MÜŞFİQ HÜSEYNOVUN MƏHKƏMƏDƏ SON ÇIXIŞI

Artıq 6 aydır ki, qanunsuz olaraq həbsdə saxlanılıram və bu müddət ərzində MTN, Baş Prokurorluq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birtərəfli qaydada mənim əleyhimə şər və böhtan kampaniyası aparıblar.

Amma, nəhayət, divar qurtardı və tuta biləcəkləri bir yer qalmadı. Bu məhkəmə prosesində həqiqətlər tam da olmasa qismən ortaya çıxdı və mən öz son sözümdə həqiqətləri tam çılpaqlığı ilə bir daha diqqətinizə çatdıracağam.
Həbsimdən dərhal sonra  MTN və Baş Prokurorluq birgə məlumat yayaraq bəyan ediblər ki, guya mənim istifadə etdiyim kompüterdən  ƏƏSMN-nin  vəzifəli şəxsləri barədə rüsvayedici materiallar aşkarlanıb. Sonradan istintaq çərçivəsində kompüterin yaddaşı axtarılıb, axtarışla bağlı protokol tərtib olunub və bu  protokol istintaq materiallarına əlavə  edilib. Protokoldan sitat gətirirəm: “Müşfiq Hüseynova məxsus kompüterlərdən istintaq üçün əhəmiyyət daşıyan  heç nə tapılmadı”.  Bəlkə də hüquq-mühafizə orqanlarının bu biabırçı hərəkətinə əlavə şərh verməyə ehtiyac yoxdur. Bununla belə, bu şər kampaniyasının arxasında dayanan çirkin niyyətin üstünü açmaq lazımdır. Belə ki, həsimdən dərhal sonra MTN və Baş Prokurorluq aydın şəkildə görürdü ki, mənim hərəkətlərimdə heç bir cinayət tərkibi yoxdur və tez-gec bu biabırçı əməliyyatın təfərrüatları ictimaiyyət qarşısında açılacaq. Ona görə də hakimiyyət vəziyyətdən qısa müddət üçün olsa da belə, istifadə etmək qərarına gəlib. Çünki həmin vaxt, yəni ötən il iyul ayının sonlarında həbsdə olan jurnalistlərin azad edilməsi tələbi sərt şəkildə ortada dayanmışdı. Belə olan halda MTN və Baş Prokurorluq zərrə qədər məsuliyyət hiss etmədən, sonrasını düşünmədən və utanmadan mənə şər ataraq iddia ediblər ki, guya kompüterlərimdən “rüsvayedici materiallar” aşkarlanıb. Bununla rəy yaratmaq istəyiblər ki, güya mən bu materiallarla Rizvan Əliyevi şantaj etmişəm. Əgər həqiqətən də “rüşvət almaq” kimi bir cinayəti törətmişdimsə, nəyə görə haqqımda yalan məlumat yayırdılar?  Sadəcə olaraq törətdiyim iddia edilən cinayəti olduğu kimi təqdim etmək olmazdımı? Deməli, ictimaiyyətə təqdim etmək üçün əllərində “sərfəli həqiqət” olmadığına görə, yalan məlumat yayıblar və sonradan bunun yalan olduğunu protokollaşdırmaq zorunda qalıblar.
Əslində nə baş verib? Mən mart ayında bir dəfə, aprel ayında yenidən bir dəfə ƏƏSMN-nin fəaliyyətini tənqid edən məqalələr yazmışam. İkinci yazıdan sonra nazirliyin mətbuat katibi Elnur Kələntərli mənə zəng  edib görüşmək istədiyini deyib. Biz redaksiyanın yaxınlığında, daha dəqiq desək, Konstitusiya Məhkəməsinin qarşısında görüşmüşük. Əvvəlcə Elnur Kələntərli mənə bildirdi ki, gərək mən yazılardan əvvəl onlara müraciət edib mövqelərini öyrənəydim. Mən onun iradını qəbul etdim və hətta bunun bizim üçün maraqlı olduğunu dedim. Sonra Elnur Kələntərli cibindən bir dəstə pul çıxarıb öz maşınında oturacaqların arasına qoydu və dedi: “Mən səninlə Aparat rəhbəri Rizvan Əliyevin adından danışıram. Nazirlikdən sənə informasiya verən  adamın adını  de  pulu götür, çıx get. Mən ona dedim ki, əvvəla, mən informasiyaların nazirlikdəki mənbəyini bilmirəm, məlumatları mənə sizin üçün maraqlı olmayan sadə bir adam verir, ikincisi, sən özün də jurnalistsən və mənbəni satan jurnalistlərin hansı ada layiq olduqlarını yaxşı bilirsən. Bundan sonra Elnur məni başa düşdüyünü dedi və sonda yenidən xahiş etdi ki, tənqidi informasiyalar olarsa, onların mövqeyini öyrənim. Maraqlıdır ki, Elnur istintaq  materiallarına əlavə edilmiş ifadəsində göstərib ki, guya onunla görüşməyi mən xahiş etmişəm, guya nazirliyin yanında görüşmüşük və guya mən ondan yazıları dayandırmaq üçün pul istəmişəm. Amma Elnur  məhkəmədə verdiyi ifadəsində  gözlənilmədən etiraf etdi ki, o özü mənə zəng edib, yazılarla bağlı onların mövqeyini öyrənməyimi  xahiş edib. O həmçinin mənim vəkillərimin 2 dəfə  təkrarən  suallarına cavab olaraq bildirdi ki, “Müşfiq Hüseynov heç vaxt məndən pul tələb etməyib”. O həmçinin vəkilimin sualına cavab olaraq təsdiqlədi ki, mənbənin kimliyini məndən o özü soruşub, amma bunu, sadəcə, öz marağı ilə izah etdi. Məhz həmin vaxtdan başlayaraq mənbənin kimliyini öyrənmək üçün mənə qarşı aramsız  təzyiqlər başladı. Elnurla ilk görüşümüzdən sonra tanımadığım bir şəxs mənə  zəng edib informasiyaların mənbəyini soruşdu, məndən istədiyim məbləği səsləndirməyimi istədi, mən onunla bu mövzuda heç nə danışmaq istəmədiyimi dedikdə, xəbərdarlıq etdi ki, axırı yaxşı qurtarmayacaq. Buna görə də mən Elnurla görüşüb bu hadisəyə aydınlıq gətirmək istədim. Elnur and içərək dedi ki, bu hədə-qorxudan onun xəbəri yoxdur və istəsəydi, sadəcə olaraq yenidən mənimlə görüşüb danışa bilərdi. Mən onun bu arqumentini əsaslı hesab etdim, amma ona dedim ki, bu zənglə bağlı qəzetimizdə məlumat verəcəyəm. Elnur isə xahiş etdi ki,  məsələnin üstündən keçim və dedi ki, yəqin kimsə ara qarışdırmaq istəyir. Sonda o xahiş etdi ki, yazılara mövqe bildirmək üçün onun özünü tapa bilməsəm, Rizvan Əliyevə müraciət edim. Sonradan bildim ki, o Amerikaya səfərə hazılaşdığına görə məndən belə bir xahiş edib.
