VƏKİLİN FƏALİYYƏTİ MÜVƏQQƏTİ DAYANDIRILDI

Avqustun 24-də Vəkillər  Kollegiyasının  İntizam Komissiyasının rəyi əsasında 6 saylı hüquq məsləhətxanasının vəkili Xalid Bağırovun vəkillik fəaliyyətinin 1 il müddətinə dayandırılması barədə qərar verilib.

Vəkil  X. Bağırovun bu gün (25 avqust) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) verdiyi məlumata görə, Vəkillər Kollegiyasının iclası onun iştirakı olmadan keçirilib və bu qərar Bakı şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasovun müraciətinə əsasən verilib:
“Bildiyiniz kimi mən  13 yanvar 2011-ci il tarixdə  Nizami rayonu Polis İdarəsinin 25-ci polis bölməsində polislər tərəfindən döyülərək  öldürdüyü iddia olunan vətəndaş Elvin Əsgərovun hüquqlarını müdafiə edirdim. Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov kollegiyaya ünvanladığı müraciətdə polislərə böhtan atdığımı və cəzalandırılmağımı deyib. Bu hadisəni vəkillik fəaliyyətimə təzyiq kimi dəyərləndirirəm və lazımi tədbirləri görmək üçün kollegiyanın rəsmi qərarının əlimdə olmasını gözləyirəm” deyə vəkil bildirdi.
Xatırladaq ki, Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov  “Bizim Yol” qəzetinin 01 mart 2011-ci il tarixli 38 (1614)-ci nömrəsinin 5-ci səhifəsində müəllif Hacı Zeynalovun imzası ilə “Tutulanlara vəkil yox, zopa lazımdır” başlıqlı, eləcə də “Vəkil Xalid Bağırov bu şüarla aksiyalar keçirilməsini təklif edir” sərlövhəli yazısında 13 yanvar 2011-ci il tarixdə  Nizami rayonu Polis İdarəsinin 25-ci polis bölməsində şübhəli şəxs qismində saxlanılan Elvin Əsgərovun döyülərək öldürülməsi barədə sərt ittihamlar irəli sürülməsini əsas gətirərək, yazılanları böhtan xarakterli ifadələr adlandırmış və “Bizim Yol” qəzetinin əməkdaşı Hacı Zeynalov və vəkil Xalid Bağırov barəsində CM-nin 147.2 ci  (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi tələbi ilə Yasamal rayon Məhkəməsinə müraciət etmişdi. Məhkəmə  15 aprel 2011-ci il tarixdə xüsusi ittiham qaydasında şikayət verən şəxsin üzrlü səbəb göstərmədən prosesdə iştirak etməməsini və xüsusi ittihamçının vəkilinin qanunla müəyyən edilmiş sənədi olan etibarnamənin  mövcud olmadığını əsas gətirərək, məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar elan etmişdi.

Previous Post

DÖVLƏT İTTİHAMÇISI VİDADİ İSGƏNDƏROVUN 4 İL AZADLIQDAN MƏHRUM EDİLMƏSİNİ İSTƏYİB

Next Post

DÖVLƏT İTTİHAMÇISI VİDADİ İSGƏNDƏROVUN 4 İL AZADLIQDAN MƏHRUM EDİLMƏSİNİ İSTƏYİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.