Xatırladaq ki, Mehman Hüseynov iyunun 12-də Səbail rayon Polis İdarəsində 3 saata yaxın dindirildikdən sonra şübhəli şəxs qismində saxlanıb. İyunun 13-də Mehman Hüseynov Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsi üzrə təqsirləndirilən şəxs hesab olunub və məhkəməyə göndərilib. Məhkəmə həbs qətimkan tədbiri seçməsə də Səbail Rayon Polis İdarəsində Mehman Hüseynov barəsində başqa yerə getməmə barədə iltizam qətimkan tədbiri seçilib. Mehman Hüseynova qarşı açılmış cinayət maddəsində 2 ilədək islah işləri və ya 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Mehman Hüseynovdan şikayət edən polis əslində fotojurnalistin peşə fəaliyyətinə müdaxilə edərək onu təhqir edib, zor tətbiq edib. Polis Mehman Hüseynovun və onun iş yoldaşı Mirrəhim Həsənovun kameralarına zərbə endirərək onları sındırıb.
RATI və bir çox Beynəlxalq təşkilatlar Mehman Hüseynova qarşı cinayət işinin açılmasını siyasi sifariş hesab edir. Bu addım “Avroviziya-2012” yarışmasından sonra vətəndaş cəmiyyətindən qisas almaq kimi qəbul olunur.