RATİ NÜMAYƏNDƏLƏRİ BEYNƏLXALQ GÖRÜŞLƏRDƏ İŞTİRAK EDİBLƏR

yanvar 31st, 2011
Reportyorların  Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynov və təşkilatın nümayəndəsi Rəsul Cəfərov yanvarın 24-dən 28-ə kimi bir neçə beynəlxalq tədbirdə iştirak ediblər. Təşkilat nümayəndələri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasına və UNESCO tərəfindən təşkil edilən 2 tədbirə – İfadə azadlığı üzrə Beynəlxalq Simpozium və “Avropada jurnalistika etikası və özünü tənzimləmə: yeni media, köhnə dilemmalar” adlı beynəlxalq konfransa qatılıblar.

RATİ nümayəndələri AŞPA-nın qış sessiyası zamanı Azərbaycan üzrə həmməruzəçilər Pedro Aqramunt və Jozef Debono Qrex, Avropa Şurasının İnsan Haqları üzrə Komissarı Tomas Hammerberqlə fərdi görüşlər keçirib, Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi Kristofer  Ştrasser və Norveç İnsan Haqları Evi tərəfindən təşkil edilən tədbirdə iştirak ediblər.

UNESCO-nun təşkil etdiyi tədbirlər çərçivəsində isə Hüseynov və Cəfərov BMT-nin fikir və ifadə azadlığı üzrə xüsusi məruzəçisi Frank La Rue, ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç, eyni zamanda bir sıra jurnalist təşkilatlarının nümayəndələri ilə görüşlər keçirmişlər.

Hər iki tədbir çərçivəsində hüquq müdafiəçiləri Azərbaycanda insan haqlarının ümumi vəziyyətini müzakirə ediblər, ölkədə keçirilən son seçkilər zamanı baş vermiş pozuntular, söz və ifadə azadlığı ilə bağlı problemlər, xüsusilə Eynulla Fətullayevin həbsdə saxlanması, informasiya üzrə Ombudsman səlahiyyətlərinin insan haqları üzrə Ombudsmana verilməsi və s. görüş iştirakçılarının diqqətinə çatdırıblar.