Proses ilk olaraq, N. Pənahlının ifadə verməsi ilə başlayıb. N. Pənahlı qanuni məhkəmə gözləmədiyini, dövlət başçısının sifarişinə əsasən həbs edildiyini dedi və həbsinin onun yenidən siyasi fəaliyyətə başlaması ilə sıx əlaqəli olduğunu bildirdi. O, həmçinin hakim E. Əhmədova müraciət edərək, tanışı C. Fərzullayevin onun siyasi mübarizəsinə, eləcə də ona qarşı irəli sürülən ittihamlara aidiyyatının olmadığına görə, azad edilməsini xahiş etdi.
Sonra isə C. Fərzullayev dövlət ittihamçısının suallarına cavab verərək istintaq zamanı təzyiqə məruz qaldığını və ondan N.Pənahlının əlehinə ifadə almaq istədiklərini bildirdi: “Mənə dedilər ki, Nemətin Eldəniz Rzayevi necə döydüyünü yaz, səni buradan buraxaq”.
Hakim E. Əhmədov istintaqın başa çatması barədə məhkəmə iştirakçılarını məlumatlandırdı və bundan sonra dövlət ittihamçısı Ə. Ramazanov çıxış etdi. O, N. Pənahlının 7 il 6 ay, C. Fərzullayevin isə 5 il müddətinə azadlıqdan məhrum edilməsini, həbs müddətinin saxlanıldıqları vaxtdan hesablanmasını hakimdən xahiş etdi.
Müdafiə tərəfin vəkilləri öz növbələrində çıxış edərək, məhkəmə iclas protokollarında edilən qeydlərlə ətraflı tanış olmaq, həmçinin çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istədilər. Hakim E. Əhmədov prosesi 7 iyun saat 14:30-a qədər təxirə saldı.
Xatırladaq ki, yanvarın 8-də Nemət Pənahlı öz dostu Ceyhun Fərzullayev ilə birlikdə vətəndaş Eldar Rzayevin şikayəti əsasında saxlanılıb. Yanvarın 10-da Nəsimi Rayon Məhkəməsi Pənahlı və Fərzullayev Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə (silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) iki ay müddətinə həbs edib. Münaqişəyə səbəb Pənahlının Rzayevə satdığı avtomobil olub. Yanvarın 17-də Bakı Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb.
Pənahlının doğmaları və yaxınları isə hesab edirlər ki, onun və dostunun həbsi "P.S. Nota" qəzetində və ümumiyyətlə mətbuatda hakimiyyətin ünvanına söylədiyi tənqidi fikirlərlə bağlıdır.