Polisin gördüyü tədbirlərə baxmayaraq bir qrup aksiyaçı Nizami kinoteatrının qarşısında şüarlar səsləndirərək, «İlham istefa!» , «Kral klan rejiminə son!» yazılmış vərəqələr səpdilər. Amma dərhal hücuma keçən polislər və mülki geyimlilər demək olar aksiya iştirakçılarını saxlayıblar. Saxlanılanlar polis tərəfindən zorakılığa məruz qalıblar. Qadınlar, yaşlılar yerlərdə süründürülüb, hətta 5 yaşında bir qız uşağı da polis tərəfindən həbs edilib və polis bölmələrinə aparılıblar.
Qeyd edək ki, aksiya zamanı 3 İsveçli jurnalist mülki geyimli şəxslər tərəfindən saxlanılıb. May Rohvedder Strit (My Rohwedder Street) və Şarlotta Vijstkörm (Charlotta Wijkström) və Şarli Laprevod (Charlie Laprevote) saxlanılıblar. İsveçli jurnalistlər Azərbaycanda iqtisadi inkişaf fonunda baş verən proseslərlə tanışlıq, eləcə də Azərbaycan-Avropa münasibətləri haqqında İsveç telekanalları üçün reportajlar hazırlamaq məqsədilə Azərbaycana səfər ediblər. Jurnalistlər saxlanılaraq 39-cu polis bölməsinə aparılıblar. Əməkdaşlarımız 39-cu polis bölməsinin növbətçi hissəsi ilə əlaqə saxlayıblar. Oradan əməkdaşlarımıza bildiriblər ki, artıq jurnalistləri sərbəst buraxıblar. Lakin isveçli jurnalistlər bildiriblər ki, onları Miqrasiya İdarəsinə aparıblar. Jurnalistlərin barəsində heç bir məlumat verilmir.
Belə ki, şəhərin mərkəzində səhər saatlarından başlayan gərginlik axşam saat 19 radələrinə qədər davam etdi. Aksiya zamanı saxlanılanlar haqqında dəqiq məlumat olmasa da, rəsmi məlumatlara görə 60, qeyri-rəsmi məlumatlara görə 100 nəfərə qədər adam saxlanılıb.