RATİ ÖLKƏ BAŞÇISININ İNFORMASİYA AZADLIĞINI MƏHDUDLAŞDIRAN QANUN DƏYİŞİKLİKLƏRİNİ TƏSDİQLƏMƏSİNİ Q

Reportyorların Azadlıq və Təhlükəsizlik  İnstitutu (RATİ) 12 iyun 2012-ci il tarixdə Milli Məclis tərəfindən “İnformasiya əldə etmək haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Kommersiya sirri haqqında” qanunlara edilən dəyişikliklərin Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiqlənməsini və bu dəyişikliklərin qüvvəyə minməsini qətiyyətlə pisləyir. 

Bu addımı atmaqla hakimiyyət Azərbaycanda informasiya azadlığının faktiki  məhvinə və söz azadlığı durumuna kəskin pisləşməsinə  şərait yaradır. Bu dəyişikliklər həmçinin Azərbaycanda korrupsiyanın daha da geniş yayılmasına gətirib çıxardacaq.

 

           RATİ hesab edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında görə vətəndaşlarının hüquqlarının təminatçısı olan ölkə prezidentinin məlumat əldə etmək hüququnu məhdudlaşdıran qanun dəyişiklərini təsdiq etməsinin səbəbi hakim elitanın qeyri qanuni biznes barədə  məlumatları gizli saxlamaq istəyidir.

 

            RATİ bəyan edir ki, hökumət tərəfindən bu qanuna edilən dəyişikliklərlə Azərbaycanın qoşulduğu beynəlxalq sənədlər arasında ziddiyyət var. Halbuki Azərbaycan Respublikasının Konstitusiyasında göstərilib ki, yerli qanunvericiliklə beynəlxalq sənədlər arasında hər hansı ziddiyyət yaranarsa, beynəlxalq qanunvericilik tətbiq edilir. Bu dəyişiklik göstərir ki, hökumət nə Konstitusiyanın, nə də ki, beynəlxalq sənədlərin müddəalarını yerinə yetirmir. Yerli və beynəlxalq qanunvericilikdə informasiya əldə edilməsinin gizli məqamları göstərildiyi halda,  Azərbaycan hökuməti əsassız şəkildə bu məhdudlaşdırmanı artıran dəyişikliklər edir.  Yeni dəyişikliklərin ölkədə korrupsiya və mütəşəkkil cinayətkarlığın çiçəklənməsinə səbəb olacağı şübhəsizdir.

            RATİ bir daha bəyan edərək bildirir ki, qanunların bu şəkildə qəbul edilməsi söz azadlığını məhdudlaşdırmaq və KİV üzərində hakimiyyətin  nəzarətini daha da gücləndirmək niyyətini daşıyır. Bundan əvvəl vətəndaşlar çətinliklə və bürokratik süründürməçiliklə də olsa, (dəfələrlə göndərilən sorğu, məhkəmə çəkişmələri) kommersiya qurumlarının təsisçilərinin kim olduğu, ölkə üçün əhəmiyyətli olan layihələrin kimlər tərəfindən həyata keçirildiyi barədə məlumat ala bilirdi. Ancaq bu dəyişiklik nəticəsində  vətəndaşların ictimai nəzarət funksiyasını həyata keçirmələri çətin olacaq, rüşvət və korrupsiya  halları barədə ictimaiyyət məlumatsız qalacaq.  

            RATİ Azərbaycan hökumətini bu mürtəce dəyişiklikliləri aradan qaldırmağa, İnformasiya azadlığını tənzimləyən qanunvericiliyi daha liberal və açıq etməyə çağırır.

            RATİ həmçinin Azərbaycanın üzv olduğu beynəlxalq qurumlara, xüsusilə  BMT, Avropa Şurası və ATƏT rəhbərliyinə müraciət edərək onları Azərbaycanda İnformasiya azadlığı sahəsində yaranmış kritik duruma münasibət bildirməyə və bu sahədə nöqsanların aradan qaldırılması üçün Azərbaycan iqtidarına  zəruri  çağırışlar etməyə çağırır.

 

 

 

Previous Post

İCTİMAİ PALATA SİYASİ MƏHBUS PROBLEMİNİ MÜZAKİRƏ EDİB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.