YENİ AZADLIĞA ÇIXAN JeeURNALİST FƏALİYYƏTƏ BAŞLADIĞINI RƏSMƏN ELAN ETDİ

Bir müddət bundan əvvəl  həbsdən azad edilmiş, keçmiş  siyasi məhbus “Realnıy Azerbaydjan” və “Gündəlik Azərbaycan” qəzetlərinin baş redaktoru  Eynulla Fətullayev dünən rəhbəri olduğu “İnsan  Haqları Uğrunda” Hərəkatın yeni ofisini mediaya və dostlarına təqdim edib.

O, Avropa Məhkəməsinin qərarı ilə nəzərdə tutulan maliyyə təzminatının bu gün (8 avqust)  ona verildiyini və bununla da adı çəkilən məhkəmənin haqqında çıxardığı hökmün tam icra edildiyini dedi. Habelə o bunu tək özünün yox, demokratik dünyanın  qələbəsi hesab edərək   müdafiəsində əməyi keçən hər bir şəxsə minnətdarlığını bildirdi.

Yeni hərəkata gəlincə, E. Fətullayev artıq təşkilatın ofisi icarəyə götürdüyünü, ictimai əlaqələr, siyasi məhbus və hüquq departamentlərin  yaradıldığını bildirib.

Bundan əlavə, E. Fətullayev Azərbaycanda siyasi məhbus məsələsi üzrə Avropa Şurasının  xüsusi məruzəçisi Kristofer Ştrasserin iştirakı ilə bu il noyabrın 4-də Bakıda “Azərbaycanda insan haqları – bu gün” mövzusunda beynəlxalq konfransın keçirilməsinin  nəzərdə tutduğunu qeyd edib. Avqustun sonuna kimi konfransın gündəliyi ilə bağlı sənədlər Avropa Şurası katibliyinə göndərilməlidir.

Bununla yanaşı, K. Ştrasserin siyasi məhbusların ailə üzvləri və vəkillərilə görüşləri də gözlənilir. Belə ki, bu görüşlər nəticəsində K.Ştrasser Azərbaycanda siyasi məhbus probleminə dair hesabat hazırlayaraq, AŞPA-nın qış sessiyasına təqdim etməyi nəzərdə tutur. Onun fikrincə, rəsmi Bakının K.Ştrasserin gəlişinə mane olmaq istəməsi ciddi beynəlxalq qalmaqallara yol aça bilər.

Eyni zamanda, hərəkat İnsan Haqları Klubu ilə birgə ölkə həbsxanalarında tədqiqat aparmağa hazırlaşdığını deyib və bu yolda Penitensiar Xidmət rəhbərliyinin bu məsələyə görə şifahi razılığının alındığını nəzərə çatdırıb. Hər həbsxana monitorinq edildikdən sonra qrup həbsxanadakı durumla bağlı məbuata açıqlama vermək qərarı qəbul edib.

Habelə E.Fətullayev  “twitter”də  Amnesty İnternational təşkilatının onun təklifi ilə gənc  fəal Cabbar Savalanlının azadlığı üçün kampaniyaya başladığını qeyd etdi. E.Fətullayev C.Savalanlının azadlığı üçün ölkənin tanınmış aktyor, aktrisa və müğənnilərinin də dövlət başçısına müraciətini təşkil etməyi nəzərdə tutur. Habelə o sadə vətəndaşları da bu kampaniyaya aktiv dəstək verməyə çağırdı.

 

Previous Post

ZABİTLƏR BİRLİYİNİN SƏDRİ YAŞAR CƏFƏRLİ İLƏ MÜSAHİBƏ

Next Post

RUSİYA GÜRCÜSTANA QARŞI YENİ MÜHARİBƏYƏ HAZIRLAŞIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.