JURNALİSTLƏR “QASİD” MƏTBUAT YAYIMININ QARŞISINDA ETİRAZ AKSİYASI KEÇİRİBLƏR

Oktyabrın 18-də “Yeni Müsavat”, “Azadlıq” və “Gündəm Xəbər” qəzetlərinin kollektivləri “Azərbaycan mətbuatı boğulur”, “Jurnalistlərin ciblərinə girənlərə ar olsun!”, “Pulumuzu verin!”, “Yeni köşklər, yeni bəla, ar olsun sənə Hacıbala!” şüarları ilə  “Qasid” mətbuat yayımı firmasının Bakıdakı ofisi qarşısında  piket keçirib.

Aksiyada çıxış edən “Azadlıq” qəzetinin redaktoru Rahim Hacıyev son bir neçə ayda “Qasid”in qəzetin  pulunu ödəmədiyini və nəticədə  nəşriyyata da borclu olduqlarını bildirib.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu yayım firmasının qəzetlərdən 30-40 faiz gəlir götürdüyünü, lakin 6 aya yaxın müddətdə qəzetin pulunu ödəmədiyini dedi: “Biz tələb edirik ki, gələn həftədən pullarımız ödənilsin”.
“Qasid” Mətbuat Yayımının  rəhbəri, Milli Məclisin deputatı Mirkazım Kazımov piket iştirakçılarının qarşısına çıxaraq, onları ofisə dəvət etdi, lakin media nümayəndələri bununla razılaşmadılar. Daha sonra M.Kazımov  qəzetlərə olan borcun ilin sonunadək ödənəcəyini vəd edib.
Qeyd edək ki, aksiya başlanmazadan əraziyə bir neçə  polis maşını ilə çoxsaylı  polis əməkdaşları gəlib. Amma onlar aksiyaya müdaxilə etməyiblər.
Xatırladaq ki, “Azadlıq” qəzeti sözügedən firmanın ona 30 min manatdan çox borcu olduğunu iddia edir. Qəzet bildirir k, bir neçə dəfə firmadan satılmış qəzetlərin pulunu tələb etsələr də onlara pul verilməyib. Satış pullarını ala bilməyən qəzetlərə isə “Azərbaycan” nəşriyyatından çaplarının dayandırılacağı ilə bağlı xəbərdarlıq edilib. Sentyabrın 3-də “Azadlıq” qəzetinə edilən xəbərdarlıqda qəzetin çap və kommunal xərclərə görə 35 min manat borcunun olduğu xatırladılıb və tez bir zamanda ödənilməsi istənilib.
Bundan başqa “Yeni Müsavat” qəzeti də “Qasid”in onlara 10 min manatdan çox borclu olduğunu deyir. Bu səbəbdən də “Yeni Müsavat”ın nəşriyyata 8600 manat çap xərci borcu var.

Previous Post

JURNALİSTLƏR “QASİD” İN QARŞISINDA AKSİYA KEÇİRDİLƏR

Next Post

BAXCP SƏDRİ QÜDRƏT HƏSƏNQULİYEV İLƏ MÜSAHİBƏ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.