MÜXALİFƏTİN 17 NOYABR AKSİYASINDA POLİS TƏRƏFİNDƏN 4 NƏFƏR JURNALİST DÖYÜLDÜ

Polis müxalifətin noyabr ayının 17-si – Milli Dirçəliş gününə təyin etdiyi aksiyasını  dağıdarkən jurnalistlərə qarşı da amansız davranıb.

Belə ki, saat 15-ə planlaşdırılan aksiya başlamazdan öncə Bakı polisinin, Çevik Polis Alayının çoxsaylı qüvvələri artıq Fəvvarələr meydanına toplaşıblar. Aksiya başlar-başlamaz bir qrup müxalifət fəalı “Azadlıq!”, “İstefa!” “Parlament buraxılsın” şüarları səsləndiriblər. Bu zaman polis aksiyaçılara qarşı zor tətbiq edib. Gənclərə, qadınlara qarşı zorakılıq edilib. Polis 30-a yaxın aksiya iştirakçısını saxlayıb. Saxlananlar arasında Müsavat partiyasını, Azərbaycan Xalq Cəbhəsi partiyasının fəal üzvləri çoxluq təşkil edir.
Aksiya zamanı “Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlu, “Turan” informasiya agentliyinin əməkdaşı Etimad Budaqov, “Media forum” saytının əməkdaşı Amid Süleymanov, RATİ-nin əməkdaşı Rasim Əliyev polis təzyiqinə məruz qalıblar. Polis əməkdaşı əyinlərində  ”PRESS” yazılmış gödəkcələrin olmağına baxmayaraq jurnalist F.İlqaroğlunu təpik və yumruqla, E.Budaqovu təpiklə, R.Əliyevi də yumruqla vurublar. Polis digər jurnalistlərin də işləməsinə ciddi  maneçilik törədib, onlara qarşı kobudluq edib.
Halbuki, bu aksiyadan bir neçə gün əvvəl Mətbuat Şurasının ofisində ATƏT-in media Azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç, Prezident Aparatının İctimai Siyasi şöbəsinin rəhbəri Əli Həsənov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, baş redaktorlar, jurnalistlər və yüksək rütbəli polis əməkdaşlarının iştirakı ilə “aksiyalar zamanı jurnalist – polis münasibətləri” müzakirə olunub, jurnalistlərə üzərində “PRESS” yazılmış gödəkcələr də paylanılıb.  Daha sonra polislərlə jurnalistlər üçün birgə təlim də keçirilib.   
Qeyd edək ki, müxalifətin aksiyası parlamentin buraxılması tələbiylə keçirilirdi və icazəsiz aksiyalar zamanı tətbiq edilən cərimələrin artırılmasına etiraz olaraq nəzərdə tutulmuşdu. Bakı Şəhər İcra Hakimiyyəti aksiyaya icazə verməmişdi.

Previous Post

MÜXALİFƏTİN FƏVVARƏLƏR MEYDANINDA KEÇİRDİYİ AKSİYA DAĞIDILDI

Next Post

Azadlıq axtarışında: Azərbaycanda Onlayn İfadə

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.