SAKİT ZAHİDOV AİLƏSİ İLƏ TELEFONLA ƏLAQƏ SAXLAYIB, QƏNİMƏT ZAHİDOVUN AİLƏSİ İSƏ 3 GÜNDƏN SONRA ONUNLA GÖRÜŞƏCƏK

10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən “Azadlıq” qəzetinin  əməkdaşı, satirik  yazar Sakit Zahidov (Mirzə Sakit) dünən (10 dekabr) ailəsi ilə telefon vasitəsilə əlaqə saxlayıb.

Bu barədə RATİ-yə jurnalistin həyat yoldaşı Rəna Zahidova məlumat verdi.
”Sakit Zahidov ilk öncə uşaqların vəziyyəti ilə maraqlandı. Özünün isə ümumi vəziyyətinin pis olmadığını dedi”, – deyə qeyd edən Zahidova həyat yoldaşının yenidən cəzaçəkmə müəssisəsinə qayıtmasının onlara çox pis təsir etdiyini də bildirdi: “Ailəmiz  üçün dekabr ayının 8-i kədərli keçdi. Sakit  yenidən cəzaçəkmə müəssisəsinə qaytarıldı.  Amma bir həftə olsa belə azadlığa buraxılmaq da az müddət deyildi. Amma təəssüf ki, bu günlər bizim üçün tez çox tez bitdi”.
17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidov (Zahid) isə cəzaçəkmə müəssisəsinə qayıdandan sonra ailəsi ilə əlaqə saxlamayıb. Bu barədə RATİ-yə məlumat verən jurnalistin həyat yoldaşı Ayəndə Mürsəliyeva bildirdi ki, Q. Zahidovla adətən həftə sonları görüşmək imkanı olur: “Cəzaçəkmə müəssisəsinə qayıtdıqdan sonra ilk dəfə dekabr ayının 15-də Qənimətlə görüşmək imkanımız olacaq”.
Qeyd edək ki, Zahidov qardaşlarının atası Səlim Zahidov dekabrın 1-i axşam saatlarında vəfat edib. Zahidov qardaşlarının anaları Xədicə Zahidovanın Ədliyyə Nazirliyinə vurduğu teleqramdan sonra dekabrın 2-dən 3-ə keçən gecə müvəqqəti olaraq azadlığa buraxılmışdılar. Dekabrın 8-də isə Zahidov qardaşları yenidən cəza çəkdikləri müəssisələrə qaytarılıblar.
Previous Post

“JURNALİSTLƏR HƏDƏ-QORXUSUZ İŞLƏYƏ BİLMƏLİDİRLƏR ”

Next Post

Söz azadlığına həsr olunmuş dəyirmi masa

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.