SƏRDAR ƏLİBƏYLİNİN ŞİKAYƏTİ ARAŞDIRILMIR

mart 11th, 2010
“P.S. Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli (Əliyev) fevralın 20-də  təxribata məruz qalması ilə bağlı Xətai rayon 35-ci polis bölməsinə verdiyi şikayətin araşdırılmaması barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verib.

Bununla bağlı 35-ci polis bölməsində izahat verdiyini qeyd edən S. Əlibəyli bildirib ki, şikayətin araşdırılmaması təxribatın sifarişlə həyata keçirilməsi ilə əlaqədardır. Baş redaktor onu da əlavə edib ki, ondan izahat alan təhqiqatçının adını xatırlamır.
Xətai rayon 35-ci polis bölməsinin növbətçi hissəsindən isə RATİ-yə bildiriblər ki, şikayətlə hansı təhqiqatçının məşğul olması məlum olmadığına görə heç bir məlumat verə bilməzlər.
Əlavə edək ki, S.Əlibəyli 2010-cu il fevralın 20-də səhər saatlarında mənzilinin üst mərtəbəsində yaşayan ərəb mənşəli qonşusunun təhqiredici ifadələri ilə üzləşib və bunu təxribat hesab etdiyi üçün polisə müraciət edib. Baş redaktor bu hadisəni  həbsdən sonra keçirdiyi mətbuat konfransındakı açıqlamaları və “Xural” qəzetində dərc olunan müsahibələri ilə əlaqədar olduğu barədə RATİ-yə məlumat vermişdi.
Xatırladaq ki, “Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli 8 oktyabr 2009-cu il tarixdə Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzovun iddiasına əsasən üç ay müddətinə azadlıqdan məhrum edilmişdi. Həmçinin oktyabrın 9-da Daxili Qoşunlar (DQ) komandanlığında təmsil olunan bir neçə şəxsin Sərdar Əlibəyliyə qarşı qaldırdıqları xüsusi ittiham qaydasında iddiaya əsasən Nizami rayon Məhkəməsinin çıxardığı hökmdən hər iki tərəfin verdiyi apelyasiya şikayəti üzrə çıxarılan qərara görə, Sərdar Əlibəyli əvvəlki cəzası da daxil olmaqla 4 ay azadlıqdan məhrum edilmiş, bu il fevralın 8-də həbs müddətini başa vuraraq azadlığa çıxmışdır.
Qeyd edək ki, Sərdar Əlibəylinin baş redaktor olduğu həftəlik “Nota Bene” və “Nota” qəzetləri Mətbuat Şurası tərəfindən “reket” elan olunduğu üçün, mətbəələr qəzetləri çap etməkdən imtina ediblər və MŞ-nin qərarı ilə razılaşmayan S.Əlibəyli “P.S. Nota” qəzetinin təsis edib.