RATİ SƏDRİ EMİN HÜSEYNOV HƏLƏ DƏ REANİMASİYADADIR

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynovun səhəti nisbətən sabitləşib, sabah onun (17 iyun) reanimasiya şöbəsindən palataya köçürüləcəyi gözlənilir. Amma hələ də o, başından və boynundakı ağrılardan, başgicəllənməsindən və ürəkbulanmasından şikayət edir.

Bunu hazırda  Mərkəzləşdirilmiş  Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsində müalicə alan Emin Hüseynovun özü bildirib.
Xatırladaq ki, iyunun 14-də   “Alaturka” kafesində məşhur kubalı inqilabçı  Ce Gevaronun 80 illik yubileyi münasibətilə “Ce Gevaro fanatları kulubu”nun təşkil etdiyi tədbir polis tərəfindən dağıdılıb. Tədbirə qatılan gənclərdən təxminən 25 nəfər, habelə tədbirdə jurnalist kimi iştirak edən Emin Hüseynov RATİ-nin digər iki əməkdaşı – Rasim Əliyev və Mirrəhim Həsənov Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə aparılmışdılar.
Qeyd edək ki, Emin Hüseynov saxlanılan zaman ciddi polis təzyiqinə məruz qalıb. Jurnalistin qollarını buran polis nəfərləri onu söyüşlərlə təhqir etməklə bərabər həm də döyüblər. Emin Hüseynovun verdiyi məlumata görə, polis nəfərləri onun başının arxa hissəsindən, boynundan zərbələr endirməklə zorla avtomobilə mindiriblər və Polis Bölməsinə qədər  yol boyu da ona böyürlərindən yumruq zərbələri endiriblər.
Daha sonra isə Polis Bölməsində heç  bir ittiham təqdim edilmədən qanunsuz olaraq saxlanılanların, o cümlədən RATİ əməkdaşlarının şəkillərini çəkməyə və əl-barmaq izlərinin götürməyə başlayıblar. Buna  etiraz edən E. Hüseynov bu əməliyyata rəhbərlik edən mülki geyimli, gün eynəyi taxmış şəxsin əmri ilə Polis Bölməsinin rəis müavini, polis mayoru Azər Kərimzadənin kabinetinə aparılıb. Polis Bölməsində olan RATİ-nin digər əməkdaşı Rasim Əliyevin sözlərinə görə, həmin otaqdan möhkəm səs-küy, söyüşlər eşidilib. Hətta özünü təqdim etməyən mülki geyimli şəxs odlu silahı (tapança) çıxararaq stolun üstünə çırpa-çırpa “səni məhv edərəm sözləri ilə E. Hüseynovu hədələyib. Daha sonra isə o, biləyi ilə E. Hüseynovun boynunun arxasına  biri möhkəm olmaqla bir neçə zərbə endirib. 
Bundan bir neçə dəqiqə sonra otaqdan çıxarılan E. Hüseynov Polis Bölməsinin qarşısında həmkarların azad edilməsini gözləyən “Ayna” və “Zerkalo” qəzetlərinin müxbiri, habelə RATİ-nin həmtəsisçisi İdrak Abbasova özünə qarşı  fiziki və mənəvi təzyiqlərin edilməsi barədə telefonla zəng edərək məlumat verib. Səhətinin pisləşdiyini deyən E. Hüseynov təcili tibbi yardım çağırılmasını xahiş edib. Bundan sonra İ. Abbasov, habelə hadisə yerində olan hüquq müdafiəçisi Arzu Abdullayeva Polis Bölməsinin növbətçi hissəsinə yaxınlaşaraq təcili yardım çağırılmasını xahiş ediblər. Amma polis bunu etməyib, əvəzində vəziyyəti pis halda olan E. Hüseynov azadlığa buraxılıb. İ. Abbasovun verdiyi məlumata əsasən, zorla ayaq üstündə duran və ayaqlarını sürüdə-sürüdə Polis Bölməsindən çıxan  E. Hüseynov boyun nahiyəsindən və sinə nahiyəsindən şikayət edib. Bundan sonra o, huşunu itirib.
Daha sonra İ. Abbasovun çağırışı ilə hadisə yerinə gələn təcili tibbi yardım stansiyasının həkimləri E. Hüseynovu müayinə edərək “qapalı kəllə-beyin travması” diaqnozu ilə dərhal Mərkəzləşdirilmiş Təcili Tibbi Yardım Xəstəxanasına aparıblar.
Belə ki,  baş vermiş hadisə ilə bağlı  iyunun 15-də axşam saatlarında Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin müstəntiqi, polis kapitanı Yusif Abdinov xəstəxanada E. Hüseynovdan  Media Hüquqları İnstitutunu rəhbəri, vəkil Rəşid Hacılı və məhkəmə tibbi ekspertin iştirakı ilə izahat alıb.
