“YENİ MÜSAVAT” QƏZETİNİN BAŞ REDAKTOR MÜAVİNİNƏ QARŞI XÜSUSİ İTTİHAM QAYDASINDA İDDİA QALDIRILIB

“İdeal” qəzetinin həbsdə olan baş redaktoru Nazim Quliyev və “Binə” Ticarət Mərkəzinin direktor müavini Dilşad Əmirova “Yeni Müsavat” qəzetinin baş redaktorunun müavini Azər Ayxanı xüsusi ittiham qaydasında  məhkəməyə verib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) qəzetin hüquqşünası Vaqif Hüseyn məlumat verib.

Onun sözlərinə görə, iddiaya 2008-ci ilin noyabr ayından başlayaraq qəzetin 10 sayında iddiaçılar barəsində dərc olunan məqalələr səbəb olub. İddia ərizəsində qəzetin baş redaktorunun birinci müavini A.Ayxanın CM-nin 147.2. (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci maddəsi (təhqir) ilə cinayət məsuliyyətinə cəlb edilərək, cəzalandırılması əksini tapıb.
V.Hüseyn əlavə etdi ki, iş icraata qəbul olunub və 26 aprel saat 15:00-da Nizami rayon Məhkəməsində hakim Ziya Əliyevin sədrliyi ilə hazırlıq iclası keçiriləcək.
Qeyd edək ki, “İdeal” qəzetinin təsisçisi N.Quliyev diffamasiya maddələri ilə 20 may 2009-cu il tarixdə 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Sonradan ona qarşı  15 yanvar 2009-cu ildə isə Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə), 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə zor tətbiq etmə ilə törədildikdə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 221.1-ci (xuliqanlıq), 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə təqsirli bilinərək, 13 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. N.Quliyevin həbsindən sonra “İdeal” qəzeti nəşrini dayandırıb. 1998-ci ilin noyabr ayından fəaliyyət göstərən “İdeal” qəzetinin nəşrində dəfələrlə fasilələr olub. Bu fasilələr əsasən təsisçi Nazim Quliyevin həbsləri ilə bağlı olub.
Xatırladaq ki, ölkənin ən çoxtirajlı qəzetlərindən olan “Yeni Müsavat” qəzeti 1993-cü ildən fəaliyyət göstərir və gündəlik çap olunur.

Previous Post

“ÖLKƏ” QƏZETİNƏ QARŞI İDDİA İCRAATA QƏBUL EDİLDİ

Next Post

İSTEHLAKÇILARIN HÜQUQLARI İLƏ BAĞLI MƏTBUAT KONFRANSI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.