HƏBSDƏ OLAN JURNALİST FƏRƏMƏZ ALLAHVERDİYEVİN VƏZİYYƏTİ KƏSKİN PİSLƏŞİB

Dekabrın 3-ü Media Mərkəzdə keçirilən mətbuat konfransında jurnalistin həyat yoldaşı Tahirə Allahverdiyeva bildirib ki, Fərəməz Allahverdiyevin (Fərəməzoğlu) bağırsaq problemi kəskinləşib, tez-tez arterial təzyiqi enir və güclü miqrendən əziyyət çəkir.

Onun sözlərinə görə, ailənin maddi durumu o qədər pisdir ki, onun yanına gedə, yardım apara bilmirlər. Bakıda kirayə etdikləri evin pulunu 6 aydır ki, verə bilmirlər. T.Allahverdiyeva əvvəllər mağazada çalışıb, lakin iki ay öncə işdən çıxarıblar və hazırda heç yerdə işləmir. Himayəsində iki uşaq var, biri məktəbli, o biri tələbədir.

Əslində F.Allahverdiyevin həbsi və mühakimə olunması siyasi motivlidir. Onun qardaşı Qurban Allahverdiyev belə hesab edir. Ona qarşı irəli sürülən ittihamların hamısı uydurmadır.  Bu ilin əvvəlində F.Allahverdiyev iki araşdırıcı məqalə yazıb və sosial şəbəkələrdə yerləşdirib. Birinci məqalə Azərbaycandan İtaliyaya gedən neftdən daxil olan gəlirlər, ikinci isə Rusiyadan Azərbaycana gətirilən mum şamlar barədə olub. O, öz materiallarında göstərib ki, bütün “izlər” prezidentin həyat yoldaşının ailəsinə gedir. Qardaşının fikrincə, Fərəməzin həbsinin əsl səbəbi də budur.
Xatırladaq ki,   məhkəmənin hökmü ilə  F.Novrozoğlu  Cinayət Məcəlləsinin 220.2-ci (Kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə – güya F.Novrozoğlu gənclərin 2011-ci ildə təşkil etdikləri “11 mart böyük xalq günü” aksiyasi ərəfəsində facebook sosial şəbəkəsində Elçin İlqaroğlu təxəllüsü ilə xalqı kütləvi iğtişaşa dəvət edib, özünü isə aksiya zamanı yandıracağını bildirib) və 318.1-ci (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə – güya F.Novrozoğlu 2010-cu ilin noyabrından  2011-ci ilin oktyabr ayına qədər qanunsuz olaraq Azərbaycan Türkiyə sərhədini keçib və orada qanunsuz yaşayıb) maddələri ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edildi.  Habelə üzərinə Nərimanov rayon Məhkəməsinin 2010-cu il 5 noyabr tarixli qərarı ilə  1350 manat məbləğində çıxarılmış cərimə
qərarının icrası, son məhkəmə prosesi ilə bağlı çəkilmiş 70 manatlıq ekspertiza xərclərinin ödənilməsi öhdəliyi də qoyulub. Məhkəmənin hökmü ilə F.Novrozoglu cəzasını ciddi rejimli həbsxanada çəkməli olacaq.
 Noyabrda F.Allahverdiyevin  apellyasiya şikayətinə baxılıb və məhkəmə çəkişməsindən imtina edilib. O, Apellyasiya Məhkəməsinin bu qərarından kassasiya şikayəti verib və bir ay ərzində bu şikayətə baxılmalıdır.

Previous Post

HÜQUQ MÜDAFİƏÇİSİNDƏN 100 MİN MANAT TƏLƏB EDİLİR

Next Post

DALĞA MÜXALİFƏT MƏTBUATINA DƏSTƏK AKSİYASI KEÇİRDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.