AVROPA ŞURASININ QIS SESSİYASINDA İŞTİRAK EDƏN VƏTƏNDAŞ CƏMİYYƏTİ TƏMSİLÇİLƏRİNİN BƏYANATI

fevral 4th, 2011
Milli Məclisin 1 fevral 2011-ci il iclasında spiker Oqtay Əsədov Azərbaycandan Avropa Şurası Parlament Assambleyasına  həddindən çox QHT nümayəndəsinin və  hüquq müdafiəçisinin getdiyini bildirib. Əsədov çıxışında deyib: “bu sessiyada Azərbaycan nümayəndə heyətindən əlavə 25-30 şəxs gedib. Yalnız Azərbaycandan bu qədər insan dəvət olunur və ora gedənlərin birindən də müsbət fikir eşitmirsən.

Biz bunu görmüşük. Elə bil hamısı əvvəlcədən planlaşdırılmış çıxışlardır və  ancaq mənfi formadadır.  Gərək bu məsələlərə diqqət edək”.

 

Biz bu açıqlamanı vətəndaş cəmiyyəti təmsilçilərinə qarşı təzyiq və fəaliyyətimizə müdaxilə kimi qiymətləndiririk. QHT-lərin, o cümlədən hüquq müdafiəçilərinin istənilən beynəlxalq təşkilatın iclaslarına qatılmaq və orada müzakirə olunan mövzular ətrafında müzakirələrdə iştirak etmək və fikirlərini bölüşmək haqqı var. Ölkə Konstitusiyasının 47-ci (fikir və ifadə azadlığı) maddəsi, İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu (ifadə azadlığı) maddəsi və digər yerli və beynəlxalq aktlarda fikir və ifadə azadlığına təminat verilir. Vətəndaş cəmiyyəti təmsilçilərinin bu müzakirələrə fəal cəlb olunmasının zəruriliyi demokratiyanın və plüralizmin əsas şərtlərindən biri kimi Avropa Şurasının çoxsaylı sənədlərində əksini tapıb.

 

Spikerin “gərək bu məsələlərə diqqət edək” kimi açıqlamasını birbaşa təhdid kimi qiymətləndiririk. Biz demokratik cəmiyyətdə yüksək vəzifə tutan şəxslərin belə  məzmunlu çıxışlarının yolverilməz olduğunu vurğulamaqla beynəlxalq ictimaiyyəti, xüsusən Avropa Şurasının Parlament Assambleyasını bu hadisəyə reaksiya verməyə və hüquq müdafiəçilərinə dəstək göstərməyə çağırırıq.

 

 

Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev

 

Demokratiya və İnsan Haqları Resurs Mərkəzinin rəhbəri Əsabəli Mustafayev

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Emin Hüseynov                          

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun nümayəndəsi Rəsul Cəfərov                 

 

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli

 

Demokratiya Monitorunun rəhbəri Fuad Həsənov

 

Azərbaycan (Norveç) İnsan Haqları Evinin rəhbəri Vüqar Qocayev