JURNALİST XƏDİCƏ İSMAYILOVANIN İŞİ İLƏ BAĞLI PEREVENTİV TƏHQİQAT QRUPUNUN İLKİN HESABATI

Martın 17-18-i 2012-ci ildə Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun direktoru Emin Hüseynov, həmin təşkilatın əməkdaşı, jurnalist İdrak Abbasov, Əfqan Muxtarlı, həmçinin Azad Avropa/ Azadlıq Radiosunun əməkdaşı və OCCRP-nın koordinatoru Xədicə İsmayılova ilə birlikdə gizli video kameranın yerləşdirildiyi mənzildə axtarış aparılıb.

Martın 17-i axşam saatlarında mənzilə gələrkən divarda rəngi ilə fərqlənən malanın, bundan başqa mətbəx, vanna otağı və yataq otağının tavanından keçən simin (məftil) olduğu aşkarlanıb.

 

Axtarış zamanı bəlli olub ki, yataq otağının tavanına yaxın yuxarı divarındakı boya otağın boyasından fərqlənir. Yeni boyanın altında nəyin olduğunu müəyyən etmək üçün otaqla yanaşı olan mətbəxtin divarı da yoxlanıb. Tavanın altında üç yarıq və tavandan sallanan bir şəffaf sim də aşkarlanıb. Mətbəxlə vanna otağının birgə divarında isə üç yarıq açılıb. Vanna otağında da daha çox simlərin olduğu bəlli olub, amma onlar daha dərində olduğundan asanca nəzərə çarpmırdı, onların aşkarlanması üçün güclü işıqlandırmaya və tavan lövhələrinin çıxarılmasına ehtiyac var idi. Qrup qərara gəldi ki, ertəsi gün daha yaxşı işıqlandırma avadanlıqları və kameralarla gəlsin. Mənzil tərk edilməzdən öncə tavanın lövhələri yerinə qoyuldu və işıqlar söndürüldü.

 

Ertəsi gün Martın 18-i 2012-ci ildə jurnalistlərdən ibarət təhqiqat qrupu (həmin qrupa Azadlıq Radiosunun əməkdaşı Esmira Cavadova da qoşulmuşdu) mənzilə qayıdanda mənzili bir gün öncə qoyub getdikləri kimi görmədilər: dəhlizin işığı yanırdı, vanna otağında stul və mətbəxtdə rezin əlcəklər var idi (bir gün öncə qrup bu əşyaları olduqları yerdə görməmişdi). Aydın idi ki, mənzildə kimsə olub və  martın 18-i 2012-ci ildə qrupun mənzilə gəlməsi və açarlar başqa mənzildə qaldığından onların gətirilməsi üçün getməli olması arasındakı qısa zaman ərzində həmin adamlar mənzili tələsik tərk ediblər. Naməlum şəxslərin yuxarına sadalanan əşyaları mətbəxtdə və vanna otağında qoyması və işıqları söndürməməsi onların tələsdiyini ehtimal etməyə əsas verir. Martın 18-i 2012-ci ildə qrup mənzilə daxil olan kimi Emin Hüseynov mənzildə digər axtarışlar aparmalı, mətbəxt və vanna otağını yoxlamalı idi. Axtarışlar əlavə simlərin olduğunu aşkara çıxardı: tavanın altında qara və boz simlər var idi. Bu axtarışlar da kameraya və fotoya köçürülüb.

 

 

İki qara və bir boz naqil hamamda asma tavanın altında gizlədilmişdi.

 

Boz naqil mənzilə qaza xəttinin arasından keçirilmişdi. Həmin naqil aşağı mərtəbədəki 32-3 telefon qutusuna birləşdirilmişdi.

 

Axtarışların foto və video çəkilişləri aparılıb. (Aydınlaşdırılmışdır ki, həmin boz naqil Azərbaycanda ən yüksək keyfiyyətli naqildir. 1 metrəsi 80 qəpik olan həmin naqil adətən rabitə əlaqələrinin yaradılmasında istifadə olunur. Qara naqil isə web-kameralar və audio avadanlıqlar üçün istifadə olunur. Bu naqillər şəffaf elektirik ötürücüləri zamanı istifadə olunur).

