HAKİM AQİL XƏLİLİN VƏKİLİNİN VƏSATƏTLƏRİNİ TƏMİN ETMƏDİ

iyun 26th, 2008

Bu gün (25 iyul) Yasamal Rayon Məhkəməsində hakim Xəqani Tağıyevin sədrliyi ilə “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Əli Quliyevə, AzTV, “Lider”, “ATV” və “Space” telekanallarına qarşı qaldırdığı iddiası əsasında məhkəməyə hazırlıq iclası keçirilib.

İclasda A. Xəlilin nümayəndəsi qismində çıxış edən vəkil Elçin Sadıqov məhkəməyə iki vəsatət təqdim etdi.  Sadıqov birinci vəsatətlə  Xəlillə bağlı telekanallarda nümayiş etdirilmiş video süjetləri məhkəmənin özü tərəfindən əldə edilməsini xahiş etdi. İkinci vəsatət məhkəmə çəkişməsi bitənə qədər həmin süjetlərin telekanallarda nümayişinə qadağa qoyulmasından ibarət idi.
 Vəsatətə münasibət bildirən “Space” telekanalının vəkili Əlirza Həbilov bildirdi ki, iddiaçı müraciət edərsə həmin süjetləri təqdim etməyə hazırıq.

“Lider” telekanalının nümayəndəsi Elnur Hacızadə isə bildirdi ki, “Lider” telekanalı istənilən süjeti bir ay müddətindən sonra məhv edir və həmin süjet hal-hazırda telekanalın arxivində yoxdur.

İclasda Əli Quliyevin, AzTV və ATV telekanallarının nümayəndələri iştirak etməyib.

Hakim tərəfləri dinlədikdən sonra vəsatətlərin heç birini təmin etmədi və  prosesi iyul ayının 9-u saat 16. 30-a təyin etdi.