EMİN HÜSEYNOVUN İDDİASI TƏMİN EDİLMƏDİ

Bu gün (16 iyun) Nəsimi rayon Məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə keçirilən son prosesdə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynovun polis təzyiqinə məruz qalması ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN), Nəsimi rayon Polis İdarəsinə (RPİ) və Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə qarşı qaldırdığı iddia üzrə qətnamə elan olundu.

Məhkəmə prosesində iddiaçı E.Hüseynovun səlahiyyətli nümayəndəsi, Media Hüququ İnstitutunun vəkili Elçin Sadıqov, cavabdeh tərəfdən Nəsimi RPİ və Nəsimi RPİ-nin 22-ci Polis Bölməsinin vəkili Məzahir Şahbarov iştirak edirdi. DİN-in nümayəndəsi prosesdə iştirak etmirdi.
Hakim İ.Şirinov Emin Hüseynovun iddiasının təmin edilməməsi ilə qətnamə çıxarıldığını elan etdi.
Emin Hüseynov RATİ-yə bildirib ki, Nəsimi rayon Məhkəməsində hakim İkram Şirinovun çıxardığı qətnamədən apellyasiya şikayəti verəcək.
Xatırladaq ki, Emin Hüseynov 14 iyun 2008-ci il tarixdə “Alaturka” restoranında olan dinc toplantıya polis müdaxiləsinin, jurnalist fəaliyyətinə müdaxilənin, 22-ci polis bölməsində saxlanmasının, bölmədə fiziki və mənəvi təzyiqə məruz qalmasının və bu işlə bağlı səmərəli araşdırma aparılmamasının qanunsuz hesab edilməsi və səhhətinə dəymiş zərərə, həmçinin mənəvi sarsıntılara görə cavabdehlərin hər birindən 150.000 (bir yüz əlli min manat) AZN alınaraq ödənilməsi ilə bağlı iddia qaldırmışdı.
Qeyd edək ki, E.Hüseynov 14 iyun  2008-ci il tarixində “ Alaturka” restoranında “Çe Gevara Fanatları Klubu”- nun keçirdiyi tədbir dağıdılarkən, 22-ci Polis Bölməsində fiziki və mənəvi təzyiqlərə məruz qalıb. Polisin təzyiqi nəticəsində huşunu itirən Emin Hüseynov 20 gündən artıq xəstəxanada müalicə alıb və müalicəsini indi də davam etdirməkdədir.
Previous Post

HUMAN RIGHTS WATCH QHT QANUNU İLƏ BAĞLI AZƏRBAYCAN PREZİDENTİNƏ MƏKTUB ÜNVANLAYIB

Next Post

VƏTƏNDAŞ CƏMİYYƏTİNİN MÜDAFİƏ KOMİTƏSİ FORUM KEÇİRDİ

Leave a Reply

Your email address will not be published.

Start typing to see posts you are looking for.