ATƏT İNTERNET HÜQUQLARI VƏ İNTERNET TƏHLÜKƏSİZLİYİ MÖVZUSUNDA GENİŞ MÜZAKİRƏLƏRƏ ÇAĞIRIR

          İyunun 18-də Dublində İrlandiyanın 2012-ci ildə ATƏT-ə sədrliyi çərçivəsində internetdə söz və media azadlıqları sahəsindəki problemlər, internet idarəçiliyi mövzusunda konfrans işə başlayıb.

İki gün davam edəcək konfransı ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər və ticarət naziri Eamon Gilmor açıb. Konfransda ATƏT-ə üzv ölkələrdən ekspertlər, nümayəndələr, vətəndaş cəmiyyəti və media təmsilçiləri, iş adamları iştirak edirlər.

“İnternet və digər şəbəkə texnologiyaları insanları fikir və ifadə azadlıqlarını həyata keçirmələri üçün yeni platforma ilə təmin edir. İnternet insanlar üçün informasiyanın axtarılmasının, qəbul olunmasının və ötürülməsinin zəruri vasitəsinə çevrilib. Biz, hakimiyyətdə olanlar, vətəndaşların internetdən maneəsiz istifadə etmələrini təmin etməliyik. Amma bəzi ölkələr ATƏT öhdəliklərinə və beynəlxalq insan hüquqları normalarına zidd olaraq müxtəlif vasitələrdən istifadə etməklə bu azadlıqları məhdudlaşdırırlar”-deyə  sədr bildirib.

Konfrans internetin fikir və ifadə azadlığı üçün açıq, qlobal və ictimai forum olaraq qalmasını təmin etməyin yollarını müzakirə edən yüksək səviyyəli panel müzakirələrlə açılıb.

“İnternet hüquqları, azadlıqları, təhlükəsizliyi və normaları ilə bağlı üst-üstə düşməyən fikirlər var. Azadlıqların və hüquqların müzakirələri ilə təhlükəsizlik müzakirələri çox vaxt paralel olaraq həyata keçirilir”- ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Dünya Miyatoviç belə deyib. “Biz bu debatları və mövqeləri bir araya gətirməli, kiberməkanın idarə olunmasının daha yaxşı dərk edilməsinə çalışmalıyıq. Bu, internetlə bağlı əsaslandırılmamış qanunlar qəbul etməməyə və bu sahədə geniş məsləhətləşmələr aparmağa şərait yaradacaq.”

Konfrans: onlayn məzmun, internet idarəçiliyi; insan hüquqları və yeni media; sosial media və sosial şəbəkələr mövzusunda  3 sessiyadan ibarət olacaq.

Azərbaycandan tədbirə RATI sədri Emin Hüseynov, International Media Support təşkilatının Azərbaycan üzrə layihə rəhbəri Gülnarə Axundova, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndəsi Bəxtiyar Məmmədov, ATƏT-in Bakı ofisinin nümayəndəsi Vüsal Behbudov, İnsan Hüquqları Klubunun sədri Rəsul Cəfərov, blogger Emin Milli və news.az portalının redaktoru Rəhman Hacıyev iştirak edirlər.

 Konfrans işinə davam edir.

Previous Post

“KÜR” QƏRARGAHI ARAŞDIRMALARINI SONA QƏDƏR APARMAQ NİYYƏTİNDƏDİR

Next Post

AYDIN CANIYEVİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.