 

19 Mart 2012-ci ildə Xədicə İsmayılova mənzilində axtarış aparılması üçün Prokurorluğa rəsmi müraciət etdi.

 

Mənzildəki naqillər Prokurorluğun əməkdaşlarına göstərilib və həmin məlumatlar protokolda qeyd olundu.

 

Lakin müstəntiq aşkarlanan naqilləri şərh etməkdən imtina edib. Bildirib ki, ekspert rəyi olmadan bu məsələyə münasibət bildirə bilməz.

 

Müstəniq birinci mərtəbədəki telefon qutusuna qoşulan naqilin haraya və necə ötürüldüyünün öyrənilməsi üçün vəkil Adil İsmayılovun və jurnalist Xədicə İsmayılovanın Telefon Rabitə Qovşağından nümayəndənin dəvət olunması  ilə bağlı tələbindən də imtina edib. Əvəzində müstəntiq bununla bağlı Prokurorluğa müraciət etməyi tövsiyyə edib.

 

Bundan sonra prokuror jurnalistin ailə üzvləri barədə sorğu suala başlayıb. Xədicə İsmayılova ailə üzvləri ilə bağlı sorğu-sualla axtarış arasında heç bir əlaqənin olmamasına baxmayaraq o, jurnalistin suallarını cavablandırıb. Xədicə İsmayılova yenidən müstəniqə həmin naqillərin rabitə qutusuna birləşdirilməsi haqda suallar verib və əsas hədəfi həmin naqillərin rabitə xəttinə necə qoşulmasının araşdırılmasını istəyib.

 

Xədicə İsmayılova mənzilə texniki ekspert baxışının keçirilməsi, telefon xəttinin izah edilməsi məqsədilə lazımi tədbirlərin görülməsi, rabitə mütəxəssislərinin dəvət edilməsi üçün yazılı vəsatət təqdim etsə də, prokurorluq Rabitə Nazirliyi, BTRİB yaxud ATS-dən mütəxəssis çağırmadı. Qeyd edək ki, vəsatətdə Xədicə İsmayılova mütəxəssisin Milli Təhlükəsizlik Nazirliyinə bağlı olmaması ilə əlaqədar xüsusi qeyd yazıb. Vəsatətə məhəl qoyulmadığını görən Xədicə İsmayılova ATS-dən özünün bir usta çağırmasını təklif etdi və müstəntiq Nail Əliyev razılaşdı.

 

Xədicə İsmayılova zəng edib, ATS-dən usta göndərilməsini xahiş etdi. Sifariş üzrə ona zəng edən ustaya evdəki kabelləri yoxlamaq lazım gəldiyini söyləyən Xədicə İsmayılova mənzilə gedəcəkləri vaxtı müstəntiqlə dəqiqləşdirib ustaya söylədi.

Evə gələn usta telefon paylayıcı qutusunu və ona birləşən naqili ona göstərəndə bu naqili şəxsən özünün çəkdiyini və bunu rəhbərlikdən verilən tapşırıq əsasında etdiyini söylədi. Dediyinə görə, ötən il iyulun əvvəlində ona ATS-dən tapşırıblar ki, bu ünvana yeni xətt çəksin. Binanın qarşısında 50 yaşlarında adi görünüşlü adamla rastlaşıb və o, mənzilə qədər xətti çəkməsini, əlavə 10-15 metr kabel saxlamasını tapşırıb. Ustanın telefon xəttinin nömrəsi, çəkiliş haqqı ilə bağlı suallarına “sənlik deyil” cavabı verilib. Onu mənzilə buraxmayıblar, yalnız içəridən bir kətil veriblər ki, boyu çatmayan yerlərdə işləsin. Usta mənzilin içərisini belə görə bilmədiyini, amma gələn səslərdən içəridə şıdırğı iş getdiyini anladığını deyib.

