JURNALİSTLƏRİN VƏSATƏTLƏRİ YERİNƏ YETİRİLMƏDİ

Bu gün (02 aprel) Səbail Rayon Məhkəməsində hakim Elnur Həsənovun sədrliyi ilə “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin şöbə redaktoru Yaşar Ağazadənin Ədliyyə Nazirliyinə, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə və 1 saylı İstintaq Təcridxanasına qarşı, həbsdə saxlanma şəraitinin qanunsuz hesab olunmasına dair qaldırdıqları iddia üzrə məhkəmə prosesi keçirildi.

Ötən məhkəmə prosesində iddiaçı tərəf vəsatətlə çıxış edərək 1 saylı İstintaq Təcridxanasına keçirilmiş baxışdan əvvəl çəkilmiş fotoşəkilləri məhkəməyə təqdim edilməsini xahiş etmiş, hakim isə vəsatəti təmin etmişdir. Lakin cavabdeh tərəf, 1 saylı İstintaq Təcridxanasının nümayəndələri bugünkü prosesdə həmin fotoşəkilləri məhkəməyə təqdim etməyib. Cavabdeh tərəfin nümayəndəsi, təcridxanada nəzarətçi vəzifəsində çalışan Sahil Seyidov  bunu onunla izah etdi ki, fotoşəkillər təsadüf nəticəsində üzərinə mürəkkəb dağılaraq  məhv olub: “Mən şəkilləri çəkdim, çıxartdırdım. Daha sonra istintaq təcridxanasının rəis müavini Ağamməd Məmmədov fotoşəkillərə möhür vurmalı idi. Mən onları bir yerə topladım, amma tam təsadüf nəticəsində şəkillərin üzərinə mürəkkəb tökülərək məhv oldu”. Məsələyə münasibət bildirən iddiaçı R. Kəbirli bu ifadədə ziddiyyətli məqamların olduğunu və şəkillərin S. Seyidov tərəfindən ləğv edildiyinə inanmadığını xüsusi vurğuladı.
İddiaçılar bugünkü prosesdə də vəsatətlə çıxış etdilər. Onlar vəsatətlərində Penitensiar xidmətinin məhkəməyə təqdim etdiyi 20 fevral 2009-cu il tarixli ,17.1 –1233 nömrəli etibarnaməsinini qanunsuz və əsasız hesab olunmasını və  Penitensiar Xidmətin nümayəndəsi kimi məhkəmədə çıxış edən İlqar Ramazanovun  səlahiyyətsiz şəkildə məhkəmədə iştirak etməsi istədilər. R. Kəbirli və Y. Ağazadə İ. Ramazanovun təqdim etdiyi sübutlar, çıxışlar qanunsuz sayılmasını və onun məhkəmə proseslərində iş üzrə cavabdeh qismində Penitensiar Xidmətin  nümayəndəsi kimi iştirak etməsi qanunsuz hesab olunmasını məhkəmədən xahiş etdilər.
Hakim E. Həsənov verilən vəsatəti təmin etdi və növbəti məhkəmə prosesini 7 aprel  saat 14:30-a tarixinə təyin etdi.
Xatırladaq ki “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin şöbə redaktoru Yaşar  Ağazadə 2007-ci ildə C. Əliyevin iddiası ilə 5 ay 1 saylı İstintaq Təcridxanasında saxlanılmışdırlar.
 
Previous Post

YAŞAR AĞAZADƏ VƏ RÖVŞƏN KƏBİRLİNİN QALDIRDIĞI İDDİA ÜZRƏ KEÇİRİLƏN MƏHKƏMƏ PROSESİ

Next Post

ATLANTİK KLUB TƏRƏFİNDƏN HAZIRLANAN HESABATIN TƏQDİMATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.