Bir müddət sonra nazirliyin fəaliyyti ilə bağlı tənqidi məqalə hazırlanarkən mən iyunun 11-də yolüstü naziriyin binasına daxil oldum və Elnur Kələntərlinin yerini soruşdum. Bir nəfər dedi ki, Elnur “komandirovka”dadır. Belə olan halda, mən növbətçi polis işçisinə yaxınlaşıb özümü təqdim etdim və Rizvan Əliyevlə görüşmək istədiyimi dedim. Polis işçisi telefonla danışandan sonra  lifti göstərdi və 8-ci mərtəbəyə qalxmağımı  istədi. Qalxdım və Rizvan Əliyevin köməkçisi ona məlumat verəndən sonra məni otağa dəvət etdi. Mən Elnur Kələntərlinin yazılara mövqe bildirmək üçün ona müraciət etməyimi xahiş etdiyini ona bildirdim. Tənqidi informasiyanı ona təqdim etdim, bir qədər oxuyandan sonra dedi ki, bu faktlar sizin qəzetdə artıq yazılıb. Dedim ki, aşağıda yeni faktlar var və o faktlara münasibət bildirin. Bu zaman Rizvan Əliyev kağızları mənə uzatdı və xahiş etdi ki, yeni faktkarı qeyd edim. Mən müvafiq yerdən xətt çəkib “yeni faktlar” qeydini əlavə etdim. Sonra o xahiş etdi ki, vərəqənin üstünə qəzetin adını yazım və kağızları özündə saxlasın. Mən etiraz etmədim və həmin nüsxəni ona saxladım. Rizvan Əliyev oxudu və dedi ki, faktlar şişirdilib. Soruşdum ki, mövqeyinizi necə ifadə edim və o dedi ki, yazarsan ki, bu faktlar yanlışdır. Sonra mənimlə müzakirələrə başladı və dedi ki, doğrudur, bizdə də korrupsiya halları var, amma belə hallar Amerikada da var, İngiltərədə də, Fransada da. Mən isə dedim ki, doğrudur, o ölkələrdə də belə hallar var, amma bizdəki kimi tendensiya halını almayıb. Bu zaman köhnədən tanıdığım əvvəllər İqtisadi inkişaf nazirliyində işləmiş  Ağacan  Əhmədov  kabinetə daxil oldu, Rizvan Əliyev gördü ki, biz bir-birimizi yaxşı tanıyırıq və məndən xahiş etdi ki, 5 dəqiqəliyə qəbul otağında gözləyim. Mən çıxdım və təxminən 20 dəqiqədən sonra Ağacan Əhmədov kağızlar əlində otaqdan çıxdı və məni kabinetinə dəvət etdi. O öz kabinetində söhbətə başladı, mənə dedi ki, köhnə tanış kimi mənimlə açıq danışacaq. Dedi ki, tənqidi yazıları dayandırmaq üçün nə qədər istədiyimi deyim. Mən ona dedim ki, bu məndən asılı deyil və mən bütöv bir sahə ilə bağlı yazıları qapatmaq gücündə və istəyində deyiləm. O dedi ki, bu barədə sonra danışarıq, onda mənbənin kimliyini de və bu dəqiqə Rizvan Əliyev sənə 5000 dollar təklif edir. Dedim ki, mən informasiyaların nazirlikdəki kötüyünü tanımıram, mənə informasiya verən şəxs isə təsadüfi adamdır və sizin üçün maraqlı deyil. O dedi ki, onda sənə informasiya verən adamla danış, istədiyi  məbləği desin verək, ona məlumat verən vəzifəli şəxsin adını desin. Mən bu söhbətlərə qarışmaq istəmədiyimi dedim və təklif etdim ki, “gəlin, bu söhbəti bir kənara qoyaq”, mövqeyinizi bildirin mən çıxım gedim. Belə olan halda Ağacan Əhmədov dedi ki, biz bir-birimizi çoxdan tanıyırıq və mən sənə vəziyyəti izah etmək istəyirəm. Dedi ki, sizə məlumat verən adam bu informasiyaları başqa qəzetlərə də verir. Biz istətirik ki,  bu adam informasiyanın paylanması işini bir gün ləngitsin, biz filan qəzetlə danışıq aparırıq. Ağacan Əhmədov həmin qəzetin adını çəkdi və mən sadəcə olaraq , qəzetin adını çəkmək istəmirəm, amma istintaq materiallarında həmin qəzetin adı çəkilib. Ağacan  Əhmədov dedi ki, müəyyən etmişik ki, həmin qəzet hələ bu informasiyanı almayıb və  biz istəyirik ki, informasiya bu qəzetə çatmamış onlarla danışa bilək. Dedi ki, özün bu qəzetin baş redaktoru filankəsi yaxşı tanıyırsan, özün də bilirsən ki, bu informasiya  onun əlinə düşsə, çox yuxarıdan gedəcək, biz istəyirik ki, bu informasiya ona çatmamış onunla yazmamaq  barədə  saziş bağlayaq. O məndən xahiş etdi ki, informasiyanı qəzetlərə çatdıran şəxslə danışım və bir gün saxlamaq üçün nə qədər istədiyini öyrənim. Mən ondan soruşdum ki, bunun nə mənası var, tutaq ki, pul verdiniz, bir gün saxladı, məgər siz bütün qəzetlərə pul  paylamaq fikrindəsinizmi? Dedi ki, mən bilmirəm, Rizvan müəllim təkid edir, deyir ki, nazirin tapşırığıdır, qarşısı alınmalıdır. Mən  dedim ki, o adamın başqa qəzetlərlə əməkdaşlığı  məsələsinə qarışa bilmərəm. Bu zaman Ağacan Əhmədov dedi ki, informasiyanı bir gün ləngitməsi  üçün Rizvan müəllim ona 2000 dollar verməyə hazırdır. Kömək et, sənin hörmətin ayrıca olacaq, özü də daha çox. Sonra otağa tanımadığım bir şəxs daxil oldu, hər ikimizlə görüşdü və oturdu. Ağacan Əhmədov həmin adamın kənar şəxs