 

Bütün bunlar istintaq qrupuna deyildi, müstəntiq Nail Əliyev ustanın məlumatlarını qeyd etdi, Usta ATS-ə zəng vurub çəkilən xətlə bağlı telefon nömrəsini dəqiqləşdirməyə çalışdı və bir daha təsdiqlədi ki, telefon xətti iyulun əvvəlində çəkilib, nömrə sonralar xətdən çıxarılıb. Sonra usta müstəntiqin xahişi əsasında xətlərin evin içində hara getdiyini öyrənmək üçün söküntü işləri apardı və qara naqillərin qonaq otağına da gedib çıxdığını ortaya çıxardı. Bu müddət ərzində müstəntiq protokolu yenidən yazmağa başladı. Bu dəfə protokola ustanın dedikləri ilə bağlı heç nə salınmamışdı. Orda olan məlumatlar yalnız baxış zamanı baş verənlərin bir hissəsini əks etdirirdi. Vəkil Adil İsmayılov müstəntiqdən ustanı dindirməsini tələb etsə də, müstəntiq bunu etmədi. Tələblərə baxmayaraq, protokola usta ilə bağlı məlumatları yenidən əlavə etməkdən imtina etdi.  Xədicə İsmayılova protokola qeydlə imza atdı.

 

Martın 20-də Xədicə İsmayılova yenidən prokurorluğa gəlib ifadə verməsi üçün müstəntiqə zəng edib, lakin müsbət cavab almayıb. Bundan sonrakı günlərdə də istintaq əməlləri ilə bağlı Xədicə İsmayılova və vəkil Adil İsmayılov tərəfindən edilən bütün müraciətlər cavabsız qalıb.

 

Xatırladaq ki, Xədicə İsmayılova istintaqa cəlb olunan ekspertlərin MTN ilə bağlılıqlarının olmaması ilə bağlı xahiş edib. Əldə olunan məlumata görə, müstəntiq Nail Əliyev MTN istintaq idarəsinin rəisinin kürəkənidir və onun istintaqda atdığı addımlar şübhə doğurur.

Onun Nurəddin Cəfərovun ifadəsini almaqdan imtina etməsi, protokolu dəyişməsi və evə gizli çəkiliş məqsədilə telefon xətti çəkilməsini sifariş verənlərlə bağlı araşdırma aparmaması şübhə doğurur.

 

ƏLAVƏ MƏLUMAT VƏ NƏTİCƏLƏR

 

Daha sonra,  ATS əməkdaşı ilə Xədicə İsmayılova və vəkil Adil İsmayılov tərəfindən qeydə alınan söhbət zamanı usta Nurəddin Cəfərov xətti iyulun 2-də, şənbə günü çəkdiyini söyləyib.

Bu tarix, Xədicə İsmayılovanın ölkədə olmadığı vaxta və prezidentin qızlarının Azərfon şirkətindəki payı ilə bağlı araşdırmanın azərbaycanca və ingiliscə dərc edilməsindən cəmi bir neçə gün sonraya təsadüf edir.

 

Mənzilə kabel çəkilişi azı bir dövlət idarəsinin iştirakı ilə baş verib. Kimsə mənzil sahibinin və sakininin razılığı və sifarişi olmadan xətt çəkilməsinə sanksiya verib.

 

Prokurorluğun yuxarıda göstərilənlərdən əlavə hər hansı bir istintaq əməli apardığına dair heç bir sübut yoxdur.

 

Xədicə İsmayılova 163-cü maddə (jurnalistə təhdid) üzrə də cinayət işinin açılmasını tələb edib, lakin prokurorluq yalnız 156-cı maddəyə istinad edir.

 

Xədicə İsmayılovaya və Adil İsmayılova istintaqın gedişatı ilə tanışlıq imkanı verilmir.

 

Hakim partiya və dövlət orqanlarına bağlılığı olan qəzetlərdə jurnalistə qarşı aparılan kampaniyanın da təhdid cinayətinin tərkib hissəsi kimi nəzərdən keçirilməsi, ən azından bu versiyanın yoxlanmasına ehtiyac var.

 

Prokurorluq Xədicə İsmayılovanın və vəkil Adil İsmayılovun dəlilləri sənədləşdirməklə bağlı tələblərinə məhəl qoymur. Dəlillər hökumət idarələrinin cinayətdə əli olduğunu göstərir və prokurorluq müstəqil istintaq orqanı kimi araşdırma aparmaqda acizdir.

 

 

 

Previous Post

XƏDİCƏ İSMAYILOVA VİDEOÇARX HAKİMİYYƏT TƏRƏFİNDƏN HAZIRLANIB

Next Post

POLİTOLOQ QABİL HÜSEYNLİ İLƏ MÜSAHİBƏ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.