BAKIDA JURNALİSTLƏRİN BEYNƏLXALQ HƏMRƏYLİK GÜNÜ QƏBRİSTANLIQDA QEYD EDİLDİ

Bu gün (8 sentyabrın ) Jurnalistlərin Beynəlxalq Həmrəylik günü münasibəti ilə bir qrup Azərbaycan jurnalisti 2-ci Fəxri Xiyabanda “Monitor” jurnalının  qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynovun və çağdaş Azərbaycan mediasının banilərindən biri olan Nəcəf Nəcəfovun məzarını ziyarət edib.

Jurnalistlər növbəti bayram gününü qəbristanlıqda söz fədailərinin məzarı ustundə qeyd etdiklərini xatırladan “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev  çıxışında Azərbaycan jurnalistlərini söz azadlığı uğrunda mübarizədə həmrəy olmağa çağırdı: “Sözün həqiqi mənasında Azərbaycan jurnalistlərinin həmrəyliyə və söz azadlığı uğrunda mübarizədə birləşməyə ehtiyacı var. Rəhmətlik Elmar qətlə yetiriləndə media, QHT və siyasi partiya rəhbərləri burada idi. Bu gün isə həmin günlər ön cərgədə dayananları bız aramızda görmürük”.

Tanınmış jurnalist Azadlıq qəzetinin redaktoru Rövşən Haciyev  isə bir daha bu günə qədər Elmar Hüseynovun qatillərinin və bu qətlin sifarişçilərinin aşkarlanaraq məsuliyyətə cəlb ediləməməsinə təəssüfləndi: “Bu qətlin üstünün açılmamasında hüqüq mühafizə orqanları əməkdaşları ilə bərabər bizim də üstümüzə məsuliyyət düşür. Biz həmrəy olub bu qətlin üstünün açılmasına nail olmalıyıq”

Digər jurnalist – İdrak Abbasov isə həmkarlarını nikbin olmağa və anım mərasiminə qatılan gənc jurnalistləri göstərərək Azərbaycanda söz azadlığı uğrunda mübarizə aparanların  mövcud olduğunu qeyd etdi. “Bu gün əgər həbsdə olan Eynulla Fətullayev xüsusi jurnalist gödəkçələrdən özü üçün sifariş edirsə və onu seçkiyə qədər geyinəcəyinə ümid edirsə, bunun özü bizim nikbin olmağımıza  əsas verir”.

RATİ sədri Emin Hüseynov isə tədbirə bütün KİV redaktorları və media sahəsində çalışan QHT-lərin rəhbərlərini dəvət etdiklərini, buna baxmayaraq mərasim iştirakçıları sırasında bir nəfər də olsa MQHT rəhbərinin olmamasını təəssüflə qeyd etdi. Buna baxmayaraq Emin Hüseynov tədbir iştirakçılarına xitabən söz azadlığına sadıq insanların mərasimə cəm olduğunu bildirdi. Habelə o, mərasimə xüsusi olaraq Kürdəmir rayonundan gəlib qatılan bir xanım oxucunu tədbir iştirakşılarına təqdim edərək bəzi qəzet redaktorları və QHT rəhbərlərini  bu xanlımdan ibrət almağa çağırdı.

Sözü gedən xanım – Lətafət Məlikova jurnalist ailəsində böyüdüyünu və jurnalist peşəsinin necə ləyaqətli bir peşə olduğunu yaxşı anladığını qeyd edərək vəfat etmiş jurnalistlərə Allahdan rəhmət dilədi. Habelə oxucu xanım da mərsim iştirakçılarını nikbin olmağa və onların haqq yolunda olduğunu vurğuladı.

“Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirlinın çıxışı isə söz və mətbuat azadlığı uğrunda mübarizənin davam etdirilməsi üçün andiçmə xarakterli oldu: “Biz Yaşar Ağazadə ilə həbsdən yeni dönmüşük. Həbsdən öncə söz və mətbuat azadlığı uğrunda necə mübarizəmizi aparmışıqsa, indi də daha yüksək ruhda işimizi davam edirik, bundan sonra – son nəfəsimizə qədər bu belə olacaq”.

Qeyd edək ki, saat 14.00-da başlanan mərasim, saat 15.00-da insidentsiz başa çatib.

Previous Post

Merhum jurnalist Cingiz Mustafayevin dogum gunu

Next Post

VALİDEYİNLƏRİ MÜŞFİQ HÜSEYNOVLA GÖRÜŞÜBLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.