GÜLƏR ƏHMƏDOVA ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİNDƏ İFADƏ VERDİ

Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə “Xural” qəzetinin baş redaktoru   Əvəz Zeynallının işi üzrə  növbəti proses keçirilib.

Prosesdə zərərçəkmiş qismində iştirak edən Azərbaycan Nəşriyyatının direktoru Ağabəy Əsgərov  “Xural” qəzetində onun barəsində dəfələrlə həqiqətə uyğun olmayan məqalələrin yazıldığını və buna görə də Nərimanov məhkəməsinə müraciət etdiyini bildirib. Əsgərov məhkəmənin qəzetin ondan üzr istəməsi və onun xeyrinə 1000 manat təzminat ödəməsi barədə qərar çıxardığını, lakin bu qərarın icra olunmadığını bildirdi. Əvəz Zeynallı isə həmin dövrdə Ağabəy Əsgərovdan üzr istənildiyini özündə əks etdirən qəzetin nüsxəsini nümayiş etdirdi və cərimənin də ödənildiyini bildirdi.

Prosesdə şahid qismində ifadə vermək üçün deputat Gülər Əhmədovanın dəvət edildiyini görən Əvəz Zeynallı şahidlərin dindirilmə ardıcıllığı ilə bağlı razılaşmanın pozulduğunu və buna hazırlaşmadığını bildirdi. Hakimin prosesi davam etdirməkdə israrlı olduğunu görən Zeynallı vəkili Elçin Sadıqovun prosesdə iştirakdan imtina etməsini istədi. Sadıqov isə müdafiə etdiyi şəxsin istəyinə uyğun hərəkət etməli olduğunu bildirərək prosesi tərk etdi. Bu zaman Gülər Əhmədova və Əvəz Zeynallı arasında insident yarandığına görə məhkəmədə fasilə elan edildi.

Fasilədən sonra Gülər Əhmədovanın ifadəsi dinlənilsə də, vəkili Mənsum Bayramov Əvəz Zeynallının səhhətində problem olduğunu əsas gətirərək Gülər Əhmədovaya suallar verə bilməyəcəklərini dedi və məhkəmənin təxirə salınması ilə bağlı vəsatət qaldırdı.  Hakim vəsatəti təmin edərək növbəti prosesin iyulun 11-də saat 11:00-a təyin edilməsi ilə bağlı qərar qəbul etdi.

Xatırladaq ki, YAP siyasi Şurasının üzvü, deputat Gülər Əhmədovanın şikayəti əsasında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb və 2011-ci il oktyabrın 28-də Nəsimi rayon Məhkəməsi Əvəz Zeynallı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. 2012-ci il yanvar ayının 17-də baş redaktorun həbs 3 ay, aprelin 12-də isə 1 ay müddətinə uzadılıb.

Previous Post

AŞPA-NIN SESİYASI İLƏ BAĞLI SEİDƏ QOCAMANLI VƏ FƏRİD ARİFOĞLU İLƏ MÜSAHİBƏ

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.