Bu gün (01 noyabr) bir qrup jurnalistə Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə açıq keçirilən məhkəmə prosesində iştirakına icazə verilməyib Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Bizim Yol” qəzetinin əməkdaşı Hacı Zeynalov məlumat verib.
Jurnalistin sözlərinə görə, “Azadlıq” qəzetinin əməkdaşı Aytən Məmmədova, “Yeni Müsavat” qəzetinin müxbiri Elşən Balaxanlı (Məmmədov), APA-nın əməkdaşı Şəhriyar Əlizadə və özü Azərbaycanın Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanı Rail Rzayevin qətli ilə bağlı cinayət işi üzrə keçirilən məhkəmə prosesində iştirak etmək istəsələr də, buna şərait yaradılmayıb.
“Biz jurnalist olduğumuzu bildirdik və vəsiqələrimizi təqdim etdik. Bundan sonra heç bir səbəb göstərmədən bizi məhkəmə zalından uzaqlaşdırdılar”, – deyə H.Zeynalov vurğuladı.
Qeyd edək ki, ötən həftənin cümə günü keçirilən məhkəmə prosesinə də jurnalistlər buraxılmamışdı.
Xatırladaq ki, Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayev fevralın 11-i səhər saatlarında Bakıda odlu silahla qətlə yetirilib.