JURNALİSTLƏR VƏ HÜQUQ MÜDAFİƏÇİLƏRİ ƏVƏZ ZEYNALLI İLƏ GÖRÜŞMƏK İSTƏYİRLƏR

Bu gün (14 mart) RATİ-nin mətbuat mərkəzində “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsi ilə bağlı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutun nəzdində fəaliyyət göstərən preventiv təhqiqat qrupunun  növbəti toplantısı  keçirildi.

Qrupun rəhbəri, jurnalist Əfqan Muxtarlı bildirilib ki, baş redaktor həbsddə olarkən Vergilər Departamenti qəzeti 11 min manat məbləğində cərimə edib: “Cəmi bir ay gündəlik nəşr edilməsinə baxmayaraq Vergilər Departamenti qəzetin 2008-ci ildən gündəlik çap olunduğunu əsas gətirib. Qəzetin 23 qəpiyə satılmasına baxmayaraq 40 qəpik satış qiyməti hesablanıb və 6 000 manat cərimə yazılıb. Vergi öhdəliyini vaxtında yerinə yetirmədiyinə görə isə 5 min manat cərimə kəsilib.
        Baş redaktor həbsdə olarkən 2012-ci ilin yanvarında Nərimanov rayon məhkəməsi “Bakı-Baltika” MMC-nin işgüzar nüfuza xələl gəldiyinə görə qarşı tərəfdən 150 min manat tələb edən iddiasını qismən təmin edərək qəzeti  50 min manat cərimələyib.  Qəzet əməkdaşları bu məhkəməyə dəvət edilməyib. “Bakı-Baltika MMC ilə bağlı məqalələr qurumun işçilərinin şikayətləri və onların təqdim etdikləri  videolar əsasında hazırlanıb” – deyə qəzetin əməkdaşı Nizami Həsənli bildirib.
        Təhqiqat qrupu “Bakı-Baltika” MMC haqda yazının tədqiqinin  və  vergi cərimələri ilə bağlı müstəqil auditor tərəfindən audit  aparılması barədə qərar qəbul edib. Qrup görüş üçün deputat Gülər Əhmədovaya da müraciət edəcək.
Habelə jurnalistlər və hüquq müdafiəçiləri Əvəz Zeynallı ilə görüşmək məqsədilə Baş prokurorluğa və Penitensiar Xidmətə müraciət etmək haqqında qərar veriblər.
     Xatırladaq ki, “Xural” qəzeti 2002-ci ilin oktyabr ayından həftəlik, 2011-ci il sentyabr ayının 20-dən gündəlik dərc olunurdu. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə və digərlərinə olan ümumilikdə 19 min manat məhkəmə cəriməsini ödəyə bilmədiyinə görə, oktyabrın 19-da “Xural” qəzetinin əmlakı müsadirə olunub. Mətbəələr də qəzeti çap etməkdən imtina etdiyinə görə, qəzet oktyabrın 21-dən etibarən fəaliyyətini dayandırıb. Qəzetin baş redaktoru Əvəz Zeynallı isə Milli Məclisin deputatı Gülər Əhmədovanın iddiası ilə oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Prosessual Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb və Nəsimi rayon Məhkəməsinin qərarı ilə haqqında 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib, yanvarın 17-də isə bu müddət daha 3 ay artırıldı.

Previous Post

XAÇMAZ RAYONUNDA ÖZBAŞINALIQ

Next Post

AZƏRBAYCAN GƏNCLƏR MEDİA MƏRKƏZİNİN AÇILIŞ MƏRASİMİNƏ DƏVƏT

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.