MEDİA VƏ VƏTƏNDAŞ CƏMİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ PREZİDENTƏ MÜRACİƏT EDİB

Bu gün (11 fevral) bir qrup media və vətəndaş cəmiyyətinin nümayəndəsi qanunvericiliyə təklif olunan əlavə və dəyişikliklərlə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib. Müraciətdə bildirilir:

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev cənablarına

 

                                                                      MÜRACİƏT

Hörmətli Prezident,

 

Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsi ilə müəyyən olunan qanunvericilik təşəbbüsü səlahiyyətinizdən istifadə edərək 21 dekabr 2009-cu ildə Azərbaycan Respublikasının Milli Məclisinə “Kütləvi informasiya vasitələri haqqında”, “Məlumat azadlığı haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlara əlavələr edilməsi barədə qanunvericilik təklifi göndərmisiniz. Qanunvericilik layihəsində beş qanuna aşağıdakı məzmunda dəyişiklik edilməsi təklif edilir:

“Əməliyyat-axtarış tədbirləri keçirilən hallar istisna olmaqla, digər hallarda şəxsin onun xəbəri olmadan və etirazına baxmayaraq izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə kütləvi informasiya vasitələrinin nümayəndələri və digər şəxslər tərəfindən məruz qalması qanunvericilikdə müəyyən olunan məsuliyyətə səbəb olur.”

Bu təklifin Azərbaycan Respublikası Konstitusiyasının şəxsi həyatın toxunulmazlığını qoruyan 32-ci maddəsindən irəli gəldiyini anlayırıq. Şəxsi və ailə həyatına hörmət hüququ mühüm insan haqlarından və hər kəsin ləyaqətli yaşayışının təməl qaydalarından biridir.

Bizdə narahatlıq doğuran hal təklif olunan məhdudlaşdırmanın onun güddüyü qanuni mənafelərə çatmaq üçün gərək olduğundan qat-qat artıq olmasıdır. Bu hal onunla nəticələnər ki, media cəmiyyətin keşikçisi rolunu oynaya bilməz və ictimai önəmli bilgiləri cəmiyyətə çatdırmaq imkanından əhəmiyyətli dərəcədə məhrum olar. Fikrimizcə, şəxsi və ailə həyatına hörmət hüququ, məsələn, ictimai yerdə kiminsə döyülməsi səhnəsinin video və ya fotoşəklinin çəkilməsini qadağan etməməlidir. Döyən şəxsin buna qəti etiraz etməsi həmin məhdudlaşdırma üçün əsas ola bilməz.

Şəxsi və ailə həyatının qorunması məqsədi ilə məlumat toplama, o cümlədən jurnalistin məlumat toplama azadlığına qeyri-adekvat müdaxilə ölkəmizdə ictimai mənafelərə xidmət edən informasiya və ideyaların sərbəst axınına ciddi əngəl olacaqdır.

Jurnalist fəaliyyəti təkcə onlara dövlət qurumlarının, rəsmilərinin, ayrı-ayrı şəxslərin könüllü verdikləri məlumatları yaymaqla məhdudlaşdırıla bilməz. Jurnalistin məlumat toplamaq hüququ sadəcə gözlə müşahidə etməklə də məhdudlaşdırıla bilməz. Araşdırma aparan jurnalist nəinki hər hansı şəxsi izləmək haqqına, eləcə də hər hansı məlumatları texniki vasitələrdən istifadə etməklə dinləmək və yazmaq haqqına sahib olmalıdır. Demokratik toplumda jurnalistin üzərinə düşən vəzifə, jurnalist fəaliyyətinin cəmiyyətə gətirdiyi fayda ayrı-ayrı dövlət qurumlarının, o cümlədən hüquq-mühafizə orqanlarının yerinə yetirdikləri vəzifələrdən az önəmli sayıla bilməz.

Hörmətli Prezident,

Bu əlavələrin təşəbbüsçüsü kimi onu geri çağırmaq və ya dəyişdirmək səlahiyyəti də Sizə məxsusdur. Xahiş edirik, bu səlahiyyətinizdən istifadə edərək qanunvericilik təşəbbüsünüzü geri çağırasınız, təşəbbüsünüzdə qaldırdığınız məsələlərin ekspertlər arasında və cəmiyyətdə müzakirəsi üçün tapşırıqlar verəsiniz. Bunun şəxsi və ailə həyatına hörmət hüququ ilə vətəndaşların cəmiyyətdə baş verənlər barədə hərtərəfli və düzgün biliyə sahib olması, ictimai önəmli diskussiyalarda iştirak etmək hüququnu balanslaşdıracaq yeni hüquq normalarının hazırlanmasına böyük töhfə olacağına inanırıq.


Hörmətlə,

Əliyev Mehman – “Turan” İnformasiya Agentliyi

Hüseynov Emin
– Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu

Elçin Şıxlinski – AJB –nin sədri, “Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru

Rövşən Kəbirli – “Müxalifət” qəzetinin baş redaktoru

Qənbər Yusif – “Mass Media” qəzetinin redaktoru

Bahəddin Həziyev
– “Bizim Yol” qəzetinin baş redaktoru

İlqar İbrahimoğlu
– DEVAMM

Novella Cəfəroğlu – AQHMC

Azər Əhmədov – “Azadlıq” qəzeti

Ələsgər Məmmədli
– media eksperti

Habil Vəliyev
– “Gündəlik Bakı” qəzetinin baş redaktoru

Sərdar Əlibəyli
– “Nota” qəzeti

Previous Post

AŞ PA HƏMMƏRUZƏÇİLƏRİ MEDİA TƏMSİLÇİLƏRİ İLƏ GÖRÜŞÜBLƏR

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.