REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Aqil Xəlilin işi ilə əlaqəli jurnalistlər adından pozğun və provokasiya xarakterli sms-ləri yayan şəxsləri qınayır və bunu həmin jurnalistlərə qarşı mənəvi təzyiq kimi qiymətləndirir.

Belə ki, dünən (050) 588-22-15 və (050) 525-25-31 nömrələrindən Aqil Xəlilin hüquqlarını müdafiə komitəsinin sədri millət vəkili Cəmil Həsənliyə, Azərbaycan Ziyalılar Hərəkatının sədri Eldəniz Quliyevə, “Xalq qəzeti”nin keçmiş baş redaktoru Mahal İsmayıloğluna, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğluna, “Azadlıq” qəzetinin direktoru Azər Əhmədova, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevə, “Zerkalo” qəzetinin siyasi şərhçisi Rauf Mirqədirova və bir çox tanınmış şəxslərə aşağıdakı mətndə sms göndərilib: “Ölmədik bu günü də gördük. Azərbaycan NATO-dan da tez “mavi”lərin ümumdünya assosiasiyasına üzv seçiləcək. Nümayəndə heyətinə sizin hamınızı qəbul etmişik. Mayın 1-də qurumun ilk sessiyasıdır”.
Bu gün isə məlum olub ki, (050) 588-22-15 nömrəsi “Azadlıq” qəzetinin əməkdaşı Fikrət Hüseynliyə məxsusdur. Hüseynli RATİ-yə bildirib ki, dünən axşam saatlarında onun telefonuna mesaj gəlib və mesajda göstərilib ki, “mənə yazdıqlarınızla bağlı söhbət etmək istəyirsinizsə, telefonu açıq saxla, danışarıq”. Bundan sonra Hüseynlinin telefonuna “Xalq qəzeti”nin keçmiş baş redaktoru Mahal İsmayıloğlu zəng vurub və deyib ki, “bu nə məsələdir, ayıb deyil?”  Hüseynli heç bir şey anlamayıb və nə baş verdiyini İsmayıloğlundan soruşub, o isə bildirib ki, “sənin nömrəndən mənə təhqiramiz mesaj gəlib”. Eyni iradlarla bir neçə nəfər Hüseynliyə zəng vurduqdan sonra məlum olub ki, kimsə onun nömrəsindən həmin şəxslərə yuxarıdakı məzmunlu mesaj göndərib. 
RATİ gün ərzində (050) 525-25-31 nömrəsinə zəng vursa da, həmin nömrə qapalı olub.
RATİ-nin araşdırmalarından sonra məlum olub ki, istənilən bir şəxsin adından istənilən digər şəxsə kənardan müdaxilə nəticəsində mesaj göndərmək olar. Bu iki yolla mümkündür. Yollardan biri çip dublikator vasitəsi ilə nömrənin dublikatını çıxarmaqdır. Bu üsul vasitəsilə istənilən telefonun sim kartının əslini bir neçə dəqiqəlik  əldə edib dublikatora salaraq, onun tezliklərinin surətini çıxarıb sonradan həmin tezlikləri yeni boş sim kartın yaddaşına yazmaq mümkündür. Belə olduğu halda kartın əsli söndürülmüş olanda istənilən vaxt dublikat kartdan istifadə etmək mümkün olur. Beləliklə istənilən şəxsin adından onun nömrəsindən istifadə etməklə asanlıqla sms yazmaq olur. Digər yol isə internetdə xüsusi saytlar vasitəsi ilə istənilən şəxsin telefon nömrəsinə sms yazaraq, sms-in sonunda istənilən nömrəni yazmaqdan ibarətdir.
RATİ bu çirkin provokasiya arxasında duranları buna son qoymağa tələb edir. RATİ eyni zamanda təkidlə xüsusi xidmət orqanlarını məsələni araşdırmağa, hakimiyyəti isə Aqil  Xəlilin döyən, bucaqlayam, hədələyən,  şantaj və  təqib edənləri və onların  arxasında duran şəxsləri cəzalandırılmağa çağırır.

Previous Post

AQİL XƏLİL EKSPERT MÜAYİNƏSİNDƏN KEÇİB

Next Post

JURNALİSTİN İDDİASI TƏMİN OLUNMADI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.