“MEDİA AÇARI – 2008” MÜKAFATI TƏQDİM OLUNUB

Dünən (22 iyul) “Park İnn” mehmanxanasında Azərbaycan milli mətbuatının yaranması günü ilə bağlı “Media açarı-2008” mükafatlarının təqdimetmə mərasimi keçirilib.

Reportaj nominasiyası üzrə birinci yerə “Türk dünyasının ümumi qəhrəmanlıq məzarlığı” yazısına görə “Xəzər” qəzetinin əməkdaşı Nadir Azəri, ikinci yerə “Başıbəlalı zeytun bağı” yazısına görə “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlil, üçüncü yerə “Mart soyqırımı” yazısına görə “Ölkə” qəzetinin əməkdaşı Zahid Nurəliyev layiq bilinib.
         Jurnalist təhqiqatı nominasiyası üzrə birinci yerə “Bayırdan Bayıla səyahət” yazısına görə “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli, ikinci yerə “Əsəd bəy və Nuridə xanım” məqaləsinə görə “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, üçüncü yerə “Dərd üstünə gələn dərd” yazısına görə “Ədalət” qəzetinin əməkdaşı Səriyyə Müslümqızı layiq görülüb.
         Publisistika nominasiyası üzrə birinci yerə “Onların devizi: dünən yoxdur, bu gün olmayacaq, sabah həmişə var” məqaləsinə görə “Alma” qəzetinin əməkdaşı Ceyhun Musaoğlu, ikinci yerə “Gəl dərdləşək, dənizim…” yazısına görə “Zaman” qəzetinin əməkdaşı Yeganə Məmmədova, üçüncü yerə isə “Arifə bir işarə yetməz…” yazısına görə “Reytinq” qəzetinin əməkdaşı Bahar Rüstəmli layiq görülüb.
         Jurnalistika sahəsində araşdırma nominasiyasında birinci yer boş qalıb. İkinci yer “Dövlətin ordusu kimi mətbuatı da güclü olmalıdır” yazısına görə “Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı layiq görülüb. Üçüncü yerə isə iki nəfər layiq bilinib. Bunlar – “Televiziyalarda canlı efir problemi” yazısına görə “Azadlıq” qəzetinin əməkdaşı Sənubər İsmayılqızı və “Oxucu inamını özümüz qırmışıq” məqaləsinə görə  “Vətəndaş həmrəyliyi” qəzetinin əməkdaşı Anar Niftəliyev olub.
          Birinci yeri tutan mükafatçılara “Media açarı” prizi ilə yanaşı diplom və 300 manat pul, ikinci yerin sahiblərinə diplom və 200 manat pul, üçüncü yerə layiq görülənlərə isə diplom və 100 manat pul təqdim olunub. Fotoillüstrasiya nominasiyasında heç bir yer tutulmayıb.
         “Media forum” xəbər saytının verdiyi məlumata görə, “Media açarı-2008” mükafatı təsisçilərinin qərarı ilə daha iki jurnalistə xüsusi mükafat verilib. “Reytinq” qəzetinin əməkdaşı Seymur Verdizadə (“Nənələr və nəvələr” yazısına görə) və “Ədalət” qəzetinin əməkdaşı Əbülfət Mədətoğlu (“Bakıdan Tuğa gedən: avtobusa minik başlayır(mı)” yazısına görə) mükafatlandırılıblar. Onların hər birinə diplom təqdim edilib.
         Digər iki xüsusi mükafata mərhum jurnalistlər Adil Qaçayoğlu (Qarabağ mövzusunda silsilə yazılarına görə) və Məmməd Nazimoğlu (publisistikanın inkişafında xidmətlərinə görə) layiq görülüblər.
         Qeyd edək ki, “Media açarı”nın əsasnaməsinə uyğun olaraq mükafat 2007-ci il iyulun 1-dən 2008-ci il iyunun 30-dək Azərbaycan yazılı mətbuatında dərc olunmuş və müsabiqəyə təqdim edilmiş ən yaxşı məqalələrə görə verilib. Birinci yeri tutan mükafatçılara “Media açarı” prizi ilə yanaşı diplom və 300 manat pul, ikinci yerin sahiblərinə diplom və 200 manat pul, üçüncü yerə layiq görülənlərə isə diplom və 100 manat pul təqdim     olunub.
 
            “Media açarı”nı 1997-ci ildə ”Yeni Nəsil” Jurnalistlər Birliyi təsis edib. 2002-ci ildən təsisçiliyə daha iki jurnalist təşkilatı – Azərbaycan Jurnalistlər Konfederasiyası və “Ruh” Jurnalistləri Müdafiə Komitəsi daxil olub. 2005-ci ildə Azərbaycan Jurnalistlər Konfederasiyasını Demokratik Jurnalistlər Liqası əvəzləyib. 2008-ci il iyulun 22-də “Ruh” Jurnalistləri Müdafiə Komitəsi də təsisçilikdən imtina etdiyi haqda bəyanat yayıb.

Previous Post

MERHUM JURNALISTLERIN ANIM MERASIMI

Next Post

“SÖZ AZADLIĞI MÜDAFİƏ KOMİTƏSİ” TƏDBİR KEÇİRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.