən qurumların ofislərinin, habelə çəkiliş və onların saxlanması avadanlıqlarının müsadirəsi və bank hesablarının həbsi ilə bağlı yeni hallar qeydə alınıb, müstəqil xəbər saytlarına DDos hücumları və rejimin populyar tənqidçilərinin profillərinin icazəsiz ələ keçirilməsi halları davam edib, iki tərəfli şifrələməni dəstəkləyən populyar onlayn messencerlərin işi vaxtaşırı olaraq uzun müddətə məhdudlaşdırılıb, internet azadlığını tənzimləyən əhəmiyyətli məhdudlaşdırıcı qanunvericilik dəyişiklikləri qəbul olunub, texniki infrastrukturda təkmilləşdirilmələr hesabına istifadəçilərə və onlayn mühitə kütləvi gizli nəzarət davam etdirilib, əhalinin siyasi cəhətdən aktiv və etirazçı seqmentləri arasında qorxu və paranoya yaratmaq məqsədilə süni intellektdən istifadə olunması ilk dəfə açıq şəkildə müşahidə edilib, dezinformasiya və saxta xəbərlərin yayılması və hökumətin təbliğatının aparılması ilə məşğul olan muzdlu troll ordusu əhəmiyyətli dərəcədə genişlənib, onlayn mühit vasitəsilə tənqidçilərə edilən anonim və açıq təhdidlərin sayı artıb.

RATİ internetdə ifadə azadlığına qarşı korrupsioner avtoritar rejim tərəfindən həyata keçirilən basqıların fonunda, Microsoft Google və Facebook kimi qlobal informasiya texnologiyası (İT) nəhənglərinin Azərbaycanın İT infrastrukturuna investisiya qoymasını, öz regional serverlərini bu ölkədə yerləşdirməsini və həmin serverləri son benefisiarları yüksək səviyyəli korrupsioner məmurlar və ya onların yaxın qohumları olan data-mərkəzlərin bazasında qurmasını təəccüblə qarşılayır. Hər üç mobil operatorun və ən böyük data-mərkəzlərin prezidentin qohumlarına və yaxınlarına məxsus olduğu bir ölkədə yuxarıda qeyd edilən iki əsas provayderin birgə biznesinə başlamaqla, dünyanın İT nəhəngləri təkcə əsas insan hüquqlarını sistemli şəkildə pozan korrupsioner məmurların qeyri-qanuni varlanmasına dolayı töhfə vermir, həm də beynəlxalq anti-korrupsiya razılaşmalarını və öz qərargahlarının yerləşdiyi Qərb ölkələrinin qanunvericiliyini pozur.

Azərbaycanda onlayn azadlıqların davamlı şəkildə boğulmasını nəzərə alaraq, RATİ özəl investorları Azərbaycanın İKT sektorunda iştirakla bağlı planlarını yenidən nəzərdən keçirməyə çağırır. Təşkilat investorları, ilk addım olaraq, öz serverlərinin ölkənin ərazisində fiziki yerləşdirilməsindən çəkinməyə çağırır.

RATİ beynəlxalq maliyyə institutlarını da bu kimi yanaşmadan istifadə etməyə və Azərbaycanın hakim elitasına hər hansı bir şəkildə aidiyyəti olan İKT layihələrinə maliyyə dəstəyi verməməyə səsləyir.

RATİ BMT, ATƏT və Avropa Şurasının öz üzərinə onlayn azadlıqları qorumaq öhdəliyi götürmüş bütün üzv dövlətlərini Azərbaycan hakimiyyətinə maksimum təzyiq göstərməyə və alternativ səslərə edilən təzyiqlərə son qoyulmasını tələb etməyə çağırır. RATİ həmçinin Azərbaycan dövlət qurumlarına qarşı onların internet istifadəçilərinin hüquqlarını pozmaq və məhdudlaşdırmaq imkanı verən avadanlıq və proqram təminatları ilə təmin olunmasını qadağan edən məhdudlaşdırıcı sektoral sanksiyaların tətbiq edilməsinə çağırır.

RATİ YUNESKO-nu prezident İlham Əliyevin həyat yoldaşı olan və tənqidçilərinə qarşı hücumlara görə siyasi məsuliyyət daşıyan Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanı xoşməramlı səfir statusundan məhrum etməyə səsləyir.

RATİ demokratiya və insan hüquqlarının qorunmasına dair öz üzərinə öhdəlik götürmüş Qərb ölkələrinin hökumətlərini öz ərazilərinə Azərbaycanın repressiyada rolu olan korrupsioner məmurlarının daxil olmasının qadağan edilməsi və onların xarici aktivlərinin həbsi ilə bağlı fərdi sanksiyaları tətbiq etməyə başlamağa çağırır.

RATİ Azərbaycan hakimiyyətini onlayn mühitdə tənqidçilərin sıxışdırılması siyasətindən imtina etməyə və insan hüquqlarına riayət etməyə çağırır. RATİ hakimiyyəti jurnalistlər Əziz Orucov, Mehman Hüseynov, Əfqan Muxtarlı, Seymur Həzi, Nicat Əliyev, Araz Quliyev, Cavid Şirəliyev, Ziya Əsədli və Ərşad İbrahimov, bloggerlər Rəşad Ramazanov və İlkin Rüstəmzadə, yazıçı Saday Şəkərli, şair Tofiq Həsənov, qrafiti fəalları Bayram Məmmədov və Qiyas İbrahimov, habelə şəraitin məcburi girovuna çevrilmiş Emin Şagiyev daxil olmaqla, söz azadlığına qarşı basqıların bütün qanunsuz məhkum olunmuş qurbanlarını dərhal və qeyd-şərtsiz azad etməyə çağırır.

RATİ hakimiyyəti həmçinin faktiki olaraq Facebook və Youtube-da yayılmış və istər ekstremizm istərsə də zorakılığa və ya kütləvi iğtişaşlara çağırış cinayətinin tərkibini ehtiva etməyən siyasi müraciətlərinə görə uzunmüddətli həbs cəzalarına məhkum olunmuş müxalif siyasətçilər Fuad Qəhrəmanlı və Mövsüm Səmədova qarşı çıxarılmış sərt və əsassız hökmlərə yenidən baxmağa çağırır.