NOVRUZƏLİ MƏMMƏDOVUN HƏYAT YOLDAŞI BAŞ PROKURORA MÜRACİƏT EDİB

"Tolişi Sədo" qəzetinin baş redaktoru Novruzəli Məmmədovun ölümünün səbəbinin araşdırılması ilə bağlı mərhumun həyat yoldaşı Məryəm Məmmədova Baş Prokuror Zakir Qaralova və Nizami rayon prokuroru Mahir Muradova müraciət edib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) N.Məmmədovun Hüquqlarının Müdafiə Komitəsindən məlumat daxil olub.

Məlumatda bildirilir ki, müraciətə əsasən, dünən (1 sentyabr) Nizami rayon prokurorunun müavini Məryəm Məmmədovanı qəbul etmiş və onun şikayətini dinlənilmişdir. Məryəm xanım israrla ərinin
faciəli ölümündə baiskar olanların ortaya çıxardılaraq, onların layiqli şəkildə cəzalandırılmasını tələb etmişdir.
N.Məmmədovun baş beynin işemik infarktından dünyasını dəyişməsi ilə bağlı Nizami rayon Tibbi Ekspertiza İdarəsi tərəfindən mərhumun vəkili Ramiz Məmmədova arayış verilib. Bu barədə RATİ-yə məlumat verən R.Məmmədovun sözlərinə görə, ekspertiza rəyini əldə etmək üçün müraciət etməsinə baxmayaraq,  idarə yalnız arayış verməklə kifayətlənib.
Qeyd edək ki, RATİ Novruzəli Məmmədovun ölüm səbəbini araşdırmaq üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mərkəzi xəstəxanasına, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsinə sorğu ilə müraciət edib.
Xatırladaq ki, “Tolışi Sədo” (“Talışın Səsi”) qəzetinin baş redaktoru Novruzəli Məmmədov səhhəti kəskin pisləşdiyi üçün 2009-cu il iyulun 28-də yerləşdirildiyi Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mərkəzi Xəstəxanasında avqustun 17-də vəfat edib. Yaxınları onun lazımi səviyyədə müalicə olunmadığını və bu səbəbdən dünyasını dəyişdiyini bildirirlər. N.Məmmədovun ölümü ilə bağlı Nizami rayon prokurorluğunda araşdırma başlanılıb.
N.Məmmədov 2007-ci ildə qapalı keçirilən məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274 (“Dövlətə Xəyanət”) maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum edilsə də, milliyyətcə talış olan N.Məmmədov özünü təqsirli bilməyərək,  etnik-siyasi motivlərlə və ifadə azadlığına görə həbs olunduğunu iddia edirdi.

Previous Post

PƏRVİZ ƏZİMOVUN İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Next Post

SMDTM-İN ƏDLİYYƏ NAZİRLİYİNƏ QARŞI İDDİASI TƏMİN OLUNMADI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.