Bu gün Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) tərəfindən “Jurnalistlərin sosial problemlərinin yaranması, səbəbləri və çıxış yollarının araşdırılması” mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri açıq elan edən JuHİ-nin sədri Müşfiq Əlsəgərli sosial vəziyyətləri ilə bağlı jurnalistlərin fikirlərini dinləməyi və açıq müzakirələrin keçirilməsini təklif etdi. Çıxış edən jurnalistlər sosial vəziyyətlərinin ağır olması, mənzil və məişət problemlərinin aradan qaldırılmasının mümkünsüzlüyü məsələlərinə xüsusi diqqət yetirdilər. Ekspertlər qismində dəvət edilmiş şəxslərin çıxışları zamanı bildirildi ki, mətbuat iqtisadi problemlərlə üzləşməsi jurnalistlərin özlərinin çətinliklərlə üzləşməsinə gətirib çıxarır.
“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev jurnalistlərin sosial problemlərinin həlli üçün həmkarlar hərəkatının genişlənməsinin zəruriliyindən danışıb:“Biz faktiki olaraq olmayan hüquqların müdafiəsi ilə məşğul olmaq istəyirik, lakin jurnalistlərin sosial hüquqları ümumiyyətlə yoxdur, bu anlayışa heç yerdə rast gəlmək mümkün deyil. Jurnalistlərin sosial problemlərinin həlli üçün onların özündə bu anlayışlar yaranmalı, həmkarlar hərəkatı olmalıdır, əks halda heç bir nəticəyə nail olunmayacaq”.
“Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı mətbuatın sosial problemlərini ölkədə ümumiyyətlə biznesin, iqtisadiyyatın nizamsız olması ilə əlaqələndirib:
“Ölkədə biznes olmalı, orta və xırda sahibkarlar olmalıdır ki, mətbuata reklam verilsin. Bu olmayacağı təqdirdə heç bir problem həll olunmayacaq. BP şirkətinin il ərzində 3-4 dəfə Azərbaycan xalqını təbrik etməsi qəzetlərdə reklamın olması demək deyil”.
Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,75/