“YENİ MÜSAVAT”-IN YAZARI VƏ TƏSİSÇİSİ ÖLÜMLƏ HƏDƏLƏNİR

“Yeni Müsavat” qəzetinin redaksiyasına təhqir və təhdid dolu zənglər edilir. Bu barədə  bu gün (21 dekabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) "Yeni Müsavat" qəzetinin təsisçisi  Rauf Arifoğlu məlumat verib.

R.Arifoğlunun sözlərinə görə, “Özünü gah “Ərdoğan” və “kürd oğlu” kimi təqdim edən naməlum şəxs qəzetdə dərc olunan “Ələ keçən terrorçu PKK-nın rəzil həyatını açıqladı” başlıqlı məqalənin müəllifi Nəsimini və mənim ünvanıma təhqiramiz ifadələr işlədərək, bizi ölümlə hədələyiblər. Əslində bu  məqalə Türkiyədə çıxan "Milliyet" qəzetinin materialıdır. Bundan başqa, ələ keçən terrorçunun PKK barədə söylədikləri Türkiyədə fəaliyyət göstərən bütün elektron və çap media quruluşlarında yer alıb. Buna baxmayaraq özünü PKK təsübkeşi  kimi aparan şəxsin “Yeni Müsavat” ı hədəf seçməsi anlaşılmır.  Bu şəxsin hər hansı bir etirazı varsa,  öz etirazını PKK üzvlərinin ələ keçirildiyini ilk yazan mətbuat orqanlarına bildirməlidir”,  – deyən R. Arifoğlu qeyd etdi.

Habelə R.Arifoğlu  hüquq-mühafizə orqanlarına müraciət edərək qəzetə və qəzetin əməkdaşlarına qarşı hədə-qorxu gələn şəxsin tezliklə tapılıb cəzalandırılmasını xahiş etdiyini bildirdi.

Qeyd edək ki, Azərbaycanın ən çoxtirajlı qəzetlərindən olan “Yeni Müsavat” qəzeti 1989-cu ildən fəaliyyət göstərir və gündəlik çap olunur.

 

Previous Post

HÜQUQ MÜDAFİƏÇİLƏRİ VƏ JURNALİSTLƏR CƏNUB BÖLGƏSİNDƏ OLUB

Next Post

ELAN

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.