VALİDEYNLƏRİ MÜŞFİQ HÜSEYNOVUN ƏFV OLUNMASI ÜÇÜN PREZİDENTƏ MÜRACİƏT EDİBLƏR

Dünən (09 dekabr) “Bizim Yol” qəzetinin həbsdə olan əməkdaşı Müşfiq Hüseynovun valideynləri Tofiq Hüseynov və Rəna Hüseynova jurnalistin əfv olunması ilə bağlı Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət ediblər. Müraciətdə Müşfiq Hüseynovun ağır vərəm xəstəsi olduğu və həyatı üçün böyük təhlükə yarandığı vurğulanıb.

Həbsdən əvvəl vərəm xəstəsi olan Müşfiq 2 il 5 aylıq həbs həyatından sonra xəstəliyin daha da ağır formasına tutulub. Oktyabrın 14-də о, “sol ağciyərin  infiltrativ  vərəmi  dağılma  fazasında” diaqnozu ilə 2 saylı cəzaçəkmə müəssisəsindən Penitensiar Xidmətin Vərəmli Məhkumlar üçün İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürülüb və iki aylıq müalicədən sonra ona “fibroz  kavernoz” diaqnozu qoyulub Müşfiqin ciyərində iki deşik əmələ gəlib. Arxada biri xəstə olan iki körpə övladı, işsiz həyat yoldaşı və yaşlı valideynləri olan Müşfiq uzun həbs həyatından və tutulduğu xəstəliyin ağırlığından depressiyaya düşüb. Həkimlərin ciddi-cəhdinə baxmayaraq, Müşfiq heç cür yemək yeyə bilmir və nəticədə isə mədəsi sallanaraq çanaq sümüyünə dirənib. Müşfiq həbsxana işçilərindən və ona olan qayğıdan heç vaxt şikayət etməsə də, özünü son günlərini yaşayırmış kimi hiss edir” – deyən valideynlər, Müşfiq Hüseynovun əfv olunmasını xahiş edirlər: “Cənab Prezident, bizim son ümidimiz Müşfiqin əfv edilməsidir. Bu isə yalnız sizin səlahiyyətinizdədir. Müşfiqi əfv etməklə siz onun sonuncu yaşamaq imkanını ona qaytaracaq və bütün ailəni bu sonsuz nisgildən qurtaracaqsınız. Xahiş edirik ki, humanizm nümayiş etdirərək tezliklə Müşfiqi əfv edəsiniz”.

Əlavə edək ki, vərəm xəstəliyindən əziyyət çəkən M.Hüseynov səhhəti kəskin pisləşdiyi üçün 1 ay yarım əvvəl – oktyabrın 14-də cəza çəkdiyi 2 saylı cəzaçəkmə müəssisəsindən Penitensiar Xidmətin Vərəmli Məhkumlar üçün İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürülüb.

Xatırladaq ki, “Bizim yol” qəzetinin əməkdaşı M.Hüseynov 2007-ci il iyulun 24-də həbs olunub. Ona qarşı CM-nin 311-ci maddəsi (rüşvət alma ) ilə ittiham irəli sürülüb və 2008-ci ilin yanvar ayında o 6 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi isə M.Hüseynovun cəzasını 1 il azaldıb.
Qeyd edək ki, “Bizim yol” qəzeti 2003-cü ildən çap olunur və gündəlik qəzet kimi fəaliyyət göstərir.

Previous Post

“HAKİMİYYƏT-VƏTƏNDAŞ CƏMİYYƏTİ MÜNASİBƏTLƏRİNİN İNKİŞAFI” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLDİ

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.