"Yeni Müsavat" qəzetinin iki reportyoru Elmin Bədəlov və Şahnaz Novruzqızı polis əməkdaşları tərəfindən saxlanılıb.
Onun sözlərinə görə, redaksiyadan verilən tapşırığa əsasən hakimiyyətin müxalifətçilər üçün ayırdığı yürüş-mitinq marşrutlarından biri üzrə hərəkət edərək material hazırladıqları vaxt polislər onlara yaxınlaşaraq özləri ilə Polis Bölməsinə aparıblar: "Həmkarım Şahnaz Novruzqızı ilə mən reportaj hazırlayırdıq. Mənim əlimdə "Azad seçki" şüarı yazılmış pankart vardı, Şahnaz isə şəkil çəkirdi. Biz ətrafdakı insanların şüara və kütləvi aksiyaya reaksiyalarını öyrənmək istəyirdik. İnsanlar fərqli münasibət nümayiş edirdilər. Bu zaman polis bizə yaxınlaşdı və bizim qanunsuz aksiya keçirməyə ixtiyarımız olmadığını bildirdi", – deyə E.Bədəlov qeyd etdi.
E.Bədəlovun sözlərinə görə, 25-ci Polis Bölməsində onlar əməliyyat müvəkkili, polis mayoru Azər Musayevin kabinetində izahat yazıblar. Jurnalistlərə bildirilib ki, onlar izahat yazdıqdan sonra buraxılacaqlar, ancaq sonradan məlum olub ki, polis "ictimai asayişi pozan" jurnalistləri buraxmaq istəmir. Redaksiya rəhbərliyinin işə qarışmasından sonra "Yeni Müsavat"ın əməkdaşları Polis Bölməsindən sərbəst buraxılıblar.