JURNALİST İDRAK ABBASOV VƏ AİLƏ ÜZVLƏRİNƏ QARŞI TƏZYİQLƏR DAVAM EDİR

Sentyabrın 9-da ailə üzvlərinə qarşı zorakılıq olmuş “Ayna” və “Zerkalo” qəzetlərinin, habelə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) əməkdaşı   İdrak Abbasovun ətrafında gərginlik davam edir.

Belə ki,  qardaşları Raman Abbasov və Vaqif Abbasov haqqında 20-ci polis bölməsində cinayət təqibi ilə araşdırmaya başlanılıb. Qardaşlar Mərkəzi Təcili Yardım Xəstəxanasının mühafizəçilərini döyməkdə ittiham olunurlar. Bu barədə bu gün (15 sentyabr )Reportyorların Azadlıq və  Təhlükəsizlik İnstitutuna  İdrak Abbasovun özü məlumat verib.

 Amma maraqlıdır ki, adları şikayətçi kimi göstərilən mühafizəçilər, şikayət vermədiklərini və qardaşlara qarşı hər hansı bir iddialarının olmadığını bildiriblər. Qardaşlar ailələrinin hüquqlarının müdafiəsi üçün Media Hüququ İnstitutunun vəkili Elçin Sadıqovun iştirakı ilə şənbə günü ifadə verəcəklər.

 Habelə İdrak Abbasov haqqında 29-cu polis bölməsində xuliqanlıq şikayəti ilə araşdırmalara başlanıb. Jurnalist avtomobili ilə hərəkət edərkən, guya digər nəqliyyat vasitəsini idarə edən şəxsi hədələyib.

Habelə İ.Abbasovun ailəsinə olan hücumla bağlı istintaqda da irəliləyiş yoxdur. Hadisə ilə bağlı araşdırmalara başlayan 40-cı polis bölməsi əməkdaşları hadisə yerinə baxış keçirsələr də, bu günə qədər zərərçəkənlərin ifadələrini almayıblar.  

Qeyd edək ki, Abbasovlar ailəsinin hüquqlarının müdafiəsi ilə Media Hüququ İnstitutunun nümayəndəsi, vəkili Elçin Sadıqov məşğul olur.

 

Belə ki,   İdrak Abbasovun ailə üzvləri hələ də xəstəxanadadırlar. Amma xəstəxanaya travma ilə yerləşdirilən anası Naimə Quliyeva demək olar ki, müalicə edilmir. İ.Abbasovun RATİ-yə verdiyi məlumata görə bu gün yenə də həkimlər anasına təzyiq ediblər.

            “Həkimlər gəlib anama bildiriblər ki, qonşunla dalaşmayaydın. Sən xəstə filan deyilsən çıx get evinə. Mən bu xəbərdən sonra xəstəxanaya getdim. Amma mənə heç kim epikriz vermək istəmədi və xəstənin xəstəxanadan buraxılmağına dair heç bir kağız ala bilmədim. Amma inad edirdilər ki, apar. Amma sonda fikirlərini dəyişib dedilər ki, biz onu xəstəxanadan çıxarmaq istəmirik”, – deyə qeyd edən İ.Abbasov anasının xəstəxanada saxlanılmağına baxmayaraq müalicə edilmədiyini bildirdi.

            Habelə adı çəkilən xəstəxanada müalicə alan qardaşı Ədalət Abbasov da ona olunan tibbi xidmətdən narazıdır və onun İ.Abbasov tərəfindən xəstəxanadan çıxarılacağı gözlənilir.

            4 saylı şəhər xəstəxanasında müalicə olunun atası Telman Abbasovun isə müalicəsi davam edir və o xəstəxanada hər hansı bir problemlə üzləşməyib.

            Xatırladaq ki, sentyabrın 9-da “Binəqədi OİL” şirkətinin xüsusi təyinatlıları İ.Abbasovun atasının həyətinə hücum edib. Nəticədə atası, anası, qardaşı, gəlinləri rezin dəyənəklərlə döyülüb. Qardaşının yaşadığı bir otaqlı ev isə əşyaların üzərinə uçurulub.  Yerli və beynəlxalq qurumlar jurnalistə və ailəsinə qarşı olan hücumu, jurnalistin peşə fəaliyyəti ilə bağlı olduğunu bildirilər.

Bu arada  “Sərhədsiz reportyorlar” beynəlxalq mətbuatı müdafiə təşkilatı “Binəqədi Oil” şirkəti nümayəndələrinin jurnalist İdrak Abbasovun ailə üzvlərinə qarşı zorakılığını qətiyyətlə pisləyib.

Jurnalistin RATİ-yə  verdiyi məlumatına görə, bəyanatda bildirilir ki, sentyabrın 9-da jurnalistin valideynlərinin evinin ekskavatorla sökülməsi kimi vandalizm aktı törədilib: “Dağıntını ”Binəqədi Oil" şirkətinin işçiləri həyata keçiriblər. Jurnalist bu şirkətin fəaliyyətinin araşdırılması ilə məşğul olurdu. Bu akt şirkətin İdrak Abbasovun səsini kəsmək cəhdinə dəlalət edir və bu gün Azərbaycan hakimiyyətinin təkcə jurnalistlərə qarşı deyil, onların ailə üzvlərinə qarşı da tətbiq etdiyi metodları əks etdirir".

Bəyanatda həmçinin bildirilir ki, bu hadisə hakimiyyətin bu yaxınlarda məşhur hüquq müdafiəçisi Leyla Yunusa qarşı repressiyalarını xatırladır.

Xatırladaq ki, sentyabrın 9-da “Binəqədi Oyl kompani” əməkdaşları mülkiyyət sənədlərinin olmadığını əsas gətirərək RATİ-nin əməkdaşı İdrak Abbasovun valideynlərinin və qardaşlarının Sulutəpədəki evinin bir hissəsini söküblər. Bu zaman onlara etiraz edən jurnalistin atası, anası, qardaşı, gəlinləri və onların uşaqlarına qarşı fiziki zor tətbiq edilib Ciddi xəsarət alan Ədalət Abbasov və anası Naimə Quliyeva 1 saylı Şəhər Klinik Mərkəzinə yerləşdirilib. Ata Telman Abbasov isə 4 saylı şəhər xəstəxanasında müalicə alır.

 

Previous Post

İNSAN HAQLARIYLA BAĞLI SEMİNAR KEÇİRİLİR

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.