İNTERNETDƏ MƏHDUDLAŞDIRMALAR HAKİMİYYƏT VƏ PROVAYDERLƏR ARASINDA RAZILAŞMANIN NƏTİCƏSİDİR

            Bu gün Park İnn otelində “Onlayn tənqidi səslər: Hüquq müdafiəçiləri və medianın kiber təhlükəsizliyi” mövzusunda keçirilən dəyirmi masada  Azərbaycanda kibercinayətkarlığa qarşı mübarizə məsələləri müzakirə olunub.

 Tədbir “Onlayn İfadə Təşəbbüsü” kampaniyası çərçivəsində keçirilib.  Kampaniyaya Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, İnsan Hüquqları Klubu və Azərbaycan Media Mərkəzi daxildir.  Tədbirə Beynəlxalq Mediaya Dəstək Azərbaycan təşkilatlarının rəhbəri Gülnarə Axundova moderatorluq edib. İnsan Hüquqları Klubunun sədri Rəsul Cəfərov bildirib ki, kampaniyanın əsas məqsədi Azərbaycanda İnternetlə bağlı araşdırma aparmaq və müvafiq tövsiyələr hazırlamaqdır.
            RATİ direktoru Emin Hüseynov bu ilin yanvarında bir sıra dövlət və qeyri-dövlət saytlarına edilən hücumları xatırladıb. Bu, kibertəhlükəsizliyin peşəkar deyil, həvəskar şəkildə təmin edildiyini göstərib. Problemin kökü medianın kibertəhlükəsizliyinin beynəlxalq lisenziyalaşdırılmış antivirus və digər proqramlarla təmin edilməməsindədir.   Bu sahədə Qərbin liberal standartlaşdırma sistemi tətbiq edilməli, kibertəhlükəsizlik sistemi sahəsində tədris vəsaitləri hazırlanmalı, mütəxəssislər yetişdirilməlidir.
            Forumda İnternetdə tənqidi səslərin boğulmasına, xüsusən, son iki ildə “Azadlıq” qəzetinin saytına hücumların artmasına diqqət yetirilib. “Azadlıq” qəzetinin redaktoru Rahim Hacıyev sayta hücumların davam etməsi barədə məlumat verib. Bu ilin mart və may aylarında saytın parollarını və panellərini ələ keçirilməyə çalışıblar. Onun sözlərinə görə, sayta hücumlar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən gəlir. Hökumət internetdə informasiyanın sərbəst axınını daha çox tənzimləməyə və məhdudlaşdırmağa çalışır. Bunun nəticəsində hakimiyyət İnternetdə senzura yaradır.
            Beynəlxalq “Article 19”  təşkilatının nümayəndəsi Rebeka Vinsent (Rebecca Vincent) qeyd edib ki, Azərbaycanda çox mühüm və həssas siyasi məqamlarda  tənqidi saytların  bağlanması və məhdudlaşdırılması ilə bağlı xəbərlər var. Onun sözlərinə görə, bu, dövlət agentləri və İnternet provayderləri arasında qeyri-rəsmi danışıqlar nəticəsində baş verib.  R.Vinsent bunu ifadə azadlığına açıq təzyiq kimi qiymətləndirib. Beynəlxalq insan hüquqları standartlarına görə, saytın icbari bağlanması yalnız məhkəmə qərarı əsasında həyata keçirilə bilər, bu zaman qərar məhdud sahəni əhatə etməlidir.
            Media Hüquqları İnstitutunun (MHİ) direktoru Rəşid Hacılı hesab edir ki, dövlət və özəl  saytlara edilən hücumlara dövlətin reaksiyası eyni olmalıdır. “Dövlət saytlarına qarşı edilən kiberhücumlar cinayət xarakterli olursa, özəl saytlara da edilən hücumlar eyni tərkibə malik olmalıdır”,- ekspert belə hesab edir.
            Bloger Əli Novruzov sosial şəbəkələrdə saxta profillərin yaradılması problemlərinə diqqət çəkib.   Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndələri tədbirə qatılmayıblar.
Previous Post

İCTİMAİ PALATA OFŞOR ZONALARDAKI VƏZİYYƏTLƏ BAĞLI DİNLƏMƏ KEÇİRİB

Next Post

XƏDİCƏ İSMAYILOVANIN “YENİ AZƏRBAYCAN” QƏZETİNƏ QARŞI İDDİASINA BAXILIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.