Pərviz Həşimlinin ailəsi jurnalistə verilən ittihamı saxta hesab edir

Sentyabrın 19-da Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində “Bizim Yol” qəzetinin əməkdaşı, moderator.az saytının rəhbəri, “Mülki və Siyasi Hüquqları Müdafiə Mərkəzi”-nin rəhbəri Pərviz Həşimlinin həbsi ilə bağlı qohumları və vəkili mətbuat konfransı keçirib.

Tədbirdə çıxış edən jurnalistin atası Kamran Həşimov oğlunun günahsız olduğunu, dövlətin əleyhinə hər hansı iş görmədiyini bildirib.

Atası bildirib ki, MTN son dövrlərdə Pərviz Həşimlini ələ almaq təşəbbüsündə olub. “Əməkdaşlıqla  bağlı ona təzyiqlər olub, Pərviz və ailəsi  izlənib.  Ancaq oğlum MTN-nin təkliflərini qəbul etməyib. Pərvizə təzyiqlər edilib ki, AXCP sədri Əli Kərimlinin əleyhinə bəyanatlar versin. O bunu qəbul etməyib və həbs edilib”, deyə  Kamran Həşimov qeyd edib.

Jurnalistin həyat yoldaşı İlahə Həşimova MTN əməkdaşlarının evlərinə basqın etdiyini deyib. Onun sözlərinə görə, evlərində hər hansı silah və sursatın olmasından söhbət gedə bilməz.

 “20-dən çox MTN əməkdaşı evimizə hücum etdi. Onlar məhkəmə qərarı təqdim etmədilər. Evimin pəncərəsinin dəmir barmaqlıqlarını qırıb içəri  daxil oldular. Evin həyətinə daxil olan kimi orada  evinin təhlükəsizliyi üçün quraşdırılmış video kameraları zərərsizləşdirdilər. Bundan sonra da icazəm olmadan, məhkəmə qərarı təqdim edilmədən, məndən heç nə soruşmadan axtarışa başladılar. Guya divanın altından uşağımın oyuncağının yanından tapança tapdıqlarını dedilər. Sonra isə həyətdə balaca “əl damı” dediyimiz yerdən bir sarafan torba çıxardılar. Torbanın içərisində kağıza bükülmüş qumbaralar var idi. Bunların hamısı MTN-çilər tərəfindən qoyulub. Sonda isə tərtib etdikləri protokolu mənə təqdim etmədilər”, deyə jurnalistin həyat yoldaşı qeyd edib.

 Vəkil Elçin Sadıqovun fikrincə, Pərviz Həşimlinin həbsi qanunsuzdur, ona qarşı irəli sürülən ittihamların əsası yoxdur.

“Bir nəfərin sözü ilə insanı həbs etmək qanunsuzluqdur. Təvəkkül Qurbanov deyib ki, İrandan Pərviz Həşimliyə çatacaq 6 Makarov tapançası  və 40 güllə gətirib. Pərviz Həşimli həmin şəxsi tanımır və bir dəfə belə görməyib”, -deyə vəkil qeyd edib.

Jurnalistin vəkili Elçin Sadıqov onu da qeyd edib  ki, istintaqın MTN tərəfindən aparılması, evdə axtarış adı ilə evə qanunsuz daxil olmaları,  ofisdə və evdə axtarış aparılan zaman  qanunvericilik tələblərinin qorunmaması, jurnalistə saxlanılan zaman saxlanma səbəbinin izah edilməməsi, qollarının arxadan qandallanması və bunun nəticəsində jurnalistin zədə alması, məhkəməyə gətirilən zaman başına torba keçirilməsi ciddi qanun pozuntularıdır və bu pozuntulardan şikayət verəcəyik.

Vəkil onu da əlavə  edib ki, həbs olunan Pərviz Həşimli İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova və İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudovla görüşmək istədiyini bildirib.

 Mətbuat konfransında iştirak edən AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov AXCP adından Pərviz Həşimliyə və onun ailəsinə dəstək olduqlarını bildirib.

“O ağır günlərində belə əqidəsindən dönməyib. Pərviz Həşimlinin həbsi siyasi sifarişdir. Bu həbs yalnız Həşimliyə qarşı deyil, AXCP və onun sədri Əli Kərimliyə qarşı yönəlib”, -deyə o qeyd edib.

Kamran Həşimov qeyd edib ki, Azərbaycan yeganə ölkədir ki, məmurlar prezidentə yalan məlumatlar verir.

Xatırladaq ki, P. Həşimli  sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Sentyabrın 18-də jurnalist Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri üzrə təqsirli bilinib və Səbail Rayon Məhkəməsi onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.

Previous Post

Azərbaycanda azad və ədalətli prezident seçkiləri üçün təhlükələr

Next Post

Jurnalistin vəkili məhkəmə tərkibinə etiraz edib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.