PREZİDENTİN KİV-LƏRLƏ BAĞLI İMZALADIĞI SON SƏRƏNCAMLAR HƏBSDƏ OLAN JURNALİSTLƏRİN AİLƏLƏRİNİ HEÇ DƏ SEVİNDİRMƏYİB

İyulun 31-də prezident İlham Əliyev KİV-lərə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Prezidentin ehtiyat fondunun vəsaiti hesabına 38 KİV-in hər birinə 5000 AZN (təxminən 6200 ABŞ dolları) məbləğində birdəfəlik maliyyə yardımı ediləcək.  Habelə həmin gün, (31 iyul)  prezident İ. Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası” təsdiq olunub.  Kimlərsə prezidentin imzaladığı sərəncamları söz və mətbuat azadlığına dəstək kimi dəyərləndirsələr də, hazırda həbsdə olan jurnalistlərin ailələri fərqli fikirdədirlər.
“Həbsdə olan jurnalistlərdən heç olmasa birini azad etsəydilər, bu daha yaxşı olardı, bu söz azadlığına daha gerçək dövlət dəstəyi kimi qiymətləndirilərdi”. Bunu  RATİ-yə “Bizim yol” qəzetinin həbsdə olan  əməkdaşı Müşfiq Hüseynovun qohumu  Cavidan Hüseynov bildirdi.
Həbsdə olan “Azadlıq” qəzetinin əməkdaşı, satirik jurnalist Mirzə Sakitin (Sakit Zahidov) həyat yoldaşı Rəna Zahidova isə sərəncamları şübhə ilə qarşılayıb: “Mən dövlətin qəzetlərə yardım etməsini birinci dəfə idi ki eşidirdim. Bundansa Milli Mətbuat Günündə (Azərbaycan milli mətbuatının əsası 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetini dərc etməklə Həsən bəy Zərdabi tərəfindən qoyulub. 22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi hər il bayram edilir – red.) həbsdə olan jurnalistlərin birini azad edərdilər. Bu daha yaxşı olardı”.
 “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin atası Emin Fətullayev isə hesab edir ki, sərəncamların həbsdə olan jurnalistlərə və onların ailələrinə heç bir aidiyatı yoxdur:  “Onun bizə nə xeyri var? Kimə pul ayırıblarsa halal xoşu olsun. Əgər jurnalistləri azad etsəydilər bu yaxşı olardı. Amma biz Milli Mətbuat Günündə əfvin olmamağına təəccüblənmədik. Onsuz da  əfvin olacağına ümidimiz yox idi”.
“Mən qəzetlərə ayrılan beş min manata (5000 AZN) görə və ya KİV-ə Dövlət Dəstəyi Kompensasiyasının imzalanmasına  sevinmirəm. Bu heç də  Azərbaycan mətbuatının düşdüyü indiki ağır vəziyyətdən çıxara bilməz”. Bunu isə  “Azadlıq” qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahidin (Zahidov) həyat yoldaşı Ayəndə Mürsəliyeva dedi.

Previous Post

BU GÜN HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Next Post

JURNALİSTLƏRƏ MALİYYƏ YARDIMI EDİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.