MİRZƏ SAKİT ACLIQ AKSİYASINA BAŞLADI

yanvar 16th, 2010
“Azadlıq” qəzetinin əməkdaşı, satirik şair Mirzə Sakit bu gün (16 yanvar) aclıq aksiyasına başlayıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna satirik şair özü məlumat verib. O bildirib ki, yanvarın 11-də “Azadlıq” qəzetinə diktatura rejimlərini sərt tənqid edən şeir təqdim edib.

Lakin həmin şeir qəzetdə çap olunmayıb: “Qəzetin baş direktoru Azər Əhmədov guya təhqiredici ifadələr olduğuna görə şeirin çap olunmadığını bildirib. Lakin bildirmək istəyirəm ki, şeirdə diktatura rejimləri sərt olunsa da, orda təhqiredici ifadələr yoxdur”.
Mirzə Sakit həmçinin qeyd edib ki, aclıq aksiyasını yanvarın 18-dək evdə, daha sonra isə başqa yerdə keçirəcək: “Aksiyanı davam etdirmək üçün Müsavat Partiyası və digər yerlərlə danışmışam. Mənim şeirim çap olunmayana qədər aclıq aksiyasını davam etdirəcəyəm”.
 “Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədov RATİ-yə bildirib ki, Mirzə Sakitin bu addımını absurd hesab edir. “Mirzə Sakitin bu qəzetdə çox sayda yazısı dərc olunub. İstər həbsxana xatirələrinin, istərsə də şeirlərinin dərcində heç bir problem olmayıb. Ancaq son olaraq təqdim etdiyi şeirdə təhqir elementləri olduğuna görə, dərc olunmayıb. Bu, təkcə mənim yox, qəzetin bütün kollektivinin rəyidir. Qəzetin baş redaktoru Qənimət Zahidi də hər zaman deyib ki,  “Azadlıq” qəzetində heç kim xüsusi imtiyaza malik deyil” – deyən A.Əhmədov, M.Sakitə sağlamlıq arzuladığını vurğuladı.
Qeyd edək ki, “Azadlıq” qəzeti 1989-cu ildən çıxır və gündəlik qəzet kimi fəaliyyət göstərir.