R. hacılının RATİ-yə verdiyi məlumata görə, E. Hüseynova hadisə barədə suallar verilib və o da  baş verənləri ətraflı şəkildə izah edib. Artıq müstəntiqin E. Hüseynovun döyülmə faktı üzrə tədqiqata başlamasını müsbət hadisə hesab edən R. Hacılı istintaqın obyektiv aparılacağına ümid etdiyini bildirdi.
Amma 22-ci Polis Bölməsindən “Azadlıq” radiosuna  deyiblər ki, Emin Hüseynov özü-özünə xəsarət yetirib. Habelə həmin xəbərdə həkimlərə istinadən bildirilir ki, E. Hüseynov özünə gəlsə də, yemək və su qəbul edə bilmir. Səhhəti hələ də zəifdir.
Belə ki, polisin verdiyi bəyanatı E. Hüseynov cəfəngiyat hesab edib: “Bu deyiləni  polisin özünün qanunsuz əməlini ört-basdır etmə cəhdi kimi qiymətləndirirəm. Həm də bu polisə xas bir işdir. Məsələn “Gündəlik Azərbaycan” qəzetinin əməkdaşı Üzeyir Cəfərov döyüləndə də demişdilər ki, guya o özü öz başını yarıb”.
Sülh və Demokratiya İnstitutu (SDİ) isə baş vermiş hadisə ilə əlaqədar dünən bəyanatla çıxış edib. Bu barədə RATİ-yə məlumat verən SDİ rəhbəri Leyla Yunus baş vermiş hadisə ilə bağlı birbaşa  22 Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Mehdi Tərlanov və onun müavini  polis mayoru Azər Kərimzadənin məsuliyyət daşıdığını bəyan edib.
“İlk növbədə biz Emin Hüseynovu dəstəklədiyimizi bildirmək istəyirik. Eyni zamanda, hakimiyyəti xəbərdar edirik ki, seçkiyə bir neçə ay qalmış belə bir addım atmaq yaxşı hal deyil”. “Sərhədsiz Reportyorlar”» təşkilatının nümayəndəsi Elza Vidal «Azadlıq» radiosuna belə deyib.  O, bildirib ki, son vaxtlar Azərbaycanda jurnalistlərə qarşı ciddi təzyiqlər müşahidə edirlər: “Biz hakimiyyəti bu metodlardan əl çəkməyə və jurnalistlərlə daha sakit davranmağa çağırırıq”.
“Mən şənbə günü xəstəxanada Emin Hüseynova baş çəkdim. Onun vəziyyəti yaxşı deyildi”, – Amerikanın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Henik «Azadlıq» radiosuna belə deyib.
“Aldığımız məlumata görə, həmin tədbirdə qeyri-leqal bir şey olmayıb. Sadəcə tədbirdən şəkillər və video çəkilirmiş” -, deyə cənab Henik bildirib. Diplomat deyib ki, bu məsələni yaxından izləyəcəklər.
“Qənimət Zahidə Eminin döyülməsi çox pis təsir edib”.  Bunu  isə RATİ-yə “Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədov deyib. Onun verdiyi məlumata görə, yaxınları 17 saylı Cəzaçəkmə Müəssisəsində  cəza çəkən “Azadliq” qəzetinin baş redaktoru Qənimət Zahidlə (Zahidov) görüşüblər. Baş redaktor RATİ sədrinin döyülməsindən çox narahat olduğunu bildirib. 
Yeri gəlmişkən onu da yada salaq ki,  E. Hüseynov 2003-cü il oktyabrın 16-da  müxalifət qüvvələrinin prezident seçkilərinin nəticələrinə etiraz əlaməti olaraq “Azadlıq” meydanında keçirdikləri mitinqdən reportaj hazırlayarkən polis tərəfindən döyülüb. Aldığı travmanın nəticəsi olaraq 29 yaşlı E. Hüseynov hazırda 2-ci qrup əlildir.
Onu da qeyd edək ki, E. Hüseynovun döyülmə faktı ciddi narahatçılıq yaradıb. Bu səbəbdən  də jurnalistə baş çəkmək istəyənlərin sayı  da çoxdur. Amma xəstəxana administrasiyası jurnalisti ziyarətə gələn bir çox insani qapı arxasında saxlayır. Buna baxmayaraq iyunun 14-dən bu gün saat 17.30-a qədər jurnalistlə Norveçin Azərbaycandakı səfiri Yon Ramberq, ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqə şöbəsinin müdiri Conatan Henik və səfirliyin digər əməkdaşları, Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus, Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva,  fəaliyyəti dayandırılmış “Gündəlik Azərbaycan” qəzetinin şef redaktoru Şahvələd Çobanoğlu və redaksiyanın digər əməkdaşları,  Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli, Ombudsman Aparatı nümayəndələri və digərləri baş çəkiblər.

Previous Post

RATİ SƏDRİ EMİN HÜSEYNOV REANİMASİYAYA YERLƏŞDİRİLİB

Next Post

“AMNESTY İNTERNATİONAL”-İN TƏSİS ETDİYİ MÜKAFAT YƏMƏNLİ JURNALİSTƏ VERİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.