RATİ NAXÇIVAN MUXTAR RESPUBLİKAYA DAİR HESABAT AÇIQLAYIB

Dekabrın 3-də Park İnn otelində Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu  Naxçıvan Muxtar Respublikasında həyata keçirdiyi  “İnsan Haqları və Mətbuatın Monitorinqi” layihəsinin ilk 3 ayına, habelə mediada siyasilərin işıqlandırılmasına  (01 sentyabr- 01 dekabr) dair   hesabatını təqdim edib.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Emin Hüseynov  çıxışında bildirdi ki, hesabatlar RATİ əməkdaşlarının Muxtar Respublikada apardıqları  monitorinq və araşdırmalar  nəticəsində hazırlanılıb.  Emin Hüseynov Naxçıvanda söz və ifadə azadlığının, habelə siyasi azadlıqların daha məhdud olduğunu bildirərək beynəlxalq və yerli hüquq müdafiə təşkilatlarını Muxtar Respublikaya daha çox diqqət ayırmağa çağırdı. Hüseynov onu da qeyd etdi ki,  Naxçıvana getmək istəyən şəxslərin  ezamiyyət  xərcləri RATİ tərəfindən qarşılanacaq. O yaxın gələcəkdə Naxçıvana jurnalistlərin, hüquq müdafiəçiləri və digərlərinin iştirakı ilə  geniş tərkibdə səfərin də planlaşdırıldığını bildirdi.

 “Naxçıvanda son parlament seçkiləri ərəfəsi, ondan əvvəl və sonrakı dövrdə də gərginlik davam edib. İnsanlar qorxu altında yaşayır, onların Muxtar Respublikada heç bir hüquq və azadlıq təmin edilmir”. Bunu isə RATİ- nin Naxçıvandakı bölgə müxbiri Elman Abbasov  çıxışında bildirdi.

 “Naxçıvanda yalnız insanların siyasi hüquqları deyil, mülki hüquqları da kobud şəkildə tapdalanır. Əhaliyə məxsus pay torpaqlar, onların mülkləri zorla əllərindən alınır". Bunu isə RATİ- nin Naxçıvandakı bölgə müxbiri Həkimeldostu Mehdiyev tədbirdəki çıxışında bildirib.

Naxçıvan İnsan Hüquqları və Demokratiya İnkişafı Mərkəzinin rəhbəri, habelə “Turan” İnformasiya Agentliyinin Muxtar Respublikadakı müxbiri Məlahət Nəsibova da bölgədəki ağır vəziyyətdən söz açdı. Nəsibova  Muxtar Respublikaya KİV-lərin, QHT-lərin, habelə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməklə insan haqlarının qorunmasında əhəmiyyətli addımların atılmağını mümkün hesab etdi.

Tədbirə qatılan 2 saylı Şərur Seçki Dairəsindən “AXCP-Müsavat” seçki blokunun namizədi olmuş Səxavət Əliyev isə Muxtar Respublikada noyabrın 7-də keçirilən seçkilərin ifrat saxtakarlıqla müşahidə edildiyini bildirdi. Habelə o, seçki saxtakarlığına etiraz edən qardaşı Sabit Əliyevin məhkəmə hökmü olmadan 7 gün polis şöbəsində saxlanıldığını bildirdi.

Habelə tədbirdə Naxçıvandakı vəziyyətlə bağlı hüquq müdafiəçisi Ələkbər Məmmədov, jurnalistlər – İlqar Nəsibov və İdrak Abbasov çıxış ediblər.

Tədbirin ikinci hissəsində  isə RATİ-nin əməkdaşı Rəsul Cəfərov seçkilər dövründə Muxtar Respublikada parlament seçkiləri dövründə aparılmış media monitorinqinə dair hesabatı təqdim etdi. Cəfərov Muxtar Respublikada yayımlanan “Naxçıvan” TV-də  əsasən prezident və hakim Yeni Azərbaycan Partiyasının sədri olan İlham Əliyevin və Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbovun pozitiv nümayiş etdirildiyini, müxalifətin isə yalnız qeydiyyatdan keçən namizədlərinə 10 dəqiqə canlı olmayan efir vaxtının ayrıldığını bildirib.

Previous Post

AVROPA ŞURASI NAZİRLƏR KOMİTƏSİ EYNULLA FƏTULLAYEVLƏ BAĞLI QƏRAR QƏBUL EDİB

Next Post

KEÇMİŞ NAMİZƏDƏ QARŞI 3 NƏFƏR XÜSUSİ İTTİHAM QAYDASINDA İDDİA İRƏLİ SÜRÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.