OMBUDSMAN APARATINDAN RATİ-NİN NAXÇIVANA SƏFƏR ETMİŞ ƏMƏKDAŞINA CAVAB GƏLİB

            Bu gün (29 dekabr) Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlının imzası ilə daxil olan məktubla bir müddət əvvəl Naxçıvana səfər etmiş RATİ əməkdaşı Rəsul Cəfərovun müraciəti cavablandırılıb.

Cəfərov Naxçıvana səfər edərək 7 noyabr 2010-cu il parlament seçkilərində deputatlığa namizəd olmuş Səxavət Əliyevin qardaşı Çapay Əlisoyun və onların digər ailə üzvlərinin üzləşdikləri problemləri araşdırmış, vəziyyəti yerində öyrənmişdir. Səfərdən sonra vəziyyətin nə yerdə olduğunu izah etmək və zəruri tədbirlər görmək xahişi ilə Cəfərov Ombudsman Aparatına müraciət etmişdi.

 

            Cavab məktubunda bildirilir ki, Ombudsman Aparatı Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliklərinə yoxlama tapşırığı vermişdir. Bu tapşırığa cavab olaraq nazirliklər tərəfindən göndərilən məktublarda qeyd edilir ki, Çapay Əlisoy özünə məxsus tikilidə müvafiq icazə almadan ticarətlə məşğul olmuşdur.  Bununla bağlı bir neçə dəfə xəbərdarlıq edilməsinə və Şərur rayon Vergilər idarəsinə dəvət edilməsinə baxmayaraq o qanunsuz ticarəti davam etdirmiş və bu hərəkətinə mane olmaq istəyən aidiyyatı dövlət qurumlarının əməkdaşlarına qarşı təhqiramiz ifadələr işlətmişdir. Hadisə yerinə çağırılmış. polis əməkdaşları tərəfindən Ç. Əlisoy və həmin vaxt orda olan şəxslərin qanunsuz hərəkətlərinin davam etdirilməsinin qarşısı alınaraq asayiş bərpa olunmuşdur. Məktubda bildirilir ki, məsələ barədə Naxçıvan MR İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) də məlumatlıdır.

 

            RATİ-nin əməkdaşı Rəsul Cəfərov daxil olan cavab məktubu ilə əlaqədar bildirib ki, Ombudsman Apartının bu cavabı faktiki olaraq Aparatın məsələyə biganə yanaşdığını göstərir. Belə ki, Ombudsman Aparatı dövlət qurumlarının verdiyi məlumatlara əsaslanaraq məsələni bitmiş hesab edib, halbuki Aparatın özünün müstəqil araşdırma aparması üçün səlahiyyəti var. Cəfərov onu da əlavə edib ki, o Naxçıvanda olarkən Çapay Əlisoya məxsus dükanın bütün lazımi sənədlərinin (qeydiyyat şəhadətnaməsi, VÖEN, noyabr ayı üçün vergi ödənişinə dair qəbz) olduğunu şahidi olub və həmin sənədlərin foto şəkillərini çəkib. RATİ əməkdaşı bununla bağlı Ombudsmana yenidən müraciət edəcəyini və həmin foto şəkillərin də  müraciətə əlavə ediləcəyini qeyd edib.       
 

 

 

Previous Post

GÜNÜN XƏBƏRLƏRİ 29 12 2010

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN SƏDRİ EMİN HÜSEYNOV İLƏ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.