RATİ KİV-Ə DÖVLƏT DƏSTƏYİ KONSEPSİYASINI ƏLDƏ EDƏ BİLMİR

RATİ bu gün “KİV-ə dövlət dəstəyi konsepsiyası” sənədini əldə etmək və ictimaiyyətə çatdırmaq məqsədi ilə Mətbuat Şurasının sədri Əflatun Amaşovla əlaqə saxladı.

Ə.Amaşov RATİ-yə bildirdi ki, “sənəd MŞ tərəfindən bəyənilib. Hal-hazırda isə sənəd üzərində müəyyən dəyişikliklər edilir. Hazır olan kimi APA İnformasiya Agentliyinə təqdim olunacaq. Sənədlə maraqlanan şəxslər APA-nın saytında məlumat ala biləcəklər”. MŞ-nın katibi Rəhim Hüseynzadə isə bildirib ki, sənəd hazırdır və artıq Prezident Aparatına göndərilib. Katib də eyni zamanda sənədin yalnız APA vasitəsilə yayılacağını vurğulayıb.
Məsələ ilə bağlı mövqelərini öyrənmək üçün Media Hüquq İnstitutunun rəhbəri Rəşid Hacılı, “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev, “Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli, “Novaya Vremya” qəzetinin baş redaktoru Şakir Qabiloğlu, “Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədov, ”Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, ilə əlaqə saxladıq.
Rəşid Hacılı konsepsiyadan xəbərsiz olduğunu, müzakirələrdə iştirak  etmədiyini söyləyib.
Mehman Əliyev konsepsiyanın hazırlanmasında iştirak etdiyini nəzərimizə çatdırdı. Konsepsiyanın ictimayətin müzakirəsinə çıxarılıb-çıxarılmadığını soruşduqda Əliyev qeyd etdi ki, “fəaliyyət planı hazırlanarkən müzakirəyə çıxarılacaq. Çünki, yayım problemləri mövcuddur və bunların yoluna düşməsi üçün  təkliflər böyük rol oynaya bilər. Fəaliyyət planının müzakirəsində iqtisadiyyatçıların, hüquqşünasların da rolu vacibdir, ən əsası beynəlxalq təcrübə olmalıdır”.
Elçin Şıxlı qeyd etdi ki, “mən konsepsiyanın hazırlanmasında iştirak etmişəm və hesab edirəm ki, bunun müzakirəsində ictimaiyyətin heç bir marağı yoxdur. Lakin biz KİV-ə məlumat verəcəyik”.
Konsepsiyanın hazırlanmasında iştirak edənlərdən biri olan Yadigar Məmmədli qeyd etdi ki, “bu məsələ ötən ilin yayından Mətbuat Şurasının İdarə Heyətinin müzakirəsində olub. Və mən hesab edirəm ki, yalnız ciddi zərurət olduğu halda konsepsiya müzakirəyə çıxarıla bilər. Çünki, Heyətin üzvləri də cəmiyyətin bir nümayəndələridir və onların hamısı jurnalistika sahəsində təcrübəyə malik olan insanlardır. Bu məsələ ilə bağlı məlumatlar vaxt aşırı mətbuatda gedir və ictimaiyyət bundan xəbərdardır”.
Şakir Qabiloğlu isə bildirdi ki, mənim KİV-ə dövlət dəstəyi konsepsiyası ilə tanışlığım var, lakin hazırlanmasında iştirak etməmişəm.
Azər Əhmədov konsepsiya barədə yalnız qəzetlərdən xəbər tutduğunu bildirib. Və qeyd edib ki, ”sənədin hazırlanmasında iştirak etməmişəm”.
Rauf Arifoğlu konsepsiya hazırlığında iştirak etmədiyini  və bu  barədə yalnız şifahi xəbərinin olduğunu deyib.
    Qeyd edək ki, RATİ dəfələrlə Mətbuat Şurasına konsepsiyanın bizə verilməsi xahişi ilə müraciət etsə də,  sənədi əldə edə bilməmişik. Eyni zamanda jurnalistlərin hüquqlarının müdafiəsi ilə yaxından  məşğul olan Media Hüquq İnstitutu da bu sənəddən xəbərsizdir. RATİ bu sənədin ictimaiyyətin müzakirəsinə çıxarılmasını və bu sahədə fəaliyyət göstərən təşkilatların təkliflərinin nəzərə alınaraq, konsepsiyaya əlavə edilməsini zəruri hesab edir.

Previous Post

ELÇİN BEHBUDOV EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜB

Next Post

TELEVİZİYA PROQRAMLARININ ƏHATƏ FAİZLƏRİ AÇIQLANIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.