MAHAL İSMAYILOĞLUNUN MƏHKƏMƏ HAZIRLIQ İCLASI KEÇİRİLDİ

Bu gün (7 aprel) Abşeron Rayon Məhkəməsində hakim Şəmsəddin Abbasovun sədrliyi ilə “Yeni Müsavat” qəzetinin köşə yazarı, “Xalq” qəzetinin keçmiş baş redaktoru Mahal İsmayıloğluna qarşı Cinayət Məcəlləsinin (CM) 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və 221.3-cü maddələri (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilən xuliqanlıq) ilə açılmış cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.

Hazırlıq iclasında təqsirləndirilən şəxs Mahal İsmayıloğlu, onun hüquqlarını müdafiə edən şəxslər, “Media Hüquqları İnstitutu”nun vəkili Elçin Sadıqov, jurnalistin digər vəkili Əlayif Həsənov, zərərçəkmiş Nəsibə Səfərova, onun vəkili Novruz Əliyev və dövlət ittihamçısı Tofiq Süleymanoğlu iştirak edirdilər. İclasda ilk olaraq vəkil Ə. Həsənov üç vəsatətlə çıxış edərək hakimdən məhkəmə baxışına xitam verilməsini, cinayət işinin materiallarında zərərçəkmiş N. Səfərova və həyat yoldaşı Xanlar Zeynaloğlunun ifadələrinin çıxarılmasını, eyni zamanda cinayət işinin materiallarının nömrələnməsini xahiş etdi. Hakim Ş. Abbasov müşavirədən qayıtdıqdan sonra vəsatətlərin təmin edilmədiyini bildirib.
     Daha sonra təqsirləndirilən şəxsin vəkili Elçin Sadıqov bir neçə vəsatətləri ilə çıxış edib. Birinci vəsatət cinayət işi üzrə 128-ci maddə ilə bağlı məhkəməyə verilmiş iş üzrə xitam verilməsi ilə bağlı oldu. E. Sadıqov bildirdi ki, qanunun tələbinə görə, 128-ci maddə əsasında cinayət işinin açılması üçün zərərçəkən şəxsin özünün yazılı ərizəsi olmalıdır. Vəkil qeyd etdi ki, həmin ərizə iş materiallarında olmadığına görə, 128-ci maddə ilə bağlı cinayət işini əsassız olaraq qaldırıblar. İkinci vəsatət isə ittiham irəli sürüldüyü vaxtlarda təqsirləndirilən şəxsin ümumiyyətlə bağda olmamasını təsdiq edən şahidlərin məhkəməyə çağırılması idi. Hakim yerində müşavirə keçirdərək vəsatətləri rədd etdi. Vəkilin üçüncü vəsatəti istintaq zamanı boş kağıza qol çəkdirmiş, lakin ittiham aktına əlavə olunmamış hadisənin iki şahidlərini məhkəməyə çağırılması idi. Hakim bu vəsatəti təmin edərək bildirdi ki, onların məhkəməyə gətirilməsi təmin olunur.  Daha sonra E. Sadıqov M. İsmayıloğlunun xəstə olması ilə əlaqədar iş üzrə icraatın dayandırılması ilə bağlı vəsatətlə çıxış etdi. Hakim M. İsmayıloğlu barəsində həbs qəti imkan tədbiri seçildiyini əsas gətirərək, bu vəsatəti təmin etmədi. M. İsmayıloğlunun hadisə baş verən məkanda olmamasını sübut etmək üçün onun mobil telefonunun lokalizasiyası müəyyən olunması ilə bağlı vəsatətlə çıxış etdi. Lakin bu vəsatət təmin olunmadı.
     Prosesin sonunda hakim Şəmsəddin Abbasov növbəti məhkəmə prosesi 16 aprel saat 16:00-a təyin etdi.
     Xatırladaq ki, M. İsmayıloğlu bağ qonşusu olan Daxili İşlər Nazirliyinin əməkdaşı Vahid İmanovun ona qarşı olan şikayəti əsasında iyunun 27-də polisə çağırılmışdı. Şikayətə səbəb guya jurnalistin qonşusunun qulluqçusunu zibili onun qapısına tökdüyünə görə döyməsi olub. Bu səbəbdən M. İsmayıloğluna qarşı Cinayət Məcəlləsinin  221.3-cü maddəsi (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilən xuliqanlıq) ilə cinayət işi açılıb.
Previous Post

Mirzə Sakit bu gün də buraxilmadı

Next Post

“TƏZADLAR” QƏZETİNİN BAŞ REDAKTORU ASİF MƏRZİLİ HƏBS OLUNDU

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.