VERGİLƏR NAZİRLİYİ FƏALİYYƏTİ DAYANDIRILMIŞ, ƏMLAKI MÜSADİRƏ EDİLMİŞ “XURAL” QƏZETİNDƏ YOXLAMA APARM

Azərbaycan Respublikası  Vergilər Nazirliyi (VN)  “Xural” qəzetində vergi yoxlaması aparacaq. Bu barədə bu gün (27 dekabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Xural” qəzetinin direktoru Nizami Həsənli məlumat verib.

Onun sözlərinə görə, özünü Vergilər Nazirliyinin əməkdaşı Şahin kimi  təqdim edən şəxs  ona zəng edərək, Vergilər Nazirliyinin  “Xural” qəzetinin 2009-2011-ci illər ərzində fəaliyyətini yoxlayacağını bildirib.

“Şahin müəllim qərarın Vergilər Nazirliyi tərəfindən verildiyini qeyd etsə də  sonradan bildirdi ki, Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin müstəntiqi ondan tələb edir ki, yoxlama beş gün müddətinə başa çatmalıdır”, – deyə qeyd edən N. Həsənli qəzetin əmlakının  məhkəmə icraçıları, rəsmi sənədlər isə Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən müsadirə edildiyini xatırlatdı: “Redaksiyanın yerləşdiyi ofisdən bizi çıxarıblar. Sənədlərimiz isə müsadirə edilib. İndi hansı sənədlər əsasında yoxlama aparacaqları bizə məlum deyil”.

Əvəz Zeynallının vəkili Elçin Sadıqov isə RATİ-yə bildirdi ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Vergilər Nazirliyinə (VN) qəzetin vergidən yayınma halının olub olmaması ilə bağlı məktubla müraciət edib.

 “Bu tam qanunsuz bir haldır, biz müdafiə tərəfi olaraq lazımi hüquqi tədbirləri görəcəyik”, – deyə vəkil qeyd edib.

Xatırladaq ki, “Xural” qəzeti 2002-ci ilin oktyabr ayından həftəlik, 2011-ci il sentyabr ayının 20-dən gündəlik dərc olunurdu. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə və digərlərinə olan ümumilikdə 19 min manat məhkəmə cəriməsini ödəyə bilmədiyinə görə, oktyabrın 19-da “Xural” qəzetinin əmlakı müsadirə olunub. Mətbəələr də qəzeti çap etməkdən imtina etdiyinə görə, qəzet oktyabrın 21-dən etibarən fəaliyyətini dayandırıb.

Oktyabrın 28-də Nəsimi rayon Məhkəməsi Əvəz Zeynallı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Prosessual Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Cinayət işinin başlamasına YAP siyasi Şurasının üzvü, deputat Gülər Əhmədovanın şikayəti səbəb olub. Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamı saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazlılarına görə həbs olunduğunu bəyan edirlər .

Previous Post

CABBAR SAVALANLI ƏFV EDİLDİ

Next Post

RÜFƏT HACIBƏYLİ 26 YAŞINI HƏBSXANADA KEÇİRDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.