Azərbaycanda daha bir müstəqil media qurumuna qarşı ciddi cinayət təqibinin başlanması barədə bəyanat

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Turan” İnformasiya Agentliyinə qarşı vergi ödəməkdən yayınma ittihamı ilə siyasi motivli cinayət işi açılması ilə bağlı Azərbaycan hakimiyyətini qınayır və ölkənin azsaylı müstəqil media qurumlarından birinin məhv edilməsi məqsədi daşıyan qanunsuz əməllərə dərhal son qoymağa çağırır.

Belə ki, Vergilər Nazirliyi “Turan” informasiya agentliyindən 37000 manat (22000 ABŞ dolları) məbləğində əsaslandırılmamış vergi borcunu ödəməyi tələb etməklə yanaşı agentliyin fəaliyyəti ilə bağlı növbədənkənar vergi yoxlamasına başlayıb. Öz növbəsində, Vergilər Nazirliyinin hərəkətlərini qeyri-qanuni hesab edən “Turan” agentliyi cinayət işinin başlanması və vergi borcunun tutulmasına dair qərarın ləğvi, habelə əsassız vergi yoxlamasının başlanmasının dayandırılması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edib.

Son beş ildə vəziyyətin monitorinqi Azərbaycan hakimiyyətinin müstəqil KİV və QHT-lərə təzyiq göstərmək üçün fiskal mexanizmlərindən ilk dəfə istifadə etmədiyini aydın şəkildə göstərir. Belə ki, “Xural”, “Gündəm Xəbər” və “Azadlıq” qəzetləri, Azad Avropa/Azadlıq radiosunun Azərbaycan Xidməti, Meydan TV və Kanal13 də qurama vergi ittihamlarının qurbanı olub. Aparıcı hüquq müdafiə təşkilatları da 2014-ci ilin ortalarında oxşar və absurd vergidən yayınma ittihamları ilə üzləşib. Demək olar ki bütün hallarda, bu yoxlamalar rəhbərliklərin həbsi və kütləvi informasiya vasitələrinin və QHT-lərin fəaliyyətinin qismən və ya bəzən tamamilə dayandırılması ilə nəticələnib.

“Bu gün milli iqtisadiyyatın az qala bütün gəlirli sektorlarına öz qohumları vasitəsilə nəzarət edən və xaricdəki offşor hesablara hər il milyardlarla dollar çıxarmaqla dövlət büdcəsini vergi gəlirlərindən məhrum edən hakimiyyət tərəfindən yerli və beynəlxalq ictimaiyyəti hər gün Azərbaycanda və regionda baş verən hadisələr barədə obyektiv və qərəzsiz şəkildə məlumatlandıran müstəqil media qurumunun vergi cinayətlərində ittiham edilməsi siyasi abırsızlıqdan başqa bir şey deyil”, deyə RATİ-nin icraçı direktoru Emin Hüseynov bildirib. “Panama Leaks nəşrlərinə əsasən hazırkı vergilər naziri Fazil Məmmədovun Azərbaycanda vergitutmadan yayınmaq məqsədilə hakim ailənin üzvləri üçün offşor zonalarda saxta şirkətlərin yaradılmasında şəxsən iştirak etməsi yüksək vəzifəli korrupsioner məmurların öz vəzifə mövqeyindən istifadə etməklə “arzuolunmaz” müstəqil KİV-ləri məhv etmək niyyətindən xəbər verir. Azərbaycanın kölgə iqtisadiyyatları dünya üzrə rekord həddə olan ölkələrin utanc verici siyahısına ÜDM-in 67%-nə bərabər bir göstərici ilə başçılıq etdiyi bir vaxtda, hakimiyyət korrupsiya ilə əlaqəli ciddi problemləri üzə çıxaran və göstərən medianı təqib etmək əvəzinə ölkədə şəffaflıq və hesabatlılıq sahəsində təcili islahatlara başlamalı idi”, deyə Hüseynov fikrini tamamlayıb.

RATİ hakimiyyəti KİV-lərin və QHT-lərin saxta vergi və digər siyasi motivli ittihamlarla cinayət təqibinə məruz qoyulmasını dərhal dayandırmağa, həbsdə olan bütün jurnalistləri (habelə bloqçuları, yazıçıları və şairləri) azadlığa buraxmağa, eləcə də KİV və QHT-lərin öz funksiyalarını maneəsiz həyata keçirmələrinə şərait yaratmağa çağırır.

RATİ həmçinin ATƏT, Avropa Şurası və Avropa Birliyinin aparıcı üzv-dövlətlərini Azərbaycan hakimiyyətinə təzyiq göstərməyə və Azərbaycanda söz azadlığına qarşı hücumların arxasında duran yüksək vəzifəli şəxslərə qarşı ciddi sanksiyalarn tətbiqinə başlamağa çağırır.

Previous Post

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun “Azadlıq” qəzetinin icraçı direktorunun məhkum edilməsi barədə bəyanatı

Next Post

RATİ-nin tanınmış azərbaycanlı jurnalist və “Turan” xəbər agentliyinin rəhbəri Mehman Əliyevin siyasi motivli həbsinə dair Bəyanatı

Start typing to see you are looking for.