olmadığını, öz işçiləri olduğunu dedi və yenidən eyni məzmunda müzakirələri davam etdirdi. Mən təkrar-təkrar bu məsələyə qarışmaq istəmədiyimi dedim. Sonra  Ağacan Əhmədov kabinetdən çıxdı, 5 dəqiqədən sonra qayıtdı və dedi ki, Rizvan müəllim səninlə yenə görüşmək istəyir. Etiraz etmədim və onun kabinetinə daxil oldum. Rizvan Əliyev dedi ki, bəlkə Ağacanın dediyi  məbləğlər azdırsa, sənin əlin çatar öyrən gör, hansı summanı istəyirlər. Sonra Rizvan Əliyev uzun-uzadı mənim özümü və “Bizim Yol” qəzetini təriflədi, eyni xahişləri təkrarladı, amma bu oyunlarda iştirak etmək istəmədiyimi dedim. Sonra o, mənim özümün bu məqaləni yazmamaq üçün nə qədər istədiyimi soruşdu. Mən dedim ki, bu artıq məndən asılı deyil, çünki mən artıq məqaləni çapa təklif etmişəm və qəzet rəhbərliyi məqaləni hazırlamağa razılıq verib. O təkrar-təkrar dedi ki, ürəyində hər hansı məbləğ tutmusansa, çoxluğundan çəkinmə, açıq de. Onun təkliflərinə sonadək razılıq vermədim və sağollaşıb otaqdan çıxdım. Dəhlizdə Ağacan Əhmədov mənimlə ayaqüstü söhbət etdi və dedi ki, informasiyanın başqa qəzetlərə bir gün gec paylanması məsələsini kənara qoyurlar və xahiş etdi ki, mənbə məsələsində onlara kömək edim və məqaləni öz qəzetimizdə yazmayım. Mən isə hər dəfə bu məsələlərin məndən asılı olmadığını dedim. Onlar məni nazirlikdə təxminən 4 saat ləngidəndən sonra artıq Ağacan Əhmədovun təkidlərinə baxmayaraq nazirliyi tərk etdim. Təxminən 15 dəqiqə sonra mən artıq redaksiyanın yaxınlığında, Natəvanın heykəlinin yanından keçərkən Ağacan Əhmədov mənə zəng etdi və yenə də dedi ki, ağlın olsun, şansı əldən vermə, mənbənin kimliyini öyrənməyə kömək et, sənin hörmətin ayrıca olacaq. O hətta məni yenidən nazirliyə dəvət etdi, mən isə ona xatırlatdım ki, artıq saat 9-dur və redaksiyada işim var. Bir qədər sonra o yenidən zəng etdi və dedi ki, nə istəyirsənsə de, amma yazma. Bunun məndən asılı olmadığını yenə dedim və bildirdim ki, yazı artıq qəzetə səhifələnib. Sonda o acıqlı tonla dedi ki, nə yazırsan, yaz, amma ağılsızlıq edirsən.
Bütün bunlar ötən il iyunun 11-də (11 iyun 2007) baş verib və “Bizim Yol” qəzetinin sonrakı saylarında həmin tənqidi materiallar dərc edilib. Rizvan Əliyevlə görüşümüzdən  bir gün sonra o, hər ikimizin tanıdığımız bir həkimi mənim yanıma minnətçi göndərdi. Onunla da eyni söhbətlər təkrarlandı. Bundan bir gün sonra isə tanımadığım bir şəxs redaksiyaya gəldi, məni küçəyə dəvət etdi və dedi ki, mən səninlə nazirin adından danışıram, ciddi söhbət edirəm, mənbəni öyrənməyə kömək et, ürəyin  istəyən məbləği istə. Mən onun nazirliyin təmsilçisi olduğunu təsdiqləyən sənəd təqdim etməsini istədim, amma o söhbəti başqa səmtə yönəltməyə çalışdı. Bu halda mən onunla heç nə danışmayacağımı dedim. Sonda həmin adam xəbərdarlıq şəklində dedi ki, “öz başına iş açma”  və çıxıb getdi. Bu hadisədən sonra artıq səbrim tükəndi, həkimə zəng edib dedim ki, Rizvan Əliyevə  de yaxamdan əl çəksinlər. Həmçinin bu barədə baş redaktorun 1-ci müavini Elçin Rüstəmliyə məlumat verdim və bu barədə qəzetdə məlumat dərc etdirmək istədiyimi dedim. O razılıq verdi və qəzetin 14 iyun sayında, yəni Rizvan Əliyevlə görüşümüzdən düz 3 gün sonra dərc edilmiş məqalədə bu nazirliyin rəhbərliyindən tələb etdim ki, mənbənin açıqlaması tələbi ilə mənə qarşı təzyiqlərə və pul təkliflərinə son qoysunlar, əks-təqdirdə hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm. Özünüz düşünün, necə ola bilər ki, mən bu adamlardan pul almaq istəyim və eyni zamanda qəzet vasitəsilə açıq şəkildə tələb edim ki, bu söhbətlərə son qoyun.
Nəhayət,  məlum  oldu  ki,  Rizvan  Əliyev  iyulun 18-də  MTN-ə  müraciət  edib  və  ərizəsində  göstərib  ki,  guya  mən  iyunun  11-də  ondan  mənbənin  açıqlanması  üçün  5000  dollar,  məqaləni  bir  gün  gec dərc  etdirmək  üçün  2000  dollar  istəmişəm.  Təsəvvür  edirsinimi,  guya  mən  gəlib  ilk dəfə  görüşdüyüm yüksək  məmura  demişəm  ki,  mənə  2000 dollar  versəniz,  məqalə birisigün  dərc olunacaq,  verməsəniz,  sabah  dərc  olunacaq.  Məncə,  belə  gicbəsər təkliflə çıxış  etmək  üçün  mütləq  ruhi  xəstə  olmaq  lazımdır.
 Rizvan  Əliyev bu  ağılasığmaz  uydurmanı  ərizəsində  göstərib  və  MTN əməkdaşı  ifadəsində  göstərib  ki,  Rizvan  Əliyev onlarla  söhbətində  xahiş  edib ki,  ərizədəki  faktların  təsdiqlənməsi  üçün  tədbirlər görülsün.
Beləliklə, MTN Rizvan Əliyevin ərizəsində göstərilən 2 faktın, yəni guya ötən il iyunun 11-də ondan mənbənin açıqlanması üçün 5000 dollar, yazının bir gün lıngidilməsi üçün isə 2000 dollar istədiyimin təsdiqlənməsi üçün əməliyyat keçirib. İyulun 19-da səhər   Rizvan Əliyev cib telefonuma zəng etdi və mənimlə görüşmək istədiyini dedi. Mən dedim ki, əgər eyni söhbətlər təkrarlanacaqsa görüşməyə ehtiyac yoxdur. Dedi ki, yox, sadəcə məni narahat edən bir məsələ var və səninlə məsləhətləşmək istəyirəm. Görüşə razılıq verdim və günortadan sonra görüşdük. Artıq bilirik ki, həmin görüş gizli kamera ilə lentə alınıb. Sonradan Ədliyyə nazirliyinin ekspertləri fonoskopik (yəni səsə dair) ekspertiza həyata keçiriblər, söhbətimizin stenoqramını çıxarıblar, möhürləyib, imzalayıb istintaqa təqdim ediblər. Stenoqramda Rizvan Əliyevin xeyrinə və mənim əleyhimə bəzi təhriflərə yol verilsə də, əsasən reallığı əks etdirir. Bu stenoqramdan göründüyü kimi, Rizvan Əliyevin  ərizəsindəki faktlar nəinki təsdiqlənməyib, əksinə, iyunun 11-də, yəni ilk görüşümüzdə mənə pul təklif etdiyini və mənim bu təklifi rədd etdiyimi özü öz dili ilə təsdiqləyib. Başa düşürəm ki, hörmətli hakimlər hökmdə göstərəcəklər ki, Müşfiq Hüseynovun ifadələri yalnız özünü müdafiə məqsədi ilə deyilmiş sözlərdir. Ona görə də mən günahsızlığımı kor-koranə şəkildə iddia etməkdən uzağam. Mən öz günahsızlığımı Ədliyyə nazirliyinin təsdiqlədiyi stenoqramdan sitatlar gətirməklə  Rizvan Əliyevin öz sözləri ilə sübut edirəm.
Beləliklə, Rizvan Əliyevdən sitat: “Siz birinci dəfə gələndə, biz görüşəndə, dedim bu işi bir az yoldaşlıq, dostluq olsun. Siz elə bu gün dediz, sabah da.” Bu o deməkdir ki, yəni səndən istədik ki, yazının bir gün ləngidilməsinə yoldaş kimi kömək et, amma sən bu gün dedin, sabah da yazdın. Indi isə ona verdiyim cavabdan sitat gətirirəm: “Qəzet nə olan şeydir ki, Rizvan  müəllimə neyniyə bilsin”. Mənim mövqeyim  bu idi. Mən dedim ki, açığı qəzetin marağı var ki, bir az oxucu gətirsin, 5 nəfər, 50 nəfər oxucu artsın”. Gördüyünüz  kimi, birinci görüşümüzdə mən onu fikrindən, yəni pul təklifindən çəkindirmək üçün izah etmək istəmişəm ki, qəzet yazıları sizin üçün təhlükəli deyil və əlavə edirəm ki, mənim mövqeyim bu idi. Amma Rizvan Əliyev ərizəsində iddia edir ki, mən onu şantaj etmişəm. Burada şantaj elementləri görürsünüzmü, şantaj edən jurnalist deyərmi ki, marağımız yalnız əlavə oxucu cəlb etməkdir. Yəni pulunuzu özünüzə saxlayın, bizim marağımız sırf qəzetci marağıdır. Sonra adını çəkmək istəmədiyim bir qəzetə işarə edərək gileylənir. Sitat  gətirirəm: “Bir var ki, mənə desin ki, nə bilim kontur al, bir şey elə. Yoxsa gəlib burada birdən-birə…”. mən cavab verirəm: “Vallah məndən asılı olan məsələ deyil. Bəlkə elə bilərsiz ki, mən şəxsən kimlərləsə… ”.  Mən ona izah etirəm ki, nazirlikdə kimlərləsə əlaqəli deyiləm və gileyləndiyiniz qəzetə informasiyanı mən vermirəm. Ardınca Rizvan Əliyev deyir: “Mən keçən dəfə səni səmimi adam kimi tanıdım. Ona görə dedim ki, sən hər halda görərsən, səninlə səmimi söhbət etdim, sən nəsə orda əlin çatar, summasını bil. Özündən asılıdır, nə bilim kimdən asılıdır,  hər halda”. Rizvan Əliyev öz dili ilə stenoqramda etiraf edir ki, o özü pul təklif edib. Burada o demək istəyir ki, keçən dəfə informasiyaların qəzetlərə paylanmasının ləngidilməsi üçün təklif etdiyimiz pul az idisə, sən həmin adamla, yəni bu işin asılı olduğu adamla əlaqə saxlayıb summanı öyrənib bizə deyərdin. Göründüyü kimi  Rizvan Əliyev  etiraf edir ki, birinci görüşümüzdə mənim bir summa səsləndirməyimi istəyib. Amma  mənim “summa” istəmədiyimi  Rizvan Əliyevdən başqa bir sitat gətirməklə sübut edə bilərəm: “Sabah ürəyində bir şey qalar, keçən dəfəki kimi deməzsən”. Deməli keçən dəfə heç bir məbləğ deməmişəm. Bu mənim iddiam deyil, Rizvan Əliyevin öz dilindən çıan sözlərdir.
Qeyd etdiyim kimi, Rizvan Əliyev ərizədə iddia edib ki, guya mən yazını bir gün saxlamağa  görə  2000 dollar istəmişəm.  Indi Rizvan Əliyevdən sitat gətirirəm: “Keçən dəfə səhv eləmirəmsə, birinci variant bir gün saxlamağa nə qədər dedik?…”. Mən cavab verirəm ki, “2000 söhbəti idi, deyəsən?”. Amma ekpertiza sifariş əsasında “2000” rəqəmini “eşidilməyən səs” kimi təqdim edərək bu rəqəmin yerinə üç nöqtə verib. Burada Rizvan Əliyev etiraf edir ki, 2000 dolları onlar təklif ediblər. Ağacan Əhmədov özü mənə demişdi ki, kömək et, bu 2000 dolları çatdır informasiya verən  adama  və o, bu məlumatı filan qəzetə bir gün gec versin, özün bu qəzetin baş redaktorunu tanıyırsan, bu yazı onun əlinə düşsə göylə gedəcək, hazırda onunla danışıq  aparırıq.  Sonralar  eşitdim ki, həmin gün  həmin baş redaktorla Sahib Alıyev vasitəsilə danışıblar, özü də informasiya həmin baş redaktora çatandan sonra. Ona görə də yuxarıda gətirdiyim sitatdan göründüyü kimi Rizvan Əliyev həmin qəzetin onlardan çox pul istədiyini mənim diqqətimə çatdırmaqla  onlara kömək etmədiyimə görə məndən incidiyini göstərib. Həmin sitatı təkrar verirəm: “Bir var ki, gəlib desin ki, nə bilim kontur al, bir şey elə. Yoxsa gəlib burda birdən-birə…”. Məncə, hər şey aydındır. Rizvan Əliyev öz dili ilə etiraf edir ki, bir gün üçün  2000 təklif edib və bunun  onlara  nə üçün  lazım olduğunu Ağacan  Əhmədovun  sözləri ilə izah etdim.
Məhkəmədə Rizvan Əliyev və  Ağacan  Əhmədov iddia etdilər ki, yazını bir gün saxlamağa görə guya 2000 dollar istəmişəm. Vəkillərim onlardan soruşdular ki, yazını sabah yox, birisigün yazmağa görə 2000 dollar istəməyin nə mənası var və  onların hər ikisi “bilmirəm” deyə cavab verdilər. Mən isə məhkəmədə onlara sual verdim ki, guya sizdən bir gün üçün 2000 dollar istəməyimin mənasını məndən soruşdunuzmu?  Hər ikisi “Xeyr ” deyə cavab verdilər. Təsəvvür edirsinizmi kimsə gəlib sizə deyir ki, haqqınızda yazı yazıram, 2000 dollar  verin  yazını sabah saxlayım,  birisigün dərc edim. Ola bilərmi ki, siz bunun mənasını  soruşmayasınız? Bütün dünyanı axtarsanız, belə bir axmaq adam tapa bilərsinizmi ki, belə bir təklifin mənasını soruşmasın, onda ya mən ruhi xəstəyəm, ya da Rizvan Əliyevlə Ağacan Əhmədovu axmaq saymışam. Beləliklə, stenoqramda Rizvan Əliyevin öz sözlərindən görünür ki, 2000 dolları onlar özləri mənə təklif eediblər və mən rədd etmişəm. Əgər bu məbləği mən istəmiş olsaydım , Rizvan Əliyev gizli çəkliş altında qəsdən bunu yada salardı. Əslində isə özünün təklif  etdiyini etiraf etməyə məcbur olub. Beləliklə Rizvan Əliyevin ərizəsində göstərdiyi faktlardan birinin şər olduğunu elə onun öz sözləri ilə sübut etdik. Indi isə digər böhtana diqqət yetirək. Rizvan Əliyev ərizəsində iddia edir ki, guya birinci görüşümüzdə, yəni ötən il iyunun 11-də mənbənin adını demək üçün  5000 dollar istəmişəm. Gəlin stenoqramadansitatlara diqqət yetirək. Rizvan Əliyev məndən soruşur: “İnformasiyaları sizə kim verir?” Mənim cavabım: “Yenə dediyim kimi, onun buradakı kötüyünü bilmirəm.” Stenoqramdan  görünür ki, biz bu söhbətdə mənbə məsələsinə ilk dəfədir ki, toxunuruq. Mən isə əvvəlcə deyirəm ki, “Yenə dediyim kimi”, sonra deyirəm ki, mənbəyi mən bilmirəm. “Yenə dediyim kimi” ifadəsi onu göstərir ki, mən mənbəni tanımadığımı Rizvan Əliyevə demişəm. Üstəlik, əgər mən birinci görüşümüzdə mənbə üçün 5000 istəmişəmsə, onda bu yerdə Rizvan Əliyev nəyə görə mənə demir ki, axı keçən dəfə buna görə 5000 dollar istəyirdin, indi isə deyirsən ki, mənbəni bilmirəm. Bir halda ki, bu əməliyyat məhz mənim iyunun 11-də  Rizvan Əliyevdən guya pul istədiyimi təsdiqləmək məqsədilə keçirilibsə onda nəyə görə Rizvan Əliyev keçən dəfə ondan pul istədiyimi çəkiliş altinda açıq şəkildə deməklə məni ifşa etməyib.
Rizvan Əliyev bundan sonra da bir neçə yerdə təkidlərini davam etdirib. Stenoqramdan daha bir sitat: “Mənbəni de, nədir, qurtaraq bu məsələni.” Mənim cavabım: “Onu bilmirəm. Mənə elə gəlir ki mənbə söhbətinə ehtiyac yoxdur.”  Məncə, hər şey aydındır. Rizvan Əliyev gizli çəkiliş getdiyini bilirdi və bu fürsətdən istifadə edib mənə deyə bilərdi ki, əgər mənbəni bilmirdin keçən dəfə 5000 dolları niyə istəyirdin?”
Hətta onun təkliflərinin qarşılığında ona xatırladıram: “Keçən dəfə Ağacan müəllimə də dedim ki, bunu qoyaq kənara, bu barədə danışmayaq.”
Nəhayət mənim tərsliyim qarşısında Rizvan Əliyev hövsələdən çıxır. Stenoqramdan sitat: “Qardaş, de də, əgər kişi söhbəti edirik aramızda, kişi söhbəti edək, de ki, filankəsdir, nə deyirsən qurtaraq.” Demək istəyir ki, bir qiymət de, verək, mənbəni de, qurtaraq. İndi isə öz cavabımı oxuyuram: “Mənə informasiya verən şəxs sizin üçün maraqlı deyil. Elə-belə mənim tanıdığım adamdır. Amma ona kim verir, mənə elə gəlir, o deməyəcək.” Rizvan Əliyevin ərizədə göstərdiyi ikinci faktın da şər olduğu stenoqram əsasında sübut olundu və bunlar sadəcə, mənim özümü müdafiə etmək üçün kor-koranə dediyim sözlər yox, hörmətli hakimlərin əllərinini altında olan və Ədliyyə nazirliyinin möhürü ilə təsiqlənmiş stenoqramdan sitatlardır.  Beləliklə, aydınlaşdı ki, MTN-in əməliyyatı 2 şər və böhtan xarakterli faktın üzərində qurulub, və bu faktlar nəinki təsdiqlənməyib, əksinə, faktlar təkzib olunub, üstəlik hər şeyin tərsinə olduğu, yəni mənə pul təklif olunduğu və mənim təklifi rədd etdiyim sübut olunub.
  Beləliklə, Rizvan Əliyevin müxtəlif  yollarla mənə pul sırımaq cəhdləri boşa çıxandan sonra iyrənc bir üsula əl atıb və yalandan iddia edib ki, guya nazirlikdəki mənbələr nazirin ailəsini şantaj edirlər. Rizvan Əliyevdən sitatı oxuyuram: “Necə edək? Açığı bəzi informasiyalar çatır, nazirin ailəsinə zəng edirlər, nə bilim nə, nə. İnformasiyalar çatıb ki, çağıraq səninlə də söhbət edək. Necə edək? Sən özün mənim yerimdəsən, ailən var”.  Öz cavabımı oxuyuram: “Rizvan müəllim, yenə deyirəm, öz adımdan mən sizə zəmanət verə bilərəm. Məsələn, mənim etibar etdiyim adam var, həkimdir. O da gəldi, söhbət elədi. Öz adımdan ona zəmanət verə bilərəm. Hətta istəsəz, deyərəm, doktor məni yaxşı tanıyır, mənim əvəzimə zamin dura bilər, mən etməyəcəm”. Burada söhbət əvvəllər Rizvan Əliyevin mənim yanıma minnətçi göndərdiyi həkimdən gedir və əvvəldə bu barədə məlumat vermişəm. Beləliklə, Rizvan Əliyev  mənim təmənnasız olaraq ailə mövzusunda yazmayacağıma zəmanət verdiyimi görüb təkidini davam etdirir. Sitat: “Madam ki, sən belə jest eləyirsən, deyirsən ki, etməyəcəksən, məndə “uverennı” (arxayın) olmalıyam”. Yəni təkid edir ki, mən yazmayacağıma görə ondan pul istəyim. Amma öz verdiyim cavabı oxuyuram: “Mən yenə deyirəm, sizin özünüzə də kişi kimi, söz verirəm, doktor da, lazım olsa, o da zamin durar ki, Müşfiq etməyəcək”. Hətta onu sakitləşdirmək üçün ona deyirəm: “Varsa gələcəkdə sizə xəbər edərəm ki, belə şeylər var. Hətta çalışaram ki, öyrənim.” Bu o deməkdir ki, indiyədək ailə barəsində informasiya almamışıq və əgər gələcəkdə olarsa, sizə deyərəm və bilərsiniz ki, həqiqətən belə məlumatlar yaymağa başlayıblar. Üstəlik ona deyirəm ki, belə bir planın olmadığını öyrənməyə çalışaram. Bu ana qədər heç bir pul söhbəti yoxdur, mən öz qeyrətimin səsi ilə təmənnasız olaraq onlara kömək etməyə qalxmışam. Çünki mən ona inanmışdım və elə bilirdim ki, həqiqətən nazirin ailəsi şantaj edilib. Yalnız “Qurd qapısı” restoranında görüşümüzün son dəqiqələrində başa düşdüm ki, bu Rizvan Əliyevin öz ailələrinə atdığı iyrənc bir şərdir və məhz mənim inadkarlığım qarşısında cılızlaşıb bu səviyyəyə enib.
Bundan sonra Rizvan Əliyev əvvəllər dərc edilmiş bir məqalənin redaksiyaya daxil olan əslini istəyir. “Onu verərsiz?” Mənim cavabım: “Onu gətirib dostcasına verəcəm sizə.” Rizvan Əliyev: “Yaxşı dostcasına mən nə etməliyəm?” Təkid edir ki, ondan pul istəyim. Mən isə cavab verirəm: “Yenə deyirəm, öz adımdan dostcasına.”  Rizvan Əliyev yenə əl çəkmir və artıq açıq mətnlə təklif edir: “Onun mükafatı nə olacaq?”. Öz cavabımı oxuyuram: “Vallah heç nədə gözüm yoxdur. Mən reket jurnalist deyiləm. Elə bazar açmayın.” Rizvan Əliyev bu yerdə çıxış yolu tapa bilmir və deyir: “Necə məsləhətdir, prosto mən danışmaq istəyirəm, sakit olum ki, qurtardı bu məsələ.” Öz cavabım: “Mən sizə öz adımdan ömürlük zəmanət verirəm.” Əli hər yerdən üzüləndən sonra yeni mövzu atır ortaya: “Nə edək? Narahatlığım ondan ibarətdir ki, başqa qəzetlərə dağıdarlar.” Mənim cavabım: “Başa düşürəm.” Rizvan Əliyev bu yerdə  istəyir  ki,  “ona nə isə çatdıraq ki, başqa qəzetlərə dağıtmasın.”  Hətta mənim həmin şəxsə çatdırmaq üçün məbləğ demədiyimi görüb özü yönləndirir: “Heç bilmirəm üç ya beş mindi.” Bu o deməkdir ki, 5 min və hətta daha çox istəyə bilərsən. Amma yenə məbləğ deməmişəm. Nəhayət, Rizvan Əliyevin eyni məzmunlu təkidlərindən sonra həmin şəxsə 1000 dollar çatdırmağa razılıq vermişəm və demişəm ki, ona deyərəm, əgər həqiqətən nazirin ailəsini şantaj edirlərsə, onları bu əməldən çəkindirər. Mən pulu çatdırmağa razılıq verəndən dərhal sonra  o mənə vasitəçilik haqqı təklif edərək deyir: “Bəs sənin özünə?”. Bu yerdə mən ona konkret olaraq “heç nə” deyə cavab verdim.
Halbuki, Rizvan Əliyev özüm üçün məbləğ səsləndirmək istəmədiyimi görüb informasiyanı çatdıran adama əlavə məbləğ təklif edib və bunu yenə də özünün “uverenni” olmaq istəyi ilə izah edib.  Mən isə öz adımdan bir daha təmənnasız olaraq həm özümün, həm də informasiya verən adamın yerinə zəmanət vermişəm. Istintaqda və məhkəmədə verdiyim ifadələrimdə qəti olaraq bildirmişəm ki, mən pulu Rizvan Əliyevə qaytarmazdan əvvəl məhz demişəm ki, “başqasının yerinə zamin dura bilmərəm.” Çünki son dəqiqələrdə fikrimi dəyişdim, ona görə ki, Rizvan Əliyevin üzündə hiyləgər təbəssüm gördüm və nazirin ailəsinə zəng edilməsi söhbətinin uydurma olduğunu başa düşdüm və düşündüm ki, o istənilən formada məni əməkdaşlığa çəkib mənbə söhbətini davam etdirmək istəyir. Mən isə bu söhbətlərdən boğaza yığıldığıma görə qərara gəldim ki, pulu qaytarıb qəzetdə açıq şəkildə hər şeyi yazım. “Başqasının yerinə zamin dura bilməyəcəyimi” deməklə göstərmişəm ki, pullar məhz başqa adam üçün nəzərdə tutulub. Amma söhbətimiz elə şəkildə kəsilib doğranıb ki, sanki mən vasitəçilik haqqı olaraq özümə 2500 dollar istəmişəm. Halbuki, bu Rizvan Əliyevin özünün dediyi kimi “uverenni” olmaq üçün informasiyanı çatdıran şəxsə göndərmək üçün verdiyi əlavə məbləğdir. Sadəcə o mənə məsləhət görüb ki, 2500 dolları özümə götürüm, mən isə heç nə istəmədiyimi demişəm. Hətta ertəsi gün, yəni iyulun 20-də onun kabinetinə ayaqüstü 3-4 dəqiqəlik söhbətimiz zamanı da Rizvan Əliyevə dedim ki, pulun hamısını o adama çatdıracam və razı sala bilsəm, onu sizinlə görüşdürəcəm, özü də təsdiqləyəcək ki, pulu alıb. MTN əməkdaşı məhkəmədə təsdiqlədi ki, çəkilişlərin sayı istintaqa təqdim edildiyi kimi 2 deyil, çoxdur. Deməli, iyulun 20-də qısamüddətli söhbətimiz də çəkilib, elə isə bu çəkiliş niyə istintaq materiallarında yoxdur. Çünki mən bu çəkilişdə demişəm ki, “pulun hamısını ona verəcəm,” Rizvan Əliyev isə deyib ki, mən 2500 dolları sənin üçün verirəm, özün bilərsən, kimə verirsən ver. Buna görə də bu çəkiliş gizlədilib. Həmçinin “Qurd qapısı”nda etdiyimiz söhbətdən sitat gətirirəm: “Mən onunla danışıb birtəhər razı salmışam, yəni sizinlə görüşəcək”. Əgər mən vasitəçilikdən pul   qazanmaq iqtəyirdimsə onda nəyə görə onları görüşdürmək istəyirdim? Deməli, qazanc məqsədim olmayıb, hətta Rizvan Əliyevi stenoqramdan göründüyü kimi 5000 dollar təklif edib, amma  söhbət başqa bir adama çatdırılmaq üçün 3500 dollarla yekunlaşıb. Hesab edirəm ki, mən bu situasiyada kişi kimi hərəkət etmişəm, söhbət bir ailənin şərəfindən getdiyinə görə düzgün hərəkət etmişəm. Sadəcə olaraq jurnalist şərləyib tutdurmaq üçün öz ailələrini alver predmetinə çevirə biləcək adamların mövcudluğuna inanmazdım, özü də söhbət  nazir vəzifəsi tutan bir şəxsdən gedirsə.
Nəhayət, mənim sonda pulu Rizvan Əliyevə qaytarmağımla bağlı məqama diqqət yetirək. Çox vacib məqamdır. Mən otaqdan çıxmazdan əvvəl Rizvan Əliyevin üzünda hiyləgər təbəssüm gördüm və onun “ailə söhbətini” uydurduğunu başa düşdüm. Bu barədə yuxarıda izahat vermişəm. Sonra dayandım və dedim ki, “başqasının yerinə zamin dura bilmərəm”. Rizvan Əliyev niyyətimi başa düşüb təkidlərə başladı və dedi ki, “qorxma, heç nə olmaz” və işin yenidən uzanacağını, mənbə söhbətinin davam edəcəyini düşünüb əsəbi halda və sərt hərəkətlə pulları çıxarıb stolun Rizvan Əliyev  tərəfdəki qırağına atdım və hətta pulların yerə  necə dağıldığını görmədən və Rizvan Əliyevin arxamca nə danışdığını dinləmədən otağı tərk etdim, qapını örtdüm  və bu zaman əməliyyatçılar iki tərəfdən qollarım özlərinə sıxıb məni otağa qaytardılar. Sonradan gördüm ki, pulu qaytardığım epizod kəsilib götürülüb. Bu çox sadə montaj elementidir və hətta kompüter istifadəçisi olaraq bu işi mən özüm də görə bilərəm.Nəzərə alın ki, bu çəkilişin üstündə MTN, Baş Prokurorluq və Ədliyyə Nazirliyi öz nəhəng resursları ilə işləyib. Amma bütün bunlara baxmayaraq, öz biabırçılıqlarını ört-basdır edə bilməyiblər. Pulu qaytardığım epizod kəsilib götürülsə də, yerinə heç nə quraşdıra bilməyiblər. Nəticədə pulların döşəmənin üstündə necə peyda olduğunu ittiham tərəfi heç cür izah edə bilmir. Bizim tələbimizlə çəkiliş nümayiş etdirilsə də sualımız cavabsız qaldı. Prokuror dedi ki, televiziyada göstərilib. Əvvəla, bu teleyayımın özü qanunsuz hərəkətdir. İkincisi, televiziyada göstərdiyiniz lent nəyisə sübut edə bilirsə, onda nəyə görə bunu məhkəməyə təqdim etməmisiniz? Deməli, bu, sadəcə olaraq uğursuz montaj işi imiş. Mən pulun döşəmənin üstünə düşməsi epizodunun göstərilməsini tələb etsəm də, heç nə göstərə bilmədilər. Nəticədə, istintaq uydurma versiyalar üzərində  işləyib və ziddiyyətli variantlar ortaya çıxıb. Rizvan Əliyev üzləşmə protokolunda göstərib ki,  əməliyyatçılar görüş zamanı otağa daxil olublar və guya mən onları görüb pulları çıxarıb atmışam. İttiham aktında da onun məhz bu ifadəsinə istinad ediblər. Amma çəkilişdən də görünür ki, görüş zamanı heç kim otağa daxil olmayıb, mən pulu qaytarıb çıxmışam, qapını bayırdan tam örtmüşəm və sonra məni dəhlizdə saxlayıblar. Rizvan Əliyev  başqa bir ifadəsində deyib ki,  guya mən otaqdan çıxandan sonra məni içəri qaytarıblar və bundan sonra pulu çıxarıb atmışam. Halbuki çəkilişlərdə bu epizodu da görən olmadı. Hal şahidi dedi ki, guya mən otaqdan çıxmamış, yəni hələ içəridə olarkən əməliyyatçılar içəri girmək istəyərkən pulları çıxarıb atmışam. Amma vəkilim Vüqar Xasayevin sualları qarşısında etiraf etməli oldu ki, həmin anda mənim pulları çıxarıb atdığımı görməyib. Həmçinin hadisə yerində tərtib olunmuş protokolda əvvəlcə hər şey düzgün yazılmışdı və göstərilirdi ki, mən qapıya tərəf gedərkən dayanmışam, pulları çıxarıb Rizvan Əliyevə tərəf atmışam və otağı tərk etmişəm. Protokolda  göstərilirdi ki, əməliyyatçılar məni tutub otağa qaytararkən pulları otağın “altlığında” aşkarlayıblar. Hətta mən “altlıq” sözünə irad bildirəndə dedilər ki, bu “döşəmə” deməkdir, sən jurnalistsən deyə belə şeylərə fikir verirsən, əhəmiyyət vermə. “Altlıq” sözü dəyişməz qaldı və mən həqiqəti əks etdirən protokolu imzaladım. Sonradan istintaq materialları arasında protokolu gördüm və oxudum. Burada artıq “altlıq” sözü “döşəmə” sözü ilə əvəz edilmişdi və yazılmışdı ki, guya “mən otaqdan çıxmaq istərkən əməliyyatçıların daxil olmaq istədiklərini görüb pulları çıxarıb atmışam”. Protokoldakı imzam isə açıq-aşkar saxtalaşdırılıb. Mən bir çox istintaq sənədlərinə imza atmışam, amma protokolun 2-ci səhifəsindəki imza tamamilə fərqlidir. Xüsusən imzanın son ştrixi açıq-aşkar gözə girir və adi gözlə də saxta olduğunu görmək olar. Bununla belə hətta protokolda uydurulmuş epizodu da istintaq tərəfi videogörüntü şəklində təqdim edə bilmədi. Həqiqətin bir üzü var və həqiqəti desəydilər hamısının fikri üst-üstə düşərdi. Amma yalan danışdıqlarına görə mənim pulu qaytarmağımla bağlı 3 ziddiyyətli versiya peyda olub. Mən ittiham tərəfindən tələb etdim ki, bu 3 versiyadan heç olmasa, birinin videogörüntüsünü təqdim etsinlər. Amma bunu edə bilmədilər, çünki mən pulu könüllü olaraq qaytarmışam və bu epizod kəsilib götürülüb. Nəticədə mistik bir hadisə alınıb. Yəni pullar öz-özünə bir yerdə yoxa çıxır, başqa yerdə peyda olur. Mən isə istintaq boyunca təkrar-təkrar bu epizodu, yəni pulu qaytardığımı vurğulamışam. Əgər müdafiə tərəfinin təqdim etdiyi dəlil təkzib edilə bilməzsə, sübut olunmuş sayılır, əgər mən yalan danışıramsa, onda öz uydurma versiyalarınızdan heç olmasa, birini təsdiqləyən videogörüntünü göstərin. Qısası, biz burada da haqlı olduğumuzu qəti olaraq sübut etdik.
Ağacan Əhmədov da dedi ki, 5 ildən artıq tanışlığımız  ərzində ondan pul istəməmişəm. Stenoqramdan da gördünüz ki, mən Rizvan Əliyevin bütün təkliflərini rədd etmişəm. Amma stenoqramdan da gördüyünüz kimi o mənə rüşvət şəklində pul vermək üçün dəridən-qabıqdan çıxıb, alınmayıb, nəhayət , öz ailələrini şərləyib kömək istəməklə cılızlaşıb və mən öz qeyrətimin səsi ilə onun pulunu başqa adama çatdırmağa razılaşdım. Stenoqramdan da gördünüz ki, Rizvan Əliyev etiraf edir ki, birinci görüşümüzdə mənə deyib ki, “sənin əlin çatar, summasnı bil” və mən vasitəçilikdən imtina etmişəm. Çünki o zaman söhbət mənbədən və tənqidi yazılardan gedirdi. Bu dəfə isə bir ailənin şərəfini müzakirəyə çıxarmışdılar və hesab edirəm ki, qeyrəti olan hər bir kişi məhz mənim kimi davranardı. Söhbətin kimin ailəsindən fəhlə yoxsa nazir getməsindən asılı olmayaraq, mən  düzgün hərəkət etmişəm. Biz məhkəmədə sual-cavaba  can atdıq, qarşı tərəf isə “bilmirəm”, “yadımda deyil”  kimi cavablarla aradan çıxdı . Çünki ortada mənim başımı aşağı  edə biləcək heç nə yoxdur. Qisası məsələ mənim rüşvət almağımda yox, rüşvət təklifini rədd etməyimdədir. Əgər mən Rizvan Əliyevlə birinci görüşümüzdə onun rüşvət təklifini qəbul edib tənqidləri dayandırsaydım mənim həbsimi sifariş etməzdilər. Amma stenoqramdan gətirdiyim sitatlarla Rizvan Əliyevin öz sözləri ilə sübut etdim ki, onun rüşvət təkliflərini rədd etmişəm.
İstintaq qərəzli aparılıb. Elnur Kələntərli istintaqın iddiasından fərqli olaraq  burada təsdiq elədi ki, ondan pul istəməmişəm. Hakim xırda detal hesab etsə də Ağacan Əhmədov burada etiraf etdi ki, məni çoxdan tanıyır və telefon nömrəm əvvəldən onda olub. Rizvan Əliyev məhkəmədə də etiraf etdi ki, telefon nömrəmi Ağacan Əhmədovdan alıb. Halbuki istintaq iddia edirdi ki, mən öz telefon nömrəmi onlara vermişəm və demişəm ki, axşama qədər zənginizi gözləyirəm. Bu ona görə xırda sayıla bilməz ki, mənə qarşı bütün hallarda istintaqın qərəzli mövqe tutduğunu sübut edir.
Nəhayət bu müddət ərzində günahsızlığıma inanan həmkarlarıma təşəkkür edirəm. Hesab edirəm ki, belələrinin səsi daha çoxdur. Mənə mənəvi dayaq olan insanlara da ayrıca təşəkkür edirəm.
Əməlimdə  heç bir cinayətin tərkibi yoxdur. Bəraətdən başqa istənilən hökm sifarişlidir. Bilirəm ki, bu iş sifarişlidir. Heç kimdən mərhəmət istəmirəm, heç bir həbs müddətindən qorxmuram. Çünki sifariş var və   sifariş icra olunmalıdır. Özüm üçün pul almamışam. Yazmamaq üçün pul almamışam. Sadəcə bir ailənin şərəfini qorumağa dəvət eləyiblər məni,  mən də bacardığım qədər kişilik qaydalarına uyğun hərəkət etməyə çalışmışam.
Hansı qərarı vermənizdən asılı olmayaraq sizə də öz təşəkkürümü bildirirəm. İmkan daxilində çalışdız ki, hüquqlarımıza hörmət göstərəsiniz.
Sonda bildirmək istəyirəm ki, hüquqlarımın müdafiəsi bütün səviyyələrdə davam edəcək və mübarizə apararaq Avropa İnsan Haqları  Məhkəməsində qanunsuz həbsimə görə Azərbaycan hökumətinin  cəzalandırılmasına  nail olacağam.

 

Previous Post

TERRİ DEVİS NARAHATDIR

Next Post

ZAHİDOVUN MƏHKƏMƏSİ ERTƏLƏNDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.