CABBAR SAVALANLININ MƏHKƏMƏSİ ŞAHİDLƏRİN İFADƏLƏRİ İLƏ DAVAM EDİR

Bu gün (19 iyul)   Sumqayıt Apellyasiya Məhkəməsində hakim Lətifə Məmmədovanın sədrliyi ilə  gənc fəal Cabbar Savalanlının 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə Sumqayıt şəhər Məhkəməsinin 4 may 2011-ci il tarixdə çıxardığı hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirildi.

  İclasda Cabbar Savalanlı, onun vəkilləri Əsabəli Mustafayev, Anar Qasımov və dövlət ittihamçısı Tural Yusifov  iştirak edirdilər.

             Məhkəmə iclasında ilk olaraq ötən proses zamanı müdafiə tərəfin təmin olunmuş vəsatətinə əsasən Sumqayıt şəhər Polis İdarəsinin cinayət axtarış şöbəsinin baş əməliyyat müvəkkili Faiq Mirzəyev şahid qismində ifadə verdi. Əməliyyat müvəkkili  bildirdi ki, əməliyyat məlumatı əsasında Cabbar Savalanlının üstünə baxış keçirmək üçün onu yaşadığı evin yaxınlığında saxlayıblar. Savalanlı evinə yaxın ərazidə üstünə baxış keçirilməsinə etiraz etdiyinə görə, onu polis idarəsinə aparıblar. Orada üstünə baxış keçiriblər və üstündə narkotik maddəyə bənzər maddə aşkar ediblər.

            C. Savalanlı isə bildirdi ki, polis idarəsində əməliyyat müvəkkili F. Mirzəyev tərəfindən hədələnib və ona ailəsini, anasını və qardaşını düşünmək barədə məsləhətlər verib.

            Əməliyyat müvəkkilli öz növbəsində gənc fəalın sözlərini təkzib edərək, deyilənlərin doğru olmadığını bildirdi.

            Daha sonra müdafiə tərəfin vəkilləri –  Əsabəli Mustafayev və Anar Qasımov şahiddən gənc fəalda aşkar olunduğu iddia edilən narkotik maddənin haradan alınması, C. Savalanlının saxlanılacağı barədə  polislərə məlumat verən mənbənin məhkəməyə açıqlanmağını tələb etdilər. Lakin Faiq Mirzəyev əməliyyatın məxfi plan əsasında həyata keçirildiyini deyərək, mənbəni açıqlana bilməyəcəyini dedi.

            Bundan sonra müdafiə tərəfin vəkilləri digər əməliyyatçı Məhərrəm İsmayılovun   ifadə verməsinə lüzum görmədiklərini deyərək, hal şahidi kimi işə cəlb edilmiş digər şəxs Rəhim Şıxəliyevin məhkəmədə ifadə verməsi barədə vəsatət qaldırdılar.

            Qısa sürən müşavirədən sonra məhkəmə tərkibi müdafiə tərəfin bu vəsatətinin təmin edildiyini elan edərək, növbəti prosesin  21 iyul saat 15:00-a təyin olunduğunu bildirdilər.

            Xatırladaq ki, Cabbar Savalanlı fevralın 5-də qanunsuz narkotik saxlamaq ittihamı ilə həbs edilib. Cabbar Savalanlıya Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb. Sumqayıt Şəhər Məhkəməsi Cabbar Savalanlının 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə 4 may 2011-ci ildə hökm verib.

             Lakin onun sosial şəbəkələrdə iqtidar əleyhinə səsləndirdiyi fikirlərə görə həbs olunmağı istisna edilmir.

 

 

Previous Post

POLİS GƏNC FƏALIN MƏHKƏMƏSİNDƏ İFADƏ VERDİ

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.