Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Nəqliyyat naziri Ziya Məmmədovun oğlu, iş adamı Anar Məmmədovun iddiası ilə Yasamal rayon məhkəməsinin “Gündəm xəbər” qəzeti barədə 10 000 (on min) manat məbləğində ağır cərimə qərarını çıxarmağını pisləyir və bu addımı onsuz da ağır maliyyə problemləri ilə üz-üzə qalan medianın sıradan çıxarılması istiqamətində hakimiyyətin növbəti addımı kimi qiymətləndirir.
Belə ki, sentyabrın 4-də Yasamal Rayon Məhkəməsində hakim Tahir İsmayılovun sədrliyi ilə keçirilən prosesdə nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun “Gündəm xəbər” qəzetinə qarşı CM-in 147-ci maddəsi üzrə qaldırdığı iddia üzrə məhkəmə hökmü elan edilib.
İddiaya səbəb “Olaylar” informasiya agentliyinin, aşağıdakı məzmundan verdiyi məlumatı səbəbə olub: “1998-ci ildən “Yevlax Avtovağzalı” SC-nin rəhbəri olan Bəhram
Məmmədovun əlindən alınmış avtovağzal ərazisi ilə bağlı məhkəmə çəkişmələri 2009-cu ildən davam edir. 2009-cu ilin martından avtovağzal ərazisi hasara alınıb və ora bir avtobus da buraxılmayıb. Bu arada hasara alınmış ərazidə “ZQAN” holdinqin (nəqliyyat naziri Z.Məmmədova məxsusdur) ağır texnikasından istifadə etməklə işlər başlayıb. Avtovağzalın və iki hektarlıq ərazinin faktiki sahibi olan B.Məmmədov əliboş qalıb. O, iki dəfə 1 saylı Bakı İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə inşaatı saxlamaq qərarı çıxarıb, lakin buna məhəl qoyulmayıb”.
RATİ xatırladır ki, “Gündəm xəbər” qəzetinin təsisçisi və redaktoru Şirin Cəfərlinin RATİ-yə verdiyi məlumata görə, sözü gedən xəbər digər KİV-lərdə də gedib və məlumatı “Olaylar” informasiya agentliyinə istinadən veriblər. Amma nədənsə məhkəmə buna məhəl qoymayıb və onsuz da ciddi maliyyə problemləri olan qəzetə qarşı ağır cərimə qərarı verilib. Habelə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi “Gündəm xəbər” qəzetinin təsisçisi Şirin Cəfərinin barəsində CM-in 213.2.2 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi qaldırıb.