Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun “Azadlıq” qəzetinin icraçı direktorunun məhkum edilməsi barədə bəyanatı

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Azadlıq” qəzetinin icraçı direktoru Faiq Əmirliyə qarşı çıxarılmış siyasi motivli məhkəmə hökmünə görə Azərbaycan hakimiyyətini qətiyyətlə pisləyir. Təşkilat hakimiyyəti Əmirlini dərhal azad etməyə, qəzetə və onun kollektivinə qarşı təzyiqlərə son qoymağa çağırır.
 
Əmirli 24 iyul 2017-ci il tarixində Bakının Səbayıl rayon məhkəməsi tərəfindən dini nifrətin salınması və vergidən yayınma ittihamları ilə 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Həbs cəzası ilə yanaşı, məhkəmə Əmirli barəsində 39050 manat məbləğində əsassız cərimə cəzası da çıxarıb.
 
İttiham tərəfi heç bir sübut olmadan Faiq Əmirlini ABŞ-da yaşayan və Türkiyə hakimiyyəti tərəfindən çevrilişə cəhddə ittiham olunan Türkiyəli din xadimi Fətullah Gülənin rəhbərlik etdiyi “Hizmət” hərəkatının Azərbaycan nümayəndəsi və imamı kimi təqdim edib.  
 
Məhkəmənin monitorinqi göstərdi ki, 20 avqust 2016-cı ildə Əmirlini həbs edən hakimiyyət nə istintaq, nə də məhkəmə zamanı irəli sürülmüş ittihamlar üzrə onun günahını sübut edəcək heç bir dəlil ortaya qoymayıb.  
 
Son illər “Azadlıq” qəzeti ilə bağlı baş verən hadisələr göstərir ki, Əmirlinin həbsinin əsas motivi qəzeti bağlanmağa məcbur etmək olub. Belə ki, Əmirlinin həbsindən öncə, hakimiyyətin nəzarətində olan və çap məhsullarının yayımı sahəsində monopoliyaya malik olan firma qəzetə olan 60 min manat məbləğindəki borcunu ödəməkdən imtina etməklə, qəzetin onsuz da ağır olan maliyyə durumunu daha da çətinləşdirib. Maliyyə çətinliklərinin qəzeti zəiflətsə də, onun tənqidlərini zəiflətmədiyini görən hakimiyyət qəzetin icraçı direktorunu həbs edərək onun fəaliyyətini iflic vəziyyətə salmağı qərara alıb. Əmirlinin 2016-cı il avqustun 6-da həbs olunmasından iki həftə sonra, “Azadlıq” qəzetinin nəşri dayanıb. Həmin vaxtdan bu yana, qəzet yalnız veb versiyası vasitəsilə fəaliyyət göstərib. Öz növbəsində qəzetin saytı da Azərbaycan hakimiyyəti tərəfindən məhkəmə qərarı əsasında bloklanmağa başlayıb.
 
“ “Azadlıq” qəzeti ətrafında cərəyan edən dramatik hadisələr Azərbaycanın müasir müstəqil mətbuatının dözülməz dərəcədə çətin bir tarixi dönəmdən keçdiyinin göstəricisidir,” deyə RATİ-nin icraçı direktoru Emin Hüseynov bildirib. “SSRİ-nin süqutunun başlandığı vaxtlarda təsis edilən, sonradan Azərbaycanın ilk müstəqil qəzeti olan “Azadlıq” ilk nömrəsini 24 dekabr 1989-cu ildə buraxıb. 27 ildən artıq bir müddət sonra isə, taleyin faciəvi ironiyasından, bağlanan son müstəqil nəşr də “Azadlıq” qəzeti olub. Nəşrinin dayanmasına qədər isə, “Azadlıq” qəzeti və onun kollektivi öz ofisindən çıxarılıb və onun bir çox əməkdaşı həbs olunub. Onlardan jurnalistlər Seymur Həzi və Elçin İsmayıllı hələ də həbsdədir. “Azadlıq” qəzetinə qarşı repressiyalar elə bir həddə gəlib çatıb ki, xaricdən öz fəaliyyətini davam etdirən jurnalistlərin hətta ailə üzvləri də saxta həbslərə məruz qalıb,” deyə Hüseynov sözlərinin yekununda qeyd edib.
  
Bu gün, bütün dünyanın diqqətinin müstəqil Türkiyə mediasına, o cümlədən “Cümhuriyyət” qəzetinə qarşı səs-küylü məhkəmə proseslərinə yönəldiyi bir vaxtda, RATİ beynəlxalq ictimaiyyəti Azərbaycanda da azad medianın sıradan çıxarılmasına hesablanmış oxşar prosesləri gözdən qaçırmamağa çağırır.
 
RATİ ATƏT, Avropa Şurası, BMT, ABŞ və Avropa Birliyini müstəqil media və jurnalistlərə qarşı repressiyaya son qoyulması üçün Azərbaycan hakimiyyətinə təzyiq göstərməyə çağırır.
 
RATİ Azərbaycan hakimiyyətindən Faiq Əmirlinin və rejimin bütün tənqidçilərinin, o cümlədən jurnalistlər Mehman Hüseynov, Əfqan Muxtarlı, Seymur Həzi, Əziz Orucov,  Nicat Əliyev, Araz Quliyev, Fikrət İbişbəyli, Əfqan Sadıqov, Elçin İsmayıllı, Cavid Şirəliyev, bloggerlər Rəşad Ramazanov və İlkin Rüstəmzadə, yazıçılar Saday Şəkərli və Tofiq Həsənov, eləcə də qraffiti fəalları Qiyas İbrahimov və Bayram Məmmədovun azadlığa buraxılmasını tələb edir.
    
RATİ Azərbaycan hakimiyyətini media və jurnalistlərə qarşı təzyiq və zorakılığın bütün formalarına son qoymağa, bloklanmış müstəqil media qurumlarının internet saytlarına sərbəst girişi bərpa etməyə və müstəqil çap, elektron və onlayn KİV-lərin sərbəst fəaliyyətinə şərait yaratmağa çağırır.
Previous Post

Milli Mətbuat Günü münasibətilə bəyanat

Next Post

Azərbaycanda daha bir müstəqil media qurumuna qarşı ciddi cinayət təqibinin başlanması barədə bəyanat

Start typing to see posts you